FED.az peşəkar idarəçi Fəxri Ağayevin peşəkar uğur haqda məqaləsini təqdim edir:
Eləcə də bax: İngilis dilini necə öyrəndim? - FƏXRİ AĞAYEV YAZIR...
Fəxri Ağayev yazır…
Sosial şəbəkələrdə – “Facebook” və “Linkedln” səhifələrimdə sorğu keçirdim: “Azərbaycanda uğurlu peşəkar karyera qurmaq üçün üç vacib məqamı qeyd edin”.
Olduqca maraqlı, klassik və standart cavablar aldım. Əksəriyyət Azərbaycanda uğurlu karyera üçün dayday, güclü qohum, dəstək verəcək ailə, rəhbərin bütün tapşırıqlarını qeyd-şərtsiz icra etmək, qüruru basdırmaq, nazirlikdə işləyən dayın kimi məqamları qeyd etsə də, eyni anda savad, bilik, dürüstlük kimi mövzuları qeyd edənlər də oldu.
Bu gün bizlər Azərbaycanda elə bir dövrdə yaşayırıq ki, həm iş dünyası, həm dövlət qurumları artıq bilik və savada nəinki əhəmiyyət verməyə başlayıblar, o cümlədən, ciddi şəkildə bu tərz insanların axtarışındadırlar.
Bu sorğunun nöqtəsini qoymaq və bu mövzuda müasir iqtisadi reallıqlarda Azərbaycan iş dünyasında uğurlu peşəkar karyera qurmaq üçün lazım olan xüsusiyyətlər haqda məqalə yazmağa qərar verdim.
Daim iş dünyasında aktiv peşəkar idarəçi olduğuma, müxtəlif şirkətlərdə rəhbər işlədiyimə, karyerasını ən alt vəzifələrdən başlayıb, bütün mərhələləri ancaq öz bilik, bacarıq və keyfiyyətləri hesabına keçən bir insan olaraq mən bu məsələlərdə təcrübəmi paylaşmaq istəyirəm.
Bilik və savad haqda yazmıram, çünki bu peşəkar uğurun bünövrəsi və ana parçasdır.
Beləliklə, müvəffəqiyyətli işçini müvəffəqiyyətsiz olandan fərqləndirən nədir?
Karyeranın məqsəd və planları
Uğurlu işçilərin ümumi və təfərrüatlı karyera məqsəd və planları var. Uğursuz olanlar isə iş həyatlarında axınla getməyi tərcih edirlər.
“Gələcək üçün məqsədlərin nədir?” kimi sadə bir suala bir çox insan dəqiq və aydın cavab verə bilmir.
Karyera məqsədləri olan və olmayan əməkdaşlar arasında fərq çox ciddi hiss edilir.
Məqsədləri olanın güclü daxili motivasiyası olur. Onlar uğursuzluqla qarşılaşanda ruhdan düşmürlər. Bu insanları işlərindən ayırmaq və diqqətlərini yayındırmaq çətindir. Məqsədləri olan insan inkişaf üçün artıq həvəsləndirilmiş vəziyyətdədir.
Ən əsası: dəqiq məqsədləri olan işçinin bir çox hallarda eyni dəqiqliklə hazırlanmış karyera və inkişaf planı da olur və bu plana görə o hansı ardıcıllıqla hansı bilik, bacarıq və keyfiyyətlərini hansı alətlər vasitəsi ilə gücləndirəcəyini artıq bilir.
Məqsədləri olmayan insan isə dəniz dalğaları və külək istiqaməti ilə suda çalxalanan əşya parçası kimidir. Hara külək əssə və ya dalğalar hara aparsa, ora da gedəcək.
Nə etməli?
10 il sonra harda olacağınızı düşünün və karyera məqsədlərini dəqiq müəyyənləşdirin və bunlara uyğun plan hazırlayın. Məqsədlərinizi çox böyük təyin edin. Bir suala cavab verin:
“10 il sonra mən kim və harada olmaq istəyirəm?” 10 il sonra olacaq obrazda insanın hansı biliklərə, bacarıq, təcrübə və xüsusiyyətlərə malik olmasını düşünün və yazın.
Daha sonra isə inkişaf planınızı hazırlayın – bir illik. Nələr oxuyacağınızı, kimlərlə ünsiyyətdə olacağınızı, hansı təcrübələri hardan və kimlərdən alacağınızı qeyd edin. Daha sonra isə bütün bunları gündəlik və həftəlik işləriniz siyahısına salın.
