Almaniyada və bütövlükdə Avropada elektroenergetika sahəsində təbii qazdan istifadə edilməsi perspektivlərinin qiymətləndirilməsi məsələsində Almaniyanın “Siemens” konserni və Rusiyanın “Qazprom” dövlət şirkəti arasında ciddi fikir ayrılıqları yaranıb. Bu sahədə məlumatlı insanlar “Siemens” və “turbinlər” sözlərini eşidəndə yəqin ki, Almaniya konserninin Avropa Komissiyası tərəfindən tətbiq edilən sanksiyaları pozaraq Krıma məhsul göndərməsi ilə əlaqədar qalmaqalı yada salırlar. Almaniyada isə insanların çoxu indi bu iki sözü eşidəndə tamam başqa məsələ - “Siemens” şirkətinin Almaniyanın şərqindəki Hörlits şəhərində yerləşən zavodunun bağlana biləcəyi və bu konsernin qaz turbinləri istehsal edən digər müəssisələrində işçilərin kütləvi şəkildə işdən azad edilməsi təhlükəsi barədə düşünür.
Almaniya KİV-lərinin fəal işıqlandırdığı bu mövzu əslində rusiyalılar üçün də böyük maraq doğurur. Rusiyalılar üçün burada “açar sözü” “qaz” sözüdür. Ona görə ki, Rusiyanın “Qazprom” dövlət şirkəti hazırda “Şimal axını-2” və “Türkiyə axını” qaz kəmərlərini inşa edir və bu layihələrə milyardlarla sərmayə qoyulmasını Avropada elektrik və istilik enerjisi istehsalı üçün təbii qaza ehtiyacın artması ilə izah edir.
Eyni vaxtda “Siemens” konserninin rəhbərliyi qaz turbinləri istehsalını əsaslı şəkildə azaldır və bunu Avropada qazla işləyən yeni elektrik stansiyaları tikintisinin perspektivsiz olması ilə izah edir. Beləliklə, Almaniya konserninin gözləntiləri “Qazprom”un proqnozlarına və investisiya qərarlarına açıq-aydın ziddir.
“Siemens”in səhmdarlarının bu yaxınlarda Münxendə keçirilmiş illik iclasında konsernin idarə heyətinin sədri Co Kezer bu məsələni qısaca şərh edib. Onun sözlərinə görə, yaxın iki-beş ildə təkcə Almaniyada qazıntı şəklində enerji daşıyıcıları, yəni neft, kömür və qaz ilə işləyən elektrik stansiyaları üçün avadanlıq istehsalı üzrə təqribən 3 min iş yerini ixtisar etmək lazım gələcək. Kezer vurğulayıb ki, bu, təkcə “Siemens”ə aid problem deyil, dünya elektrik energetikasında struktur dəyişikliklərinin nəticəsidir.
“Siemens”in rəhbəri qazıntı şəklində xammal ilə işləyən elektrik stansiyaları üçün avadanlığa qlobal tələbatın 40 faizdən çox, bu avadanlığının qiymətinin isə 30 faizdən çox aşağı düşdüyünü bildirərək deyib: “Xüsusən Almaniyada bu avadanlığa praktiki olaraq ehtiyac yoxdur”.
Beləliklə, “Qazprom” üçün ən iri ixrac bazarı olan Almaniya bazarında heç kəs qaz ilə işləyən yeni iri elektrik stansiyaları tikməyə hazırlaşmır. Co Kezer səhmdarları əmin edərək deyib: “Biz inanırıq ki, dünyada qaz turbinləri bazarı yenə mövcud olacaq, lakin bazarların həcmi azalacaq və onlar burada, Avropada deyil, Amerikada, Çində, Yaxın və Orta Şərqdə olacaq”.
Başqa sözlə desək, “Siemens”in Münxendəki qərargahında bunu əsas götürürlər ki, elektrik enerjisi alınması üçün Avropada yox, şist qazı istehsalının artdığı ABŞ-da və Çin Xalq Respublikasında, həmçinin mavi yanacaqla zəngin ola Yaxın Şərq regionunda təbii qazdan daha fəal istifadə ediləcək. Ona görə də qaz ilə işləyən yeni elektrik stansiyaları üçün turbinