İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Bir pəncərə” İxraca Dəstək Mərkəzi bu il ixracatçı sahibkarlara göstərilən xidmətlər, qeyri-neft məhsullarının ixracı ilə bağlı görülən stimullaşdırıcı tədbirlər sahəsində bir sıra nailiyyətlər əldə edib. “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə mərkəzdə ixracatçı sahibkara yaradılan şəraitin daha da genişləndirilməsi üzrə planlarla bağlı suallarını cavablandırır.
- “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həm iqtisadi, həm də sosial sahələrində islahatlar sürətli şəkildə aparılır. Ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısının imzası ilə bir sıra hüquqi sənədlər qəbul edilib. Həmin sənədlər çərçivəsində gələcəyə baxışı formalaşdıran əsas sənəd “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”dir. Qəbul edilmiş startegiya ölkəmizin bütün sektorlarını əhatə edərək, konkret sahələr üzrə icra istiqamətlərini müəyyən edir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin əksər tədbirlərində sahibkarların dövlət xidmətlərinə əlçatanlığının bir qədər də asanlaşdırılması, sənədlərin vahid pəncərə sistemi vasitəsilə verilməsi ilə bağlı konkret tapşırıqlar mövcuddur. İxrac missiyalarında da sahibkarların sənədləşmə prosesinin qısa və daha sürətli şəkildə aparılması, Azərbaycan ixracatçılarının dünya bazarlarına daha rahat çıxması üçün beynəlxalq dövlət idarəetməsi sahəsində ən yaxşı təcrübə sayılan “Bir pəncərə” idarəetmə sistemi formalaşdırıldı. Prezident İlham Əliyevin 2016-cı il 22 fevral tarixli Sərəncamı ilə “Bir pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nəzdində fəaliyyətə başladı.
İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət üçün İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri fəaliyyət göstərirlər. Mərkəzdə mənşə, keyfiyyət, fitosanitar sertifikatlar, nəsli kəsilməkdə olan yabanı flora və fauna növlərinin ölkədən çıxarılması üçün icazə, baytarlıq icazəsi, mədəni sərvətlərin mühafizəsi şəhadətnaməsi və dini təyinatlı kitab və disklərin ixracı üçün icazə verilir.
Bundan əlavə, qeyd etmək istərdim ki, “Bir pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq sertifikat və standartların verilməsi, nəqliyyat və logistik dəstəyin göstərilməsi, sahibkarların ixrac sənədlərini alması istiqamətində maarifləndirilməsi xidmətləri göstərilir. Sahibkarların öz maliyyə əməliyyatlarını daha rahat həyata keçirə bilməsi üçün qarşıdakı müddət üçün yeni xidmətin formalaşdırılması istiqamətində də işlər həyata keçirilir.
-“Bir pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlar xidmətin hansı üstünlüklərindən yararlanır?
-“Bir pəncərə” idarəetmə sistemi beynəlxalq təcrübədə ilkin üstünlüyün birbaşa özüdür. İnsanlar “Bir pəncərə” eşitdikləri zaman, düşüncələrində formalaşan ilk proqnoz daha effektiv, daha şəffaf və daha hesabatlı bir xidmətdir. Mərkəz olaraq biz də bu trendə qoşularaq ixracatçılara dəstək olmaq istəyirik və oluruq.
Bildiyiniz kimi, Prezident İlham Əliyev müşavirə və iclaslarda ölkəmizdə ixracatın artırılması və bu missiyanı yerinə yetirən, o cümlədən yerinə yetirmək istəyən sahibkarlara dövlət tərəfindən kompleks dəstəyin olmasını tapşırır. Bu haqda müvafiq Strateji Yol xəritələrində də tədbirlər var ki, hər 6 ayın sonunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq, daha sonra qiymətləndirmə aparılır. Bir sözlə, ixracatın artması və stimullaşdırılması istiqamətində konkret işlər görülür və görülən işlərlə bağlı hesabat verilir. Bütün bunlar “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin də fəaliyyətində üstünlüklərin yaranmasına gətirib çıxarır ki, bu da sahibkarlara xidməti daha effektiv edir. Belə ki, əsas üstünlüyümüz sahibkarların əlavə yol və vaxt resursu sərfiyyatının minimuma endirilməsidir. Əgər hər hansı bir sahibkara həm mənşə, həm də fitosanitar sertifikat lazımdırsa, həmin şəxs mərkəzə yaxınlaşıb sənədləşmə prosesini tez və sürətli şəkildə həyata keçirə bilər.
- Məhsulun ekspertizası “Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilirmi?
