Ona görə də 2015-ci ilə qədər Şəmkirdə evlərin və torpaqların qiyməti hər il bahalaşırdı. Son 2 ildə isə tendensiya əksinə davam edir. Rusiyadakı bizneslərni qorumaq üçün Azərbaycan vətəndaşları bu rayonda aldıqları bəzi əmlakları pula çevirməyə başlayıblar. Bir sıra əmlak sahibləri əmlakı aldıqları qiymətdən də aşağı məbləğə satmağa çalışırlar. Bu barədə “Daşınmaz əmlak”a məlumat verən əmlakçı Fikrət Cəfərli bildirib ki, bir müddət əvvəl 250 min manata aldıqları torpağı indi 50 min dollara satırlar. Digər rayon sakini 100 min manata aldığı əmlakı 60 min manata satışa çıxarıb.
Bu səbəbdən Şəmkirdə evlərin, obyektlərin qiymətində artım yoxdur. Əvəzində torpaqların qiyməti bahalaşıb. Əmlakçılar bunu satışa çıxarılan torpaq sahələrinin azalması ilə izah edirlər.
Ən bahalı mənzil hansıdır?
Şəmkirdə son 2 illə müqayisədə evlərin və mənzillərin qiymətində dəyişiklik olmayıb. Fikrət Cəfərli deyir ki, hazırda rayondakı bina evlərində satılan 1 otaqlı mənzillər çox azdır. Ona görə də onların qiyməti digərləri ilə müqayisədə bahadır. Şəhərin mərkəzində H.Əliyev prospektində yerləşən binalarda təmirsiz 1 otaqlı mənzil 20-22 min manata, təmirli isə 22-25 min manata təklif edilir. Qiymətlər binanın mərtəbəsindən asılı olaraq dəyişir.
2 otaqlı təmirsiz mənzil - 25-27 min manat, təmirli 27-30 min manat,
3 otaqlı təmirsiz – 25-30 min manat, təmirli – 35 - 40 min manat,
4 otaqlı təmirsiz – 35- 37 min manat, təmirli 38-40 min manat.
Mərkəzdən kənarda isə qiymətlər bir qədər fərqlidir. Sarvan Salmanov, (“SUM 28” adlanan ərazi) Əhməd Cavad küçələrində 2 otaqlı mənzillər 25-28 min manata, 3 otaqlılar isə 26-30 min manata təklif edilir.
Kirayəyə ev tapmaq müşkülə çevrilir
Vətəndaşlar binadan mənzil alarkən daha çox 2-ci və 3-cü mərtəbələrə üstünlük verirlər. Ona görə də həmin mərtəbələrdə qiymətlər digərlərinə nisbətən baha olur. Əmlakçı qeyd edib ki, mənzillər, əsasən, yaşayış üçün alınır. Kirayə verərək əlavə vəsait əldə etmək məqsədilə evlərə investisiya edilməsi halları azalıb. F.Cəfərlinin sözlərinə görə, Şəmkirdə kirayə evlərə tələbat az olduğundan bu sahə investisiya üçün əlverişli sayılmır. Ancaq kirayə qiymətləri aşağı deyil.
“Əslində Şəmkirdə kirayə verilən ev çox azdır. Olanda da baha qiymətə təklif edirlər. Burada kirayə qiymətləri 200 manatdan başlayır. Belə evlərdə daha çox yerli və xarici şirkətlərdən gəlib Şəmkirdə işləyən şəxslər və hərbçilər arasında tələbat var. Ona görə də qiymətlər bahalaşıb”.
Bina evlərinin kirayə qiymətləri 200-300 manat arasında dəyişir. Komfortlu həyət evləri və villarda isə bu rəqəm 400-500 manatdır. Burada yaşayış üçün bütün şərait qurulub. Evlərin isitmə və soyutma sistemləri, kommunal və sanitar qovşaqları, mətbəxdə bütün elektrik avadanlıqları qurulub. Otaqlar mebellərlə tam təmin edilib.
Alman məhəlləsinin dəyəri
Həyət evlərinin qiymətləri isə yerləşdikləri məhəllələrdən və ətrafındakı torpaq sahəsinin ölçüsündən asılı olaraq dəyişir. Onların ən ucuzunun qiyməti 50 min manatdan başlayır. Bu məbləğə şəhərin mərkəzindən kənarda - Qaryağdı, Kosalılı, Xırman adlanan ərazilərdə, Əhməd Cavad küçəsində ev tapmaq olar. Bu ərazilərdə 70-80 min manata, 100 min manata təklif edilən evlər də vardır.
“Alman məhəlləsi” adlanan ərazidəki 5 ardıcıl küçədə də evlərin qiyməti bahadır. Hələ 19-cü əsrin sonlarında Almaniyadan Cənubi Qafqaza sürgün edilən almanların bir qismi Şəmkirdə məhz bu ərazidə məskunlaşıblar. Onların tikdiyi bir sıra evlər, məhəllələr sökülüb yenidən qurulsa da bu 5 küçə - Səməd Vurğun, Həzi Aslanov, Sabir, Nizami, İsrafil Məmmədov küçələrindəki alman evləri tarixi abidə və turistik məkan kimi qorunub saxlanılır. Hətta həmin ərazinin gələcəkdə qoruq olması barədə söhbətlər də səslənir. Ona görə də “Alman məhəlləsi”ndə evlərin qiyməti digərlərindən bahadır. Burada küçəyə baxan evləri 80 -100 min manata təklif edirlər. Həyətyanı torpaq sahəsi daha çoxolan evlərin satış qiyməti isə 150-200 min manatdır.
Obyektə çevrilən evlərin qiyməti yüksəldi
Mərkəzdə, yol kənarında, obyektlərə yaxın ərazilərdə yerləşən evlərin sökülərək kommersiya tikililərinə çevrilməsi tendensiyası Şəmkirdə də mövcuddur. Bu da köhnə evlərin qiymətini dəfələrlə artırır. Əmlakçı bunun səbəbini həmin ərazilərdə boş torpaq sahələrinin az olması ilə əlaqələndirib:
“Məsələn, şəhərin mərkəzinə yaxın yerdə 200 kvadratmetr sahəsi olan evi 80 min manata satırlar. Çünki onu alan adam sabah söküb obyektə çevirəcək. Ancaq ev kimi istifadə etsələr, həmin əmlakın real dəyəri 30-40 min manat olardı. Və ya başqa bir sakin kürsülü orta səviyyəli evini 150 min manata təklif edir. Çünki həmin evi sonradan obyektə çevirəcəklər”.
F.Cəfərli deyir ki, Şəmkirin mərkəzində 15 sot torpağı olan köhnə tikili evi 300 min manata təklif edirlər. Köhnə evlərin sökülüb yerində kommersiya obyektlərinin tikilməsi onların qiymətini digərlərinə nisbətən dəfələrlə bahalaşdırıb.
Qiymətlərin baha olması həm də şəhərin mərkəzində satılan evlərin sayının az olmasıdır. 2 mərtəbəli evlər, eləcə də villaların qiyməti isə 200-250 min manat arasında dəyişir. Həyətyanı torpaq sahəsi böyük olan villaların qiyməti isə daha bahadır - 300 -500 min manat. Şəmkirdə hətta 1 milyon manata satılan villalara da rast gəlmək mümkündür.
Torpaq qiymətləri kəskin fərqlənir
Rayonun məhşur yaşayış məntəqəsi olan Çinarlı qəsəbəsində evlər 100-150 min manata təklif edilir. Buna baxmayaraq burada torpaq digər məntəqələrə nisbətən ucuzdur. Çinarlıda həyətyanı torpağın 1 sotu 2 min manatdır. Kənd təsərrüfatı üçün nəzərdə tutulan pay torpağının 1 hektarı isə 10 min manata təklif edilir. Kür qəsəbəsində isə pay torpağının 1 hektarının qiyməti 5-10 min manat arasında dəyişir. Həyətyanı torpaq sahələrinin sotu isə 1500-2000 manatdır.
Şəhərin mərkəzində isə torpaq çox az olduğundan qiymətlər dəfələrlə bahadır. F.Cəfərlinin sözlərinə görə, əsas küçələrdə 1 sotu 15-20 min manata satılır. Mərkəzdən bir qədər aralıdakı ərazilərdə isə qiymətlər 5-10 min manat arasında dəyişir.
Şəhərin kənarında yerləşən Qaryağdı, Xırman adlanan ərazilərdə həyətyanı torpağın sotu 3-5 min manatdır. Kosalılıda isə bir qədər də ucuz - 2-3 min manata təklif olunur. “Kraz yolu” adlanan yolun ətrafında isə bələdiyyənin mülkiyyətində olan torpağın 1 sotu 1000-2000 manatdır.
Ən ucuz həyətyanı pay torpağı “İpək yolu” kimi tanınan Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsinin ətrafındadır. Burada qiymətlər 1 sot üçün 300-500 manat arasında dəyişir. Ancaq digər qəsəbələrlə müqayisədə burada pay torpağı daha bahadır - hektarı 30-50 min manata başa gəlir. Yoldan yaşayış məntəqələrinə doğru getdikcə isə qiymətlər 20 min manat, 15 min manata enir. Magistraldan uzaqda yerləşən sahələrdə isə torpağın 1 hektarı 10 min - 5 min manata qədər qiymətlərə təklif edilir.
İstixana (parnik) sahələrinə yaxın ərazilərdə də qiymətlər yüksəkdir. Orada torpağı əsasən istixana tikmək üçün alırlar. Ona görə də 1 hektar torpağın qiyməti 30-50 min manata başa gəlir.
Otel, şadlıq evi, bank binası da satılır
F.Cəfərli Şəmkirdəki kommersiya obyektlərinin qiymətlərini də açıqlayıb. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən və hazırda işləyən obyektlərin qiyməti digərlərinə nisbətən daha bahadır. Həmin obyektlərin kvadratmetri 1000-1500 manata təklif edilir. Hələki işləməyən, lakin perspektivli hesab edilən obyektlərin kvadratmetri isə 800-1000 manat arasında dəyişir:
“İndi şəhərdən bir qədər kənarda, tam təmirli 1 obyekt satılır. Sahəsi 85 kvadratmetrdir, sahibi 85 min manatdan aşağı satmır. Yaxınlıqda yerlşən başqa bir 4 mərtəbəli obyekt 600 min manata təklif olunur. Qiymətlər yerinə və sahəsinə görə dəyişir”.
Şəhərin mərkəzində isə obyektlərin qiymətləri 300 min – 1 milyon manat arasında dəyişir. Müasir üslübda tikilən şadlıq sarayı 1,5 milyona satışa çıxarılıb. 400 min manata otel də almaq mümkündür.
Bir müddət əvvəl “Dəmirbank”ın sifarişi ilə inşa edilən bina da satışa çıxarılıb. Obyektin qiyməti 500 min manat müyyən edilib. Binaların altında yerləşən obyektlər isə demək olar ki, satılmır. Həmin ərazilərdə obyektlər kvadratmetri ayda 5-10 manata icarə verilir. Məsələn, sahəsi 80-100 kvadratmetr olan əmlakı 500 manata icarəyə vermək təklif edilir.
Şəmkirdə şəhər ətrafında və kəndlərdə kənd təsərrüfatı obyektləri də almaq mümkündür. Maldarlıqla məşğul olmaq üçün əlverişli sayılan tövlələr ətrafındakı torpaq sahəsi ilə birgə 300 min - 500 min manata təklif edilir. Gələvar adlanan ərazidə isə bu qiymət 120-150 min manat arasında dəyişir.