Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
- banklar, habelə maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
- bank olmayan kredit təşkilatları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
- kredit ittifaqları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi.
Sığorta bazarının peşəkar iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
- sığortaçılar üzrə sonuncu hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);
- sığorta brokerləri və sığorta agentləri üzrə sonuncu hesabat ili ərzində yığılmış komisyon muzdlar.
Kapital bazarlarının iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
- investisiya şirkətləri üzrə onların sonuncu hesabat ilində fond birjasında (fond birjalarında) ticarət dövriyyəsinin həcmi;
- investisiya fondları üzrə fondun və ya investisiya fondunun idarəçisinin sonuncu hesabat ilində cəmi müştəri aktivlərinin həcmi;
- klirinq təşkilatları üzrə hesabat ili ərzində tənzimlənən bazarda cəmi aparılan əməliyyatların həcmi.
Bank olmayan ödəniş xidməti təchizatçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində ödəniş xidmətlərinin göstərilməsi üzrə əldə edilmiş gəlirlərinin həcmi əsas götürülür.
Valyuta mübadilə məntəqələrinin müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində aparılan valyuta mübadilə əməliyyatlarının həcmi əsas götürülür.
Maliyyə institutlarının bazar payları müvafiq bazarın hər bir iştirakçısının müəyyən zaman aralığı ərzində və həmin bazar üzrə təsbit edilmiş coğrafi sərhədlər daxilində bu sənəddə qeyd olunan kəmiyyət göstəriciləri üzrə fəaliyyət həcminin müvafiq bazarın bütün iştirakçılarının həmin fəaliyyət üzrə fəaliyyət həcmlərinin cəminə bölünməsinin yüzə vurulması ilə əldə edilir.
Müəyyən edilmiş qaydada bir maliyyə institutu müvafiq bazarda 50 faiz və ya daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir. Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan maliyyə institutları (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:
- müvafiq bazarda 2 maliyyə institutunun birgə bazar payı 50 faizdən çox olduqda;
- müvafiq bazarda 3 və ya 4 maliyyə institutunun birgə bazar payı 70 faizdən çox olduqda.
Müəyyən edilmiş hallarda maliyyə institutlarının birgə hökmran mövqeyinin müəyyən edilməsi zamanı onların hərəkətlərinin birbaşa və ya dolayı yolla birgə xarakter daşıması Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla rəqabət orqanı tərəfindən müəyyən edilir.