25 ilə yaxındır tikinti sahəsində, necə deyərlər, külüng vurur. Mingəçevirdə yaşayan usta Sübhan Qurbanovun inşaatçı olmaq uşaqlıq arzusu olub. Həm qismətinə yazılan məcburi köçkünlük, həm I Qarabağ müharibəsi onun bu arzusunu reallaşdırmasına mane olub. Məcburi köçkün demişkən, həmsöhbətimiz 1988-ci ildə qərbi Azərbaycandan köçüb gələn soydaşlarımızdandır. Elə o zamandan ailəsi ilə Mingəçevirdə məskunlaşıb. II Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın az qala ildırım sürətilə işğaldan azad edilməsi Sübhan ustada nə vaxtsa dədə-baba torpaqlarına qayıdacağına ümid də yaradıb.
Dediyimiz kimi, köçkünlük həyatının dərhal ardından müharibə başlayıb: “Getdim döyüşlərə, 4 il qulluq etdim. Beləliklə də instituta girmək arzularım reallaşa bilmədi. Ondan sonra təhsilini ala bilməsəm də, inşaatda işləməyə başladım. Zaman-zaman peşəkarlaşdım, indi təhsilli inşaatçılardan daha çox bələdəm bu sahənin dərinliklərinə”.
İş sarıdan korluq çəkmədiyini deyən həmsöhbətimiz bildirir ki, bir neçə inşaatçı yoldaşı ilə birlikdə mənzilləri, obyektləri 0-dan başlayır tam təmirinədək tikib təhvil verirlər: “Götürdüyümüz işi həm vaxtında, həm qüsursuz təhvil veririk. Ona görə də bizim üçün iş tapmaq problem olmur. Biz heç iş axtarmırıq. Gəncəbasarda harda iş olsa gedirik, bizi tapırlar, sifarişlər verirlər. Bakıda da işlərim olub mənim”.
S.Qurbanovun 3 övladı var. Övladlarından hələ ki, orta təhsili başa vuran yoxdur. “Orta təhsillərini əla alırlar. Əlaçıdırlar, şərəf lövhələrində şəkilləri olur hər il” – deyə övladlarından qürurla danışır. Özünün reallaşdıra bilmədiyi ali təhsil arzusu indi övladları ilə bağlıdır. Onların universitetə qəbul olması üçün əlindən gələn hər şeyi edəcəyini deyir.
Digər həmsöhbətlərimiz kimi, Sübhan usta da işğaldan azad olunmuş torpaqlarımızda təmir-bərpa işlərində iştirak etməyi arzulayır: “Məmnuniyyətlə gedib işləyəcəm oralarda. Hər zaman arzulamışam ki, o torpaqlar azad edilsin, mən də gedib orda təmənnasız işləyim. Mən I Qarabağ müharibəsində Ağdam, Füzuli istiqamətlərində döyüşmüşəm, oraları görmüşəm, amma digər rayonlarımızı da görməyi çox arzulayıram”.
Qeyd edək ki, Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaradılıb. Klubun hazırda 5500 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə maarifləndirici təlimlər təşkil edilib.