Son illər ərzində Azərbaycan-Özbəkistan birgə müəssisələrinin sayı 4 dəfə artıb.
Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində - ƏMƏKDAŞLIQ EDƏ BİLƏR
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda bildirilib. Biznes forumda iki ölkənin 250-dən çox şirkətinin nümayəndələri iştirak edib.
Forumda, həmçinin qeyd olunub ki, 2022-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi 6 dəfə, 2023-cü ilin əvvəlindən isə daha 40% artıb. “Dövlət başçıları yaxın illərdə əczaçılıq və neft-kimya məhsullarının, plastik məmulatların, polimerlərin və mədən sənayesi məhsullarının qarşılıqlı tədarükünün də artırılması hesabına bu göstəricinin $1 milyarda çatdırılması ilə bağlı qarşıya vəzifə qoyublar”, - deyə biznes forumda vurğulanıb.
Əməkdaşlığın daha bir perspektivli istiqaməti isə sənaye kooperasiyasıdır. “Son illərdə birgə müəssisələrin sayı dörd dəfə artıb. Bu gün Özbəkistanda Azərbaycan kapitalı ilə 200-dən çox müəssisə fəaliyyət göstərir”, - deyə biznes forumda qeyd olunub.
Hazırda avtomobil istehsalının genişləndirilməsi, Azərbaycanda pambıq-tekstil və ipəkçilik klasterlərinin yaradılması, eləcə də Özbəkistanda tikinti materialları və zərgərlik məmulatlarının istehsalı kimi əhəmiyyətli birgə layihələrin praktiki icrasına başlanılıb.
Eyni zamanda, enerji, metallurgiya, şəhərsalma, əczaçılıq, elektrotexnika, kənd təsərrüfatı və qida sənayesi, habelə neft-qaz sənayesi əməkdaşlığın perspektivli istiqamətləri kimi müəyyənləşdirilib. Forumda metal məmulatların, əczaçılıq məhsullarının, məişət texnikası və tikinti materiallarının birgə istehsalının təşkilinə dair konkret təkliflər səsləndirilib.
Spikerlər hər iki ölkənin iş adamlarını daha fəal əməkdaşlığa dəvət ediblər. Forumun yekunları üzrə akkreditasiya, neft-qaz, kimya sənayesi, mədən sənayesi, əczaçılıq məhsulları və məişət texnikasının istehsalı sahəsində ticarət müqavilələri və investisiya sazişləri imzalanıb.