"Women Bankers Club"-un "Uğur hekayəsi" adlı yeni layihənin ilk qonağı Kapitalbank-ın Insan Resursları Departamentinin Direktoru Fərganə xanım Məmmədova oldu.
-Fərqanə xanım, siz ən parlaq və peşəkar qadın bankirlərdən birisiniz, siz bir çoxları üçün motivasiya nümunəsisiniz. Hansı şəxsi keyfiyyətləriniz Sizə hədəflərinizə çatmağa, irəliləməyə kömək edir?
Qızla tanış ola bilmədi, milyonluq layihə yaratdı – STARTAP
Fərqanə Məmmədova: Əvvəla mən deməzdim ki, mən parlaq qadın bankirəm, yəqin ki, mən daha çox göz qarşısında olan “HR” mütəxəssisiyəm (red: gülür). Ətrafımda olan hamı bilir ki, mən zəhmətsevər insanam, işləməyi çox sevirəm, öz üzərimə məsuliyyət götürməyi bacaran və daima öz üzərimdə işləyən insanam. Düşünürəm ki, bu iki keyfiyyət mənə iri həcmli iş yükü ilə bacarmağa kömək edir. Hər hansı bir yeni layihəyə başladığım zaman, hər hansı bir mərhələdə yeni bilik və bacarıqlara ehtiyac duyduğum zaman mən tənbəllik etmirəm və bu sahədə biliklərimi artırmağa başlayıram. Mənim üçün gördüyüm işin keyfiyyətli və effektiv olması çox vacibdir.
-Necə düşünürsünüz, hansı nailiyyət sizin həyatınızda əldə etdiyiniz ən vacib nailiyyət olub? Sizin üçün yeni hədəflərin sürətləndirici faktoru nədir?
Fərqanə Məmmədova: Əslində bank sektorunda məndən daha yaxşı nailiyyətlər əldə etmiş insanlar var desəm yanılmaram (red: gülür). Lakin, yalnız mənim nailiyyətlərimdən danışırıqsa, deyə bilərəm ki, hazırda mən ölkəmizin ən iri və müvəffəqiyyətli banklarından birində İnsan Resursları Departamentinin rəhbəriyəm. Hazırda bankımızda mövcud prosesslər və dinamika hər zəhmətsevər işçinin xəyalıdır. Son illər ərzində biz həqiqətən çox iri iş həcminin öhdəsindən gəlmişik, biz təkcə filiallarımızın xarici görkəminin dəyişdirilməsinə deyil, həmçinin, xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmuşuq. Bu proseslərin həyata keçirilməsində isə bizim departamentimizin rolu az olmamışdır.
-İnsanlarda hansı şəxsi və peşəkar keyfiyyətləri daha çox qiymətləndirirsiniz?
Fərqanə Məmmədova: Məsuliyyət məsələsinə tez-tez qayıdacağıq, mənim üçün bu ən vacib faktordur. Mən hesab edirəm ki, hər bir işçi öz fəaliyyət sahəsi üzrə məsuliyyət daşımalıdır. Mən kommunikativ, açıq, ünsiyyətdə sadə, öz fikirlərini ifadə etməyi, öz mövqeyini müdafiə etməyi bacaran insanları dəyərləndirirəm. Bəzən iş prosesi zamanı mən insanların potensialının, daxili aləminin açılması üçün situasiyalar yaradıram, bu vasitə ilə biz istedadları müyyənləşdirə bilirik. Mənim üçün insanlarda sağlam şəxsi keyfiyyətlərin olması çox önəmlidir. Mən həqiqi peşəkarlığa, dərin biliklərə köklənən ambisiyalara dəyər verirəm, lakin öz hədəflərinə çatmaq üçün iş yoldaşlarına badalaq gəlməkdən, yolunda duran maneələri, istənilən mənəvi qaydaları məhv etməkdən çəkinməyən insanları qəbul edə bilmirəm. Məhz bunu nəzərə alaraq, öz komandama seçdiyim hər namizədi diqqətlə nəzərdən keçirirəm, bir-birinə dəstək, sağlam kommunikasiya, düzgün və humanist qərarvermə bacarıqlarının olmasına əhəmiyyət verirəm. Bir dəfə sosial şəbəkədəki səhifəmdə “İR menecerinin 10 prinsipi” adlı bir məqalə bölüşmüşdüm. Yadımdadır, mənim bu paylaşımımdan sonra bir çox tanışlarım bu informasiyanı oxuduğum mənbə ilə bölüşməyimi xahiş etmişdilər, halbuki paylaşdığım prinsiplər mənim öz peşəkar təcrübəmdən götürülmüşdü. Məsələn, bu prinsiplərdən biri belə səslənir: “İşə yüksək motivasiyası olan insanları götürün. Motivasiyası olan işçinin öyrədilməsi, ağıllı tənbəlin motivasiya edilməsindən daha asandır”. Əlbəttə, bu o demək deyil ki, işə heç bir potensialı olmayan insanları götürmək lazımdır, lakin qəbul etməliyik ki, insanda müəyyən keyfiyyətləri inkişaf etdirmək xasiyyət dəyişdirməkdən daha asandır.
