Daima ideya axtarışındadır, onun fikrincə, yalnız yeniliklərlə öz beynimizi paslanmadan xilas edə bilərik. Düşünür ki, insan təkcə öz təhsili, uğurları ilə öyünə bilər. Çünki qalan hər şey keçicidir. Buna görə də mütləq zəkamızı itiləməliyik. Müsahibim "49 Group” şirkətinin təsisçisi Daşqın Əliyevdir.
Eləcə də bax: Azərbaycanlı gəncin layihəsi 26 milyona satışa çıxarıldı
Qayıtdıqdan sonra isə bir neçə ay işsiz qalan həmsöhbətim nəhayət, öz işini qurmaq qərarına gəlir: "Hərbi xidmətdən qayıdanda dost-tanış məni yaxşı işə düzəldəcəklərinə söz vermişdilər (gülür-red-Ş.M). Mən də onların vədlərinə arxayın olmuşdum. Amma həmin dövrdə devalvasiya və digər problemlər ortaya çıxdı. İnsan dara düşəndə saman çöpündən yapışır. Bu, beynin ən mühüm funksiyasıdır. Mən də həmin dövrdə bütün yollara əl atmalı oldum. Bir müddət təhsil sektorunda çalışdım. Elə həmin ərəfələrdə "49 Group” ideyası ortaya çıxdı. Dostumla bir neçə iş görürdük. Qərara gəldim ki, öz işlərimizdən ibarət olan bir səhifə açaq. 2016-cı ilin mart ayında ikimiz - dostum və mən işə başladıq. Nə ofisimiz var idi, nə də başqa işçimiz. Həvəskar şəkildə hazırladığımız foto, video işlərini səhifəmizdə paylaşırdıq. İş elə gətirdi ki, bir ilin tamamında öz ofisimizi açdıq. Amma bunu qarşıya hədəf qoymamışdıq. Bu işi böyütməyimizdə dost-tanışın da dəstəyi oldu. Azərbaycanda iş qurmaq üçün əlaqələrin olması çox önəmlidir. Çünki tövsiyə olunan insanlara güvən daha çox olur. Dostlarım da məni şirkətlərə tövsiyə edirdi. Amma biz dostlarımıza arxayın olub bekar oturmadıq. Durmadan işlədik, özümüzü inkişaf etdirdik. Artıq üç aydan sonra işçi və sifarişçi şirkətlərin sayı artmağa başladı. Hətta Bakıda şirkətin böyük məbləğ qarşısında filialını açmağı da təklif edənlər oldu. Bütün bunlar keyfiyyətli işimizin, əməyimizin sayəsində oldu. Bu gün şirkətimizin əməkdaşları gedib kiminsə qapısını döymür ki, bizimlə çalışın. Gördüyümüz işin keyfiyyətinə görə, müştəri bazası özü bizi seçir”.
Müsahibim deyir ki, dövrün tələblərinə uyğunlaşmaq elə də asan deyil: "Hazırda komandadan ofis daxilində 4-5 nəfər çalışır. Dizayn, montaj, əksər işlər ofis içində olur. Amma ofisdə oturmayan 20-yə yaxın işçimiz var. İlk vaxtlar işin çox hissəsini özüm görməyə çalışırdım. Bəlli müddətdən sonra gördüm ki, işçiyə ehtiyac var. Amma yaxşı komandanı yığmaq elə də asan deyil. Kimsə deyirsə ki, Azərbaycanda biznes mühiti yoxdur, bunu qəbul etmirəm. Əgər doğru komandanı yığıb keyfiyyətli iş görə bilirsənsə, uğur qazana bilirsən”.
