2025-ci ilin yanvar-may aylarında Azərbaycana idxal edilən minik avtomobillərinin sayı və ümumi dəyəri ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk 5 ayında ölkəyə 39 009 ədəd minik avtomobili gətirilib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 31 954 ədəd idi. Beləliklə, idxalda 7 055 ədəd və ya 22,1% artım qeydə alınıb.
2025-ci ildə minik avtomobillərinin idxal dəyəri 709 milyon 137 min dollar, 2024-cü ildə isə bu məbləğ 567 milyon 602 min dollar olub. Bu da dəyər baxımından 141 milyon 535 min dollar və ya 24,9% artım deməkdir.
Cari ildə bir minik avtomobilinin orta idxal qiyməti 18min 179 dollar (30 min 904 manat) təşkil edib. Bu isə ötən ilin eyni dövründəki 17 min 763 dollarla (30 min 197 manat) müqayisədə 416 dollar (707 manat) və ya 2,3% daha bahadır.