-Fərqanə xanım, müəssisənizə, strukturunuza uyğun olmayan insanları necə müəyyən edirsiniz?
Fərqanə Məmmədova: Mən uzun müddət psixologiyanı mütaliə etmişəm, insan psixotipləri, davranış modelləri və münaqişə tipli şəxsiyyətlər üzrə maraqlı biliklərim var. Əlbəttə ki, bir çox kolleqalarımda olduğu kimi mənim də insanları avtomatik qiymətləndirmə bacarığım var. Bu illərlə formalaşdırılmış iş təcrübəsi nəticəsində yaranmış mexaniki intuisiyadır. Biz eyni struktura vəzifənin profili və səriştələri üzrə təmamilə fərqlənən insanlar işə qəbul edə bilərik. Məsələn, bizim İnsan Resursları Departamenti bir neçə şöbədən ibarətdir, onlardan birində aktiv, yüksək kommunikasiya bacarıqlarına malik əməkdaşlar çalışır, digərində yüksək kommunikasiya qabiliyyəti tələb edilməyən, işləri rəqəm və hesablamalardan ibarət analitiklər çalışır, əgər kadr seçimi zamanı səhvə yol verəriksə, iş yerlərində maraqlarının olmaması ilə üzləşə və sonradan kadrlarımız itirmək ehtimalı problemini yaşaya bilərik. Mən düşünürəm ki, İR-da şirkətin digər əməkdaşlara yardım edən, onları dəstəkləyən, insanlar çalışmalıdır, əks təqdirdə strukturun fəaliyyəti qeyri-effektiv olacaqdır. Son zamanlar İR-nın mahiyyəti çox dəyişmişdir: xatırladığımız kimi əvvəllər İR-da dəqiq, çalışqan insanlar işləyə bilirdi, onlar əmr və müqavilələr hazırlamaqla məşğul olurdular. Bu gün bütün sadalananlar strukturumuzun vacib funksiyalarından hesab edilir, lakin bunlarla bərabər aktual olan yeni istiqamətlər də mövcuddur. Burada analitik, strateji düşüncə tərzi, hesablama aparma bacarıqları tələb olunur. İldən-ilə əmək bazarının tələbləri də dəyişir, artıq “digital İR” tələbi yaranmaqdadır. Sizə kiçik bir sirr açacağam. Mən adətən departamentə işçi seçərkən onlar ilə standart müsahibə aparmıram, mən onlarla sadəcə söhbət edirəm və apardığm söhbət zamanı onların peşəkar və şəxsi keyfiyyətlərini üzə çıxarıram. Adətən namizəd müsahibə olarkən onunla işləyib-işləməyəcəyim barədə qərar qəbul edirəm. Müsahibə zamanı mən tez-tez mövqe tələb edən suallar istifadə edirəm, insanın davranışının göstərilməsini hədəfləyirəm, bu insan haqqında daha çox məlumat əldə etməyə yardım edir. Müsahibə zamanı bəzi sualları tez-tez təkrarlayıram və öncə verilən cavabları müqayisə edirəm. Ümumilikdə müsahibə prosesi maraqlı olmaqla bərabər həm də çox məsuliyyətlidir. Verəcəyimiz qərardan həm namizədin, potensial işçinin taleyi, həm də bankın yüksək keyfiyyətli kadrlarla təmin edilməsi asılıdır.
-Siz ictimai fəaliyyətlə məşğul olursunuz, məhsuldar çalışırsınız, sertifikatlaşdırılmış kouçsunuz, Siz ana və həyat yoldaşısınız, bu qədər enerjini və gücü hardan alırsınız? Sizin ilham mənbəyiniz nədir?