Öyrənmək üçün kursa, yaxud müəllim yanına getməyə ehtiyac görməyən həmsöhbətim deyir ki, böyük əksəriyyət nəzəriyyəyə üstünlük verir: "Mənə görə "Youtube” ən böyük müəllimdir. Əgər azca dil bilgin varsa, peşəkarların videolarına baxmaqla işi öyrənə bilərsən. Bizdə tədris metodikası elədir ki, istedadı üzə çıxarmağı bacarmır. Məncə, fərdlər arasında bölgü aparıb onlara individual yanaşma olmalıdır. Məsələn, üç yaxşı videoqrafın biri kino, digəri klip-maker, digəri isə reklam sahəsində uğurlu ola bilər. Problem odur ki, bunu bizə aşılamırlar. Elə adam var ki, istedadına görə əsl sosial media mütəxəssisidir. Amma özünün bundan xəbəri yoxdur. Həmin adam bu sahənin təhsilini alsa, daha da inkişaf edə bilər. Bu istedad və əməyin nəticəsində formalaşır. Yəni, demək istədiyim odur ki, istedadla təhsil bir yerdə olanda daha yaxşı olur. Əslində, Azərbaycanda sırf bu sahə üzrə ixtisaslaşmış universitet məncə, yoxdur. Araşdırıb Polşada bir neçə universitet tapmışam. Əgər başqa ölkələrdə varsa, nə vaxtsa bizə də gələcək”.
Gənc mütəxəssis bu sahədə olan problemlərdən də söz açdı: "Öz üzərində işləməyən insan paslanır. Elə bilir ki, hər şeyin yaxşısını edib. Amma bu elə bir sahədir ki, hər gün inkişaf edir. Mənə görə, ən uğurlu insan, beynini inkişaf etdirəndir. Amma təəssüf ki, Azərbaycanda hələlik bu sahədə vəziyyət qənaətbəxş deyil. Fotoşopdan, dizayn proqramlarında ən sadə şeyi bilənlər özünü mütəxəssis hesab edir. Əslində, bütün sahələrdə vəziyyət oxşardır. Bizdə sosial media, marketinq "facebook”da şəkil paylaşmaq kimi qəbul edilir. Amma bu işin özünün analitikası var. Bu gün sosial media bizə o qədər geniş imkanlar verir ki, onun sayəsində böyük kütlələrə xitab edə bilirik. Amma biz kiçik bir regionda yaşadığımız üçün ondan dar çərçivədə istifadə etməyə çalışırıq. Bizə verilən imkanlardan tam şəkildə faydalanmırıq. Problemlərin olmasının səbəblərindən biri də nəzarətin olmamağıdır. Məsələn, aprel döyüşləri ərəfəsində bir sıra problemlər yaşandı. Həssas dönəmlərdə insanların psixologiyasına mənfi təsir edən onlarla paylaşım edildi. Azərbaycan elə ölkədir ki, hər birimizin dolayı yolla da olsa, bir yaxını hərbidə xidmətdədir. Bu dövrdə insanların hisslərindən pul qazanmağa çalışırdılar. Buna nəzarət də yoxdur. Yerli bazarda işin biznes tərəfi bir qədər tənzimlənməlidir. Nəzarət deyəndə, mən keyfiyyətə nəzarəti nəzərdə tuturam. İnsanların şəxsi işinə qarışmaq bizim işimiz deyil”.
Sosial medianın faydası olduğu kimi, zərərlərinin də olduğu deyən Daşqın, bu sahənin müsbət tərəflərindən yararlanmağı tövsiyə etdi: "Məsələn, artıq insanlar canlı ünsiyyətdən imtina edirlər. İki dost görüşəndə söhbət etmək vəzinə sosial media hesablarında gəzişirlər. Bundan başqa, digər mənfi məqamlar da var. Məsələn, elə xanımlar var ki, şəkillərinə effekt verib "instaqram”da məşhur olmağı, çoxlu bəyənmə toplamağı bacarırlar. Əslində, texniki baxımdan bu, çox sadə bir şey olsa da, əksəriyyət onlara həsəd aparır. Həmin insanlar da özlərinin diqqət mərkəzində olduğunu düşünür. Amma adi həyatda heç kim onlara əhəmiyyət vermir. Belə olanda isə o, gərginlik yaşayır və kompleksə düşür. Belələri cəmiyyətdən təcrid olunur və sosial mediada yaşamağa başlayır. Yaxşı olardı ki, sosial medianın bizə verdiyi imkanlardan müsbət yöndə istifadə edək. Məsələn, sən öz beyninin məhsulunu sata, özünə biznes qura bilərsən. Məsələn, elə tələbə xanımlar var ki, biznes qurub gənc yaşdan özlərini təmin edə bilirlər. Mənim özümün də qazancım sosial mediadan gəlir. Arada zarafatla deyirəm ki, internet olmasa çörəksiz qalacam”.
Həmsöhbətim "49 Group”la əməkdaşlıq edən şirkətlərə bir neçə xidmət təklif etdiklərini bildirdi: "Müştərilərə sosial media marketinq, veb saytların yığılması, mobil tətbiqetmələrin hazırlanması, müxtəlif dizayn, loqo sifarişləri, poliqrafiya işləri təklif edirik. Əslində, belə demək olarsa, bazarda tələb nədirsə, biz də ona uyğun işləyirik. Hələlik əsas məqsədimiz "49 Group”u brend etməkdir. İndiki dövrdə bazarda rəqabət çox güclüdür. Bəzən elə olub ki, gələn sifarişləri qəbul etməmişəm. Çünki vaxt azlığından işi istədiyim kimi edə bilmirdim. Düzdür, komandanı böyüdə bilərdik. Amma bu stabil yox, dağıdıcı böyümə olar. Ona görə də, hələlik bəzi məsələlərə diqqətlə yanaşıram. Hərdən elə müştəri olur ki, deyir mən sənə 100 manat pul verirəmsə, mənim biznesim 10 gündə 10 qat artmalıdır. Hərdən onlara deyirəm ki, əgər bunun sirrini bilsəydim, evi, eşiyi satıb özüm səndən əvvəl milyoner olardım (gülür-red.Ş.M). Amma bizim işimiz o deyil. Bizim işimiz sizin işinizi insanlara göstərməkdir. Elə müştərilərimiz də olub ki, onu brend edəndən sonra özlərini böyük holdinq rəhbəri hesab ediblər. Ona görə də indi müştəriləri diqqətlə seçirəm. Bizim əsas hədəfimiz bazarda 3-5 davamlı şirkətdən biri olmaqdır. İlk gündən bəri işlədiyimiz bir neçə şirkət var. Elə olub ki, bir günə sosial media reklamı sayəsində 200 minlik məhsul satılıb. Elə aylar da olub ki, heç bir gəlir olmayıb. Bu, bazarın tələbindən və digər məsələlərdən asılıdır”.
Sonda gənc şirkət rəhbərindən uğur qazanmağın sirlərini də soruşduq: "Ən yaxşı üsul özünüinkişafdır. Uğur deyilən şey pul qazanmaq deyil. Yəni ötən ilə baxıb müqayisə aparmalısan. Mən keçən il harda idim indi hardayam. İkinci amil isə güvən faktorudur. Bu, elə bir sistemdir ki, hamımız bir çarxın hissəsiyik. Mənə elə gəlir ki, dayandıqca, çarxın ümumi hərəkətinə mane oluram. Ona görə də, insan 30-35 yaşa qədər durmadan işləməlidir. Mən özüm aktiv iş həyatına 25 yaşımda atılmışam. Bir işi görəndə, əlbəttə, onun maddi tərəfini fikirləşmək lazımdır. Amma önəmli olan qarşı tərəfdə güvən yarada bilməkdir. Bu olduqdan sonra gəlir də olacaq. Biz Sumqayıtda bu işə başlayanda hamı deyirdi ki, çətin bu şəhərdə kimisə buna cəlb edə biləsən. Bizdə belə bir yanaşma var - sən hansısa xidməti təklif edəndə, kimsə deyir ki, məsələn, mənim dayım oğlunun da bu işlərdən başı çıxır. Sənə pul verməkdənsə, ona etdirərəm. Ona görə də, gərək hər kəslə onun dili ilə danışmağı bacarasan. Ən çətin mərhələ kimisə inandırmaq və etibarını qazanmaqdır. İşlədiyimiz xarici şirkətlərlə adətən, bu problem olmur. Onlar başa düşür ki, gəlirin böyük hissəsini reklama yatırmaq onların öz xeyrinədir. Amma 70 yaşlı Azərbaycanlı sahibkarı buna inandıra bilmirsən. Bu baxımdan düzü, o qədər böyük gəlirlərimiz olmasa da, hələlik bizi qane edir. Burada böyük rəqəmlər yoxdur. Çalışırıq ucuz qiymətə keyfiyyətli iş görək”.