Unutmayın ki, gedəcəyiniz ən uzun yol belə kiçik addımlardan ibarətdir. Hər gün karyera yolunuz üçün bir addım atın.
Uğursuzluqlara qarşı dözümlülük
Müvəffəqiyyətli işçilərin uğursuzluqlara qarşı yanaşması belədir: Öz səhvlərimi bir daha gözdən keçirim və işimə davam edim. Müvəffəqiyyətsiz olanlar isə tez ruhdan düşürlər və geri çəkilirlər.
Heç kim hər zaman haqlı olmur. Xüsusilə də karyeraya yeni başlayanlar. Hər bir insanın uğursuzluqları və səhvləri olur. Bəzi insanlar səhvləri analiz edərək, yollarına davam edirlər və heç bir zaman buna görə ruhdan düşməzlər. Onlar anlayırlar ki, insanın reputasiyasına səhvləri zərər vermir. İnsan reputasiyasında səhvi görməmək və onun üzərində öyrənməmək mənfi təsir göstərir.
Unutmayın! Səhv etmək və onu qəbul etmək bir-birindən fərqli məsələlərdir. Səhvin mövcud olması normaldır, onu qəbul forması isə ayrı mövzudur.
Mənim bütün idarəçilik təcrübəmdə səhv edən insanları çox görmüşəm. Hər kəs səhv edir.
Səhvi qəbuletmə formasına görə isə insanları ayırmaq olar: kimisi səhvlərini qəbul etmir, hətta onları danır, kimisi isə səhvləri üzərində işləyir və onları aradan qaldırır.
Nə etməli?
Səhv etməkdən, uğursuzluqdan qorxmayın. “Forbes” jurnalı araşdırmalarına görə ən yaxşı idarəçilər olaraq seçilən bütün şirkət rəhbərləri səhvlər ediblər və onlar öz çıxışlarında bu səhvləri haqqında danışırlar. Səhvlərinizi diqqətlə təhlil edin, səbəbini tapın, bir daha olmaması üçün qərarlar alın və yolunuza davam edin.
Şəxsi effektivlik texnikaları
Müvəffəqiyyətli işçilər şəxsi effektivlik texnikalarına hakimdirlər və daim onlar inkişaf etmək üçün çalışırlar. Müvəffəqiyyətsiz işçilər isə “hər kəs kimi” işləyirlər.
Effektiv işçi ancaq öz gündəlik işləri və birbaşa vəzifə öhdəlikləri üzərində işləyən insan deyil. O, həm də öz gələcək planları və işləri üçün də zaman tapır və daim inkişaf edir.
Bu günlərdə belə müxtəlif vəzifələrdə olan insanlarla və idarəçilərlə işləyərək mən hamısına bir sual verirəm:
“Mənə standart bir gününü danış və nələr etdiyini anlat”.
Bir çox hallar isə görüşdüyüm insanların iş gününü 40-60 faizi qeyri-effektiv keçir: insan öz işlərini daha qısa zamanda və daha da məhsuldar keçirə bilərdi. Belə edən insanın əlavə layihələr, işlər və peşəkar və karyera inkişafı üçün zamanı da olacaq.
Nə etməli?
Özünüz üçün bir illik məqsəd müəyyən edin: 12 ay ərzində 12 yeni şəxsi effektivlik texnikasına malik olmaq. Hər ay yeni bir alət.
Sadə misal: düşünün ki, 10 barmaq çap etmə texnikasına malik olan insan hər gün 30 dəqiqə zamana qənaət etmiş olacaq. Cəmi 30 dəqiqə. İlk baxışda çox az zaman kimi gəlir insana.
Gündə 30 dəqiqə. İldə 250 iş günü olduğunu düşünək.
Bir ildə 7.500 əlavə dəqiqə = 125 saat.
Bir saatda 30 səhifə kitab oxunsa, bu bir ildə 3750 səhifə, yəni 15 kitab deməkdir.
Düşünün: Sadəcə bir vərdiş bir gündə 10 dəqiqə qənaət versə sizə ildə 15 kitab hədiyyə etmiş olacaq!!!
İndi isə bir il sonra 12 vərdişə malik olduğunuzu düşünün.