Fərqanə Məmmədova: Yenə də kiçik bir etirafım olacaq, bu çox da asan deyil. Şəxsi həyatla iş arasında balansı saxlamaq asan olduğunu desəm səmimi olmayacaq. Bir tərəzi təsəvvür edin, həyat dövrlərindən və vəziyyətindən asılı olaraq o tərəzi gah ailə tərəfinə gah da iş tərəfinə ağırlaşır, çox nadir hallarda tərəzi eyni səviyyədə qala bilir.
Gücü hardan alıram? Düşünürəm ki, bu daha çox mənim təbiətim ilə bağlıdır, mən sadəcə işləməyi çox sevirəm və işləmədiyim təqdirdə çox darıxıram (düzdür, son zamanlarda darıxmağa vaxt olmur). Nahar fasiləmin yarısını belə iş məktublarının nəzərdən keçirilməsinə, cavab məktublarının yazılmasına həsr edirəm. Düşünürəm ki, işəgötürən üçün bu çox yaxşıdır, mənim üçün isə o qədər də deyil (red: gülür).
Mənim əsas ilham mənbəyim isə qızımdır. Əhval-ruhiyəmin pis olduğu, ruh düşkünlüyü olduğu anlarda belə onun bircə təbəssümü, məni qucaqlaması, bütün neqativi arxada qoyur. Onun çox iti dili və yaxşı yumor hissi var. Bankımızda filial şəbəkəsinin transformasiya prosesləri gedərkən işdə çox vaxt keçirməli və evə gecə yarısı qayıtmalı olurdum. Bu cur günlərin birində evə o qədər yorğun gəlmişdim ki, dəhlizdə ayaqqabılarımı çıxarıb səssizcə yerə oturdum, otağıma keçməyə gücüm qalmamışdı. Elə bu anda qızım mənə yaxınlaşıb söylədi ki, “Ana, özünü pula görə bu vəziyyətə salmaq olmaz!”. Əlbəttə, ona yorğun olduğum üçün bunu təkcə pul xatirinə etmədiyimi söyləyə bilmədim, lakin onun bu qeydi məndə təbəssüm yaratdı və bu an özümü daha yaxşı hiss etdim. Qızımın bu sözləri, məni yaxşıca silkələdi. O həmişə mənə öz fikrini söyləyir, mübahisə edir, sübüt edir və çox vaxt düzgün söylədiyini isbatlayır. Məsələn, o hesab edir ki, mən və həyat yoldaşım həddindən artıq işləyirik və o bizə deyir: “Ata, Ana, Siz işləyirsiz, amma həyat sizdən kənar keçir”, lakin eyni anda mən ona işimi buraxıb evdə oturmağımı təsəvvür etməyini xahiş etdikdə o bu barədə ciddi düşünərək, “Yox, Ana, sən bunu etməməlisən, sən evdə darıxacaqsan. Mən narazı Ana istəmirəm” demişdi.
Mən həmçinin gücü və enerjini səyahətlərdən də ala bilirəm, səyahət etməyi çox sevirəm, həm də mənim yaxşı enerji ehtiyyatım və stressdən, yorğunluqdan özünübərpaya malik təbiətim var. Bəzən yorulduqda azacıq deyinirəm və baş verənlərə izahat taparaq pozitiv dalğaya köklənməyi bacarıram.
-Sizin riayət etdiyiniz, heç vaxt dönmədiyiniz həyat deviziniz və ya prinsipiniz, qızıl qaydalarınız varmı?
