Son illər Azərbaycanda biznes subyektlərinin sayı və çeşidi artdıqca, yeni şirkətlərin yaranması kimi, ləğvetmə halları da artmaqdadır.
Eləcə də bax: Azərbaycanda eyni şəxsə məxsus - 6 Şirkət Ləğv Olunur
Azərbaycanda ləğv prosesində olan təşkilatlar öz kreditorları qarşısında öhdəliklərini icra etdikdən sonra qalan aktivlər səhmdarlar arasında bölüşdürüür.
Belə proseslə bağlı FED.az-a daxil olan sorğunu hüquqşünas Hüseyn İsmayılov cavablandırır:
Sual: Ləğvetmə prosesində olan səhmdar cəmiyyətinin bütün kreditorlarının borcu ödənildikdən sonra ləğvetmə balansı tərtib edilənə və qalan əmlak iştirakçılar arasında bölünənədək iştirakçılardan biri həmin əmlakdan avans və ya borc şəklində vəsait əldə edə bilərmi?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən “Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir.” Normanın tələbindən aydın olur ki, ləğvetmə prosesində hüquq şəxs yalnız ləğvetmə prosesi ilə bağlı fəaliyyət göstərə, eyni zamanda əqdlər bağlaya bilər.
Həmin məcəllənin 60.4-cü maddəsinə əsasən “Ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir.” Normanın tələbindən müəyyən olunur ki, ləğvetmə komissiyasının fəaliyyətinin əsas məqsədi konkret olaraq yuxarıda sadalanan 1) borcların ödənilməsi, 2) əmlakın satılması və 3) qalan əmlakın iştirakçılar arasında bölünməsidir.
Həmin məcəllənin 61.8-ci maddəsinə əsasən “Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir.” Əgər bu mərhələdə iştirakçılara borc və ya avans verilərsə bu, normanın tələbində qeyd edilən balans və hesabatda öz əksini tapmalıdır ki, bu da düzgün olmayan müxabirləşməyə gətirib çıxaracaqdır.
Nəticə etibarilə Ləğvetmə prosesində olan səhmdar cəmiyyətinin bütün kreditorlarının borcu ödənildikdən sonra ləğvetmə balansı tərtib edilənə və qalan əmlak iştirakçılar arasında bölünənədək iştirakçılardan birinin həmin əmlakdan avans və ya borc şəklində vəsait əldə etməsi qanunauyğun hesab olunmur.