- Xeyr. Ümumiyyətlə bir sıra sahibkarlar bildirirlər ki, ekspertizanın da mərkəzdə olması yaxşı olardı. Bu hal beynəlxalq təcrübədə belə yoxdur. Məhsulun ekspertizası üçün sahibkar həm İqtisadiyyat Nazirliyinin ekspertizasına, fitosanitar sertifikat üçün isə xidmətin öz ekspertləri tərəfindən məhsulun olduğu yerə baxış keçirilərək daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı əsasında ölkədən ixrac əməliyyatını həyata keçirən zaman xarici ölkə üçün nəzərdə tutulan fitosanitar sertifikat verilir. Bundan əlavə, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydalarına əsasən, onvensiya ilə müəyyən edilmiş qaydada elmi orqanın rəyinə əsasən icazə/sertifikatını verir və ya verməkdən imtina edir, onlara zəruri hesab etdiyi şərtləri qoyur, verdiyi hər hansı icazə/sertifikatını etibarsız elan edir, geri alır və dəyişdirir. Burada elmi rəy Zoologiya İnstitutu tərəfindən verildikdən sonra, sahibkara sertifikatın verilib- verilməməsi haqqında müvafiq nazirlik tərəfindən qərar qəbul edilir.
- “Bir pəncərə” İxraca Dəstək Mərkəzində gömrük xidmətləri göstərilirmi?
- Biz, korporativ dəyərləri özündə birləşdirən Azərbaycanın böyük nəqliyyat və logistika şirkətləri ilə danışıqlar aparırıq. Danışıqlar yaxın müddətdə yekunlaşacaq. Həmin şirkətlə tərəfdaş kimi sahibkarlara xidmət göstərəcəyik. Burada həm gömrük bəyannaməsinin doldurulması, gömrük rəsmiləşdirilməsi, həm də nəqliyyat dəstəyi göstəriləcək. Bütün bu xidmətlər sertifikatlar istisna olmaqla kommersiya xarakterlidir. “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarlar bir çox hallarda logistik və nəqliyyat dəstəyinə ehtiyac duyur və bizə müraciət edirlər. Biz tərəfdaş şirkətlərlə danışaraq ixrac ediləcəyi regiona görə xidmətləri və qiymətləri sözügedən subyektlərə təqdim edirik.
- Belə anlaşıldı ki, “Bir pəncərə” İxraca Dəstək Mərkəzi həm də B2B rolunu oynayır?
- Tamamilə doğrudur. Mərkəzdə nəinki müvafiq dövlət qurumları, həmçinin özəl şirkət nümayəndələri də fəaliyyət göstərəcək. İxracatçıların ehtiyaclarını və rəylərini nəzərə alaraq, qarşıdakı müddətdə beynəlxalq standartlaşma, habelə maliyyə institutlarının mərkəzdə xidmət göstərməsi planlaşdırılır. Bütün bunlar ixracatçının ixrac prosesinin daha da sürətlənməsi üçün nəzərdə tutulur. Əgər kənd təsərrüfatı ilə məşğul olan sahibkar “Global GAP” sertifikatı və ya İSO 22000 standartına sahibdirsə, bu, həmin şəxsin ixracını bir qədər də artıracaq. Çünki bu standart və sertifikat qərb ölkələrinə ixrac zamanı gömrük keçid məntəqələrində sənədləşmə və yoxlanış prosesini bir qədər də sürətləndirərək asanlaşdıracaq. Maliyyə institutlarının xidmətləri isə bir qədər fərqlidir. Bizə sahibkarlar ixrac kreditləri, hesabların açılması, o cümlədən bir sıra bank əməliyyatları ilə bağlı müraciətlər edirlər. Bütün bu müraciətlər şərtləndirdi ki, biz bu xidmətlərin mərkəzdə fəaliyyəti haqqında işlərə başlayaq.
- İxrac ilə bağlı son illər ərzində bir sıra islahat tədbirləri həyata keçirilib. Bunlar haqqında məlumat verərdiniz.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində elektron xidmətlərin tətbiqi, ixrac subsidiyalarının verilməsi, sərhəd-keçid məntəqələrində ixrac zamanı tələb olunan sənədlərin azaldılması, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində xarici ölkələrdə fəaliyyət göstərən ticarət evlərinin yaradılması ilə bağlı islahat tədbirləri həyata keçirilib. Bütün bunlar sahibkarların öz ixrac fəaliyyətini daha rahat həyata keçirməsi üçün dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
İxrac missiyalarını həyata keçirən sahibkarlardan Nazirlər Kabinetinin qərarı ilə fitosanitar, keyfiyyət tələb olunması aradan qaldırılıb. Bundan əlavə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib. Yeni qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Nazirlər Kabineti müvafiq olaraq 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ni də ləğv edib. Bu qərar Azərbaycanda gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsinə xidmət edəcək. 2017-ci il 5 sentyabr tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ixrac potensialının daha da artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda rəqabətqabiliyyətliliyinin güclənməsinə səbəb olacaq, xarici bazarlarda ehtiyac duyulan məhsullar haqqında sahibkarların məlumatlanmasına kömək göstərəcək.