Fərqanə Məmmədova: Yəqin ki, var.…Məsələn, mən düşünürəm ki, pisliyin ayaq almasına göz yummamalıyıq, o bizdən yan keçməməlidir. Əgər hər bir insan, özünü yaxşılıq dalğasına kökləyərsə, bundan mütləq yaxşı bir şey alınacaq. Əlbəttə ki, dünyanı dəyişdirə bilmərik, lakin ən azından yaxın çevrəmizə təsir edə bilərik, pisliyə pislik ilə cavab verməyib, kinli olmaya bilərik, bağışlamağı öyrənə bilərik. Mənim üçün hər hansı bir məsələ üzrə öz mövqeyimin olması, onu ifadə edə bilməyim çox vacibdir, lakin eyni zamanda insanın hər şeyin ölçüsünü bilməsi, vəziyyəti düzgün qiymətləndirə bilməsi və prioritetləri düzgün qoya bilməsi çox vacibdir. Mənim həyatdakı daha bir vacib qaydam – öz məqsədimə çatmaq üçün digər insanlara badalaq gəlməməkdir. Məhz buna görə öncə düzgün insanlarla işləməyə üstünlük verdiyimi söyləmişdim, mənim üçün insani keyfiyyətlər çox vacibdir. Mən insanlara sosial statuslarına, cəmiyyətdəki yerinə görə davrananları sevmirəm. Evlərindəki problemləri iş yerinə gətirən və hirsini işçilərinə tökən rəhbərləri anlamıram. Bu o demək deyil ki, mən, rəhbər kimi işçilərimi danlamıram, mən həmişə əməkdaşlarımla dialoqda oluram, vaxtında onların işdə etdikləri səhvləri müzakirə edirəm, nail olduqları yaxşı nəticələrə və müvəffəqiyyətə görə isə tərifiləyirəm. Mən “toplanıb partlayan effekt” tərəfdarı deyiləm, məni narahat edən məqamları dərhal əməkdaşımla müzakirə etməyə üstünlük verirəm. Həmçinin əgər əməkdaş qarşısına qoyulan hədəflərə çatmağa müvəffəq olubsa, bütün kollektiv qarşısında onu tərifləyirəm, düşünürəm ki, tərif mütləq kütlə qarşısında həyata keçirilməlidir.
-Fərqanə xanım, hazırda siz öz biliklərinizi digərləri ilə paylaşan bir peşəkarsınız. Yəqin sizin də peşəkar yolunuza sizi düzgün yönləndirən, öyrədən şəxslər olmuşdur. Öz qadın marağımızı işə salıb müəllimlərinizin kim olduğunu soruşmayacağıq, amma bizə maraqlıdır, onlardan aldığınız əsas dərslər və göstərdikləri istiqamətlərdən hansı biri həyatınızda uğur qazanmağa kömək etmişdir?
Fərqanə Məmmədova: Düzünü desəm, mən hər hansı bir xüsüsi müəllim adı çəkə bilməyəcəyəm, mən həmişə yaxşı nədirsə onu mənimsəməyə can atmışam, ən yaxşı təcrübələri toplamışam. Beynəlxalq şirkətdə işlədiyim zaman mənim bir kolleqam – beş uşaq anası idi, lakin o, daima öz üzərində çalışardı, oxuyardı, səyahət edərdi, eyni anda da o qayğıkeş ana, evdarlığın öhdəsindən gələn xanım və yaxşı işçi idi. Mən həmişə ona valeh idim. Mən düşünürəm ki, ünsiyyətdə olduğumuz hər peşəkar, yüksək təhsilli insan bizə faydalı təcrübə qazandırır və taleyimizdə iz buraxır, şüuraltı məlumat şəklində toplanaraq müəyyən həyati şəraitdə tətbiq edəcəyimiz vasitəyə çevrilir.
-Sizcə müasir müvəffəqiyyətli menecer hansı vacib şəxsi keyfiyyətlərə malik olmalıdır?
Fərqanə Məmmədova: Lider və menecer bir qədər fərqli anlayışlardır. Siz çox yaxşı menecer ola bilərsiniz, lakin eyni anda təbiətcə lider olmaya bilərsiniz. Mənim üçün yaxşı menecer qərar verməyi bacaran, üzərinə məsuliyyət götürən, işçilərinin qarşısına çatması mümkün, aydın hədəflər qoyan peşəkardır. Mən vəzifə tutan, lakin qərar qəbul edə bilməyən rəhbərləri qəbul edə bilmirəm. Həmçinin düşünürəm ki, menecer və liderin emosional zəkası mütləq yüksək olmalıdır. İndi hamı bu haqda danışır, lakin çox az insan özünü qiymətləndirib, özündə çatışmayan cəhətləri üzə çıxartmağa can atır. Öz emosialarını anlamayan, onları idarə edə bilməyən menecerlərə görə nəticədə əməkdaşlar əziyyət çəkir. Son zamanlar mənə qeyri-effektiv komandalara təlim keçməyim üçün müraciət edirlər. Bir çox hallarda komandanın qeyri-effektivliyinin səbəbi, zəif, əməkdaşlarını dinləməyi bacarmayan, işçilərini iş yoldaşı kimi deyil, tabeçiliyində olanlar kimi qəbul edən menecer olur.
-Yəqin ki, növbəti sualımız yeni başlayan rəhbərlərin bir çoxuna maraqlı olacaqdır. Xoş təsir bağışlamayan qərarlar vardır ki, o qərarları alarkən menecer komanda ilə də münasibətlərin korlanmamasına nail olmalıdır. Siz, belə böyük təşkilatda bu balansı necə qura və saxlaya bilirsiniz?
Fərqanə Məmmədova: Mən həmişə insanlarla danışıram. Əgər sən insanları xoşbəxt etmək istəyirsənsə: Get və dondurma sat! Lakin, insanları idarə edərkən rəhbər ilk növbədə işini görməlidir, işini düzgün gördüyü halda isə insanlar onsuz da xoşbəxt və razı olacaq. Daha bir vacib məqam odur ki, rəhbər əməkdaşlarını informasiya blokadasında saxlamamalı, onlar ilə bölüşməyi bacarmalıdır. Məsələn, əgər siz qeyri-effektiv işçini işdən azad etmisinizsə, kollektiv onun işdən azad edilmə səbəblərini özləri düşünüb aralarında mühakimə edəcəklər. Verdiyiniz qərar barədə onun düzgünlüyünü sübut etməyə çalışmadan, xırdalıqlara getmədən, işçilərinizə xəbər verməyiniz və məsələni əsaslandırmağınız yetərli olacaqdır.
-Fərqanə xanım, tezliklə əmək bazarına Z nəsil çıxacaqdır, onlar proqressiv düşüncəyə malik, yüksək ambisiyalı gənclərdir. Sizcə işəgötürənlər nəyə hazır olmalıdır? Övladımızın gələcəkdə müvəffəqiyyətli karyeraya sahib olması üçün bu gündən hansı bacarıqlara yiyələnməlidir?
Fərqanə Məmmədova: Çox yaxşı sualdır. Mən düşünürəm ki, işəgötürənlər arxayınlığa son verib, daha çox imicləri və İR brendi üzərində çalışmalıdırlar. Biz kolleqalarla tez-tez əmək bazarında yaxşı kadr qıtlığı olduğunun hiss edilməsi haqqında müzakirələr aparırıq. Düşünürəm ki, işəgötürənlə bərabər iş axtaranların da öz seçimlərini etmə erası başlamışdır. İş axtaranın seçimi sizin şirkət olması üçün ona lazımi iş və inkişaf şəraitinin yaradılması vacibdir.
Övladın təhsili məsələsinə gəldikdə isə, deyə bilərəm ki, övladınızda özünə güvənin inkişaf etdirilməsini əsas faktorlardan biri hesab edirəm. Övladınızı eşitməyi bacarın, ona seçim etmək imkanı verin, lakin daima yanında olaraq gözə görünmədən, israr etmədən onu düzgün istiqamətə yönəldin, dəstəkliyin və sonda yekun qərarın onun tərəfindən sərbəst verildiyini göstərən abu-hava yaradın. Valideyn kimi biz övladlarımızın potensialını düzgün qiymətləndirməyi öyrənməliyik. Əlbəttə ki, hər valideyn üçün övladı ən ağıllı və istedadlıdır, lakin daxilən biz anlayırıq ki, bu belə deyil. Övladınızın istedadını axtarmaq nəinki düzgün, hətta deyərdim ki, zəruridir. Əgər övladınızın musiqiyə marağı yoxdursa, onu məcbur etməyə dəyərmi?… Həmçinin mən düşünürəm ki, hazırda nəinki bilik həmçinin məlumatlı olma erasıdır, əhatəsində baş verənlərdən xəbərdar, geniş dünyagörüşünə malik, daxilən zəngin insanlar daha çox diqqət cəlb edir və namizəd kimi daha maraqlı olur.
-Fərqanə xanım, sonda, bizim «Women Bankers Club»-a nə arzulayardınız?
Fərqanə Məmmədova: İlk növbədə sizə bu təşəbbüs üçün təşəkkürümü bildirirəm. Bildiyimiz kimi ünsiyyət, təcrübə bölüşmə üçün gedə biləcəyimiz bir çox ictimai klublar və cəmiyyətlər var. Lakin, sizin klubdakı xoş və dost abu havası mənə daha maraqlı gəldi. Bu xoş abu havanı qorumağa çalışın.
Mən arzu edirəm ki, siz daha çox maraqlı görüşlər keçirəsiniz, təkcə protokol üzrə deyil, həm də üzvlərin maraqlarını əhatə edəcək, tematik təlimlər, təcrübə mübadilələri, aktual olan məsələləri sərbəst şəkildə müzakirə edə biləcəyimiz, ortaq maraqlar üzrə birgə görüşlər təşkil edəsiniz. Sizə gələcək işlərinizdə də uğurlar arzu edirəm!