Nizam-intizam
Müvəffəqiyyətli işçilər bütün mövzularda intizamlıdırlar: işə gecikmədən başlayaraq rəhbəri tərəfindən verilən tapşırığın zamanında təhvil edilməsi üçün gecə səhərə qədər yatmamağa qədər. Müvəffəiyyətsiz olanlar isə hər zaman öz gecikmələri və ya işi zamanında çatdırmadıqları üçün “layiqli” və məntiqli bəhanə tapa bilərlər.
Şəxsi effektivlik texnikalarını bilmək vacibdir. Məsələ ancaq bilməklə məhdud deyildir. Əminəm ki, mənim səsləndirəcəyim bu texnikaların böyük hissəsi bilinir. Vacib olan odur ki, bunları hər gün, hər həftə və hər ay tam vərdiş olaraq bizdə formalaşana qədər durmadan icra etmək lazımdır.
İntizam hər bir müvəffəqiyyətin üzərində qurulduğu çox mühüm bünövrədir. İntizamsız insan təsadüfi şəkildə uğurlu ola bilər, ancaq ilk silkələnmədə bir daha qalxmamaq üçün düşəcək.
Hər zaman bütün əməkdaşlarıma demişəm:
“Bir işi görmək istəməyən insan bunun üçün 1000 bəhanə tapa bilər, ancaq işi icra etmək üçün lazım olan ancaq güclü istəkdir”.
Nə etməli? Qısaca – intizamlı olmaq lazımdır.
Daimi inkişaf
Müvəffəqiyyətli işçilər daim inkişaf edirlər, digərləri isə ancaq rəhbərliyin təzyiqləri altında dəyişirlər və bu zaman belə müqavimət göstərirlər.
Müasir və böyük sürətlə inkişaf edən və dəyişən dünyada artıq ən böyük və ən güclülər qalib olmurlar – artıq ən sürətlilər ön plana çıxırlar. Karyera və peşəkar inkişaf baxımından sürətli olmaq o deməkdir ki, daim inkişaf etmək, irəli getmək, aktiv, aqressiv və dinamik olmaqdır.
Karyeramızda bizim gəlir mənbəyimiz biliklərimizdir və bilik səviyyəmizi, bacarıq və xüsusiyyətlərimizi gücləndirməyəndə zaman keçdikcə geriləmiş olacağıq.
Müvəffəqiyyətli insanlar əsla öz peşəkar inkişaf və gələcək karyera artımlarını şirkətlərə və ya rəhbərlərinə etibar etməzlər və özləri üçün məqsədlərinə uyğun planlar hazırlayar və onları tətbiq edər.
Nə etməli?
Məqsədlərinizə görə bir illik inkişaf planı hazırlayım, bu planı aylara görə böldükdən sonra ayları həftələrə və günlərə bölün və hər gün inkişafınıza zaman ayırın. Çox vacib məqamı unutmayın: ən uzun yol belə addımlardan ibarətdir. Siz öz inkişafınız üçün hər gün heç olmasa bir addım atmalısınız.
Hə gün axşam özünüzə bir sual verin: Keçən 24 saatda mən 10 il sonrakı gələcəkdəki özüm üçün nələr etdim?
İndi isə müvəffəqiyyətli bir insanı təsəvvür edək və ətrafdakı insanların, həmkarların və rəhbərliyin gözlərində necə göründüyünü görək.
Onun karyera məqsədləri var. O, 10 il sonra harada və kim olacağını bilir və buna görə onu bu məqsədinə doğru aparacaq işlərə də çox zaman və enerjisini ayırır. Bu insan uğursuzluqlardan qorxmur. Onun üçün uğursuzluq səhvləri analiz etmək, təkrar düşünmək, qərarlar almaq və yola davam etmək deməkdir. O şəxsi effektivlik texnikalarına hakimdir və işləri həm operativ şəkildə icra edir.
Həmkarlarının səkkiz saata etdiyi işi bu insan beş saatda edir və beləliklə, öz inkişafı və ya yeni işlər və layihələr üçün üç əlavə saatı olur. Bu insan disiplinlidir və nahardan sonra eyni səmərəliliklə işləməyə özünü məcbur edə bilir; hər gün ruhdan düşmədən ön inkişafı üzərində işləyən bu insan digərlərindən disiplini ilə çox fərqlənir.
O, həm də daim inkişaf edir, çünki anlayır ki, karyera inkişafı üçün daim yeni biliklər almaq lazımdır. Bu insan həm də müsbətdir və onun ətrafında olanlar onun enerjisi qidalanırlar.
Gələcəyinizi, peşəkar inkişaf və karyera artımınızı öz əlinizə alın!
Oxu