- Rəqəmsal Ticarət Qovşağı və “Azexport.az” portalı ilə “Bir pəncərə” İxraca Dəstək Mərkəzi arasında formalaşan ekosistemdən sahibkarlar hansı üstünlükləri əldə edir?
- Hər iki xidmət sahibkarların xarici ticarət münasibətlərinin gücləndirilməsinə hesablanıb. Prezident İlham Əliyevin regional müşavirələrdə sahibkarlar qarşısında nitqi zamanı innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı istiqamətində öz tövsiyə və tapşırıqları sahibkarları son rəqəmsal xidmətlərdən və texnologiyalardan istifadə etməyə sövq etdirib. Bildiyiniz kimi, “Bir pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlara oflayn rejimdə (yəni fiziki olaraq) xidmət göstərməklə bərabər, onlayn formada da xidmət göstərir. Rəqəmsal Ticarət Qovşağının rəsmi saytına daxil olmaqla sahibkar elektron formada öz müraciətini bizə ünvanlaya bilər. Onlayn müraciət zamanı sahibkar vahid ixrac ərizəsinin üstünlüyündən yararlanaraq, artıq zaman sərf etmədən müraciəti müvafiq səlahiyyət sahibi orqanlara ünvanlayacaq. Bundan əlavə, sözügedən saytda elektron formada gömrük bəyannaməsini də doldurmaq mümkündür. Habelə, Rəqəmsal Ticarət Qovşağının üstünlüklərindən istifadə etməklə sahibkarlar müasir zamanın tələblərini özündə ehtiva edən xidmətlərdən yararlana biləcək, korporativ idarəetmənin standartlarına uyğunlaşacaqlar.
“Azexport.az” portalına gəlincə, portala bu günə kimi 400 milyon dollara yaxın ixrac sifarişi daxil olub. Sözügedən portal dünyanın və regionun ən qabaqcıl elektron ticarət şəbəkələrinə inteqrasiya olunmaqla yerli məhsulları xarici ölkə alıcılarına təqdim edir. “Bir pəncərə” İxraca Dəstək Mərkəzi daxil olan sifarişlərin icra prosedurasında sahibkarlara dəstək olur. Sifarişi qəbul edən sahibkar istər oflayn, istər onlayn qaydada xidmətdən yararlanaraq məhsulunu müvafiq alıcıya ixrac edə bilər. Mərkəz bu istiqamətdə də sahibkarın sertifikat əldə etmək üçün toplamalı olduğu sənədlər haqqında məlumat verərək öz dəstəyini göstərir.
- Qeyri-neft məhsullarının ixracı ilə bağlı hansı stimullaşdırıcı tədbirlər görülüb?
- Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac davamlı olaraq artmaqdadır. Belə ki, cari ilin 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2017-ci ilin 10 ayı ərzində ixrac edilən qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci (131,5 milyon ABŞ dolları), qızıl ikinci (98,5 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı isə üçüncü (88,6 milyon ABŞ dolları) yeri tutub. Dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi siyasət nəticəsində qeyri-neft təyinatlı məhsulların şaxələndirilməsi istiqamətində də dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Azərbaycan məhsullarının xarici bazarlarda tanıtdırılması, yerli valyuta ilə xarici valyuta arasındakı cari vəziyyət, o cümlədən sabit və dayanıqlı pul siyasətimiz yerli sahibkarların ixrac fəaliyyətini bir qədər də stimullaşdırır. Aparılan tədqiqat və təhlillər göstərir ki, artıq qeyri-neft sektorundakı ixrac olunan məhsulların növ və çeşidləri genişləndikcə ixrac edən subyektlərin də sayı artır. Sevindirici hal odur ki, artan sahibkarlıq subyektlərinin tərkibində kiçik və orta sahibkarlıq subyektlərinin də özünəməxsus yeri var. Bütün bunlar ölkəmizdə aparılan iqtisadi islahatların bariz nümunəsidir. “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə də müraciət edən sahibkar arasında kiçik və orta sahibkarlıq nümayəndələrinin sayı artmaqdadır. Müraciət edən hər bir sahibkar xidmətin effektiv və sürətli şəkildə həyata keçməsini görür və bu şəraitə görə dövlətimizin başçısına öz təşəkkürünü bildirirlər.