Çiyələyi xaricə ixrac etmək, Azərbaycanda satmaqdan ikiqat sərfəlidir. Ona görə də çalışırıq məhsulun mümkün qədər çox hissəsini xarici bazarlara göndərək.
Bunu FED.az-a Masallıdan olan iş adamı, fermer təsərrüfatının rəhbəri Rafət Abbasov bildirib.
Çiyələyin gəlirli meyvə olduğunu, son vaxtlar ona tələbatın artdığını bildirən r.Abbasovun sözlərinə görə, Masallıda Şərəfə kəndində ümumilikdə 13 hektar ərazidə çiyələk becərirlər.
“Əvvəllər biz yerli «Viktoriya» çiyələk sortu əkirdik. Lakin bu sort yalnız birinci il yaxşı məhsul verirdi, sonra məhsuldarlıq azalır. Həm də bu məhsulların rəf ömrü az olurdu. Amma indi əkdiyimiz «Albion» və «Salambriyoz» sortlarıdır. Bu növ çiyələklər Türkiyədən gətirilir» - deyə Rafət Abbasov bildirib.
"Məhsulu qapıdan alıb aparırlar"
R.Abbasov bildirir ki, xaricə aparılan çiyələklər sahədən yığılarkən şoklama aparatı vasitəsi ilə dondurulur daha sonra isə birbaşa maşınlara yüklənərək Rusiyaya aparılır.
Xarici bazarlara satılan çiyələklərin kilosu 2-2.20 manat arasında dəyişir. Yerli bazara satılan çiyələk isə 1-1.10 manata satılır.
Daha çox gəlir gətirdiyinə görə, fermerlər xarici bazara satılacaq məhsullara xüsusi qulluq edirlər. Həmçinin məhsulun xarici bazarda yer tutması üçün xüsusi xidmət edilir.
“Əvvəl istədik ki, təyyarə ilə xarici ölkəyə məhsul çıxaraq, amma o baha başa gəldiyi üçün edə bilmədik. Təyyarə ilə bir kilo çiyələyin xərci 2 dollardır. Bu zaman hər tonda əlavə 2 min dollar xərc olur” – deyə Rafət Abbasov bildirib.
«Çox yaxşıdır ki, gömrükdə rüsum ödəmirik. Azərbaycan tərəfi bizdən hər hansı bir rüsum istəmir. Kənd Təsərrüfatına aid olan məhsullara rüsum ləğv edilib»-deyə fermer gömrükdən razılıq edir.
Əvəzində, Rusiya tərəfi çiyələyin hər tonuna görə 350 dollar rüsum alır. Həmçinin 3 min dollar maşının yol haqqıdır. Ona görə də Rusiya aparılan çiyələyin kilosu 6-7 manata başa gəlir. Bu bizneslə məşğul olanlar çiyələyin hər kiloqramda 2-2,2 manat manat qazana bilirlər.
"1 dəfə əkib 3 il məhsul götürürük"
Çiyələyin üstün cəhətlərindən biri də odur ki, məhsulu bir dəfə əkdikdən sonra həmin sahədən 3 il ardıcıl məhsul götürmək olur». – deyə fermer bildirib.
“1 hektar çiyələyin maya dəyəri, əgər yeri politilenlə örtsəniz bir hektar təxminən 20-25 min manata başa gələcək. Ona görə çalışırıq ki, məhsulun birinci il satışı zamanı qoyduğumuz xərci çıxaraq, 2-ci, 3-cü ili isə qazanc əldə edək.” –deyə Rafət Abbasov bildirib.
"Rusiya bazarı olmasa işləyə bilmərik"
Rusiya bazarına məhsullar soyuqlara düşənə qədər göndərilir. Əkin əsasən payız aylarında aparılır, məhsulun dərilmə vaxtı isə apreldən başlayır. Rafət Abbasovun sözlərinə görə, yığılan məhsulun təxminən 40%-i ən keyfiyyətliləri seçilərək Rusiya bazarına, qalan 60%-i isə yerli bazara satılır. Bu zaman hər hektardan 20-22 min manat qazanc daxil olur. Rusiyaya satılan hissə bahalı olduğuna görə, məhsulun Rusiyaya göndərilən hissəsi cəmi 40% olsa da, daxil olan qazancın 60%-dən çox Rusiyadan təmin edilir. Ümumiyyətlə R.Abbasovun sözlərinə görə, Rusiya bazarı və bu ölkəyə çiyələk ixrac etmək imkanı Azərbaycan fermerlərinə böyük fayda gətirir: «Rusiya bazarı olmasa və biz malımızı yalnız ykrli bazarda satmalı olsaq, birincisi mallarımızın hamısının satılması problem olar, ikincisi, qiymətlər 20-30 qəpiyə düşər ki, bu da fermerlərdən heç kimə sərfəli deyil. Yəni bu qiymətlərlə biz yatırdığımız investisiyanı çıxara bilmərik».
Rusiya bazarı təkcə qazanca görə deyil, malların satılması istiqamətlərindən biri kimi də yerli fermerlər üçün vacib sayılır.
"Dubayda kiloqramı 12 dollara satılıb"
Rafət Abbasovun sözlərinə görə, ötən il bir nəfər azərbaycanlı fermer Dubaya 1 ton çiyələk apararaq kiloqramını 12 dollardan satıb. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsulları arasında mübarizə aparılır. Bütün ölkələrdə olan istehsalçılar çalışırlar ki, yüksək keyfiyyətdə yaxşı məhsul çıxarsınlar bazara . Azərbaycan çiyələklərinə Rusiya bazarında əsas rəqiblər isə Türkiyə və İran çiyələkləridir.
“İstənilən Kənd Təsərrüfatı sahəsində məhsuldarlıq aşağı düşüb. Əvvəllər 1 hektardan 40-50 ton məhsuldarlıq ala bilirdik indi isə ala bilmirik. İqlim dəyişkənliyi məhsul yetişdirməyimizə çətinlik yaradır. Hazırda 1 hektardan 10 tondan bir az aşağı məhsul alırıq. Bitkinin vegetasiya dövrü az olur. Əvvəllər bu dövr 7-8 ay davam edirdi indi isə bu az olur. Nə qədər dərmanlardan istifadə etsək də bitkini saxlamaq olmur”- Rafət Abbasov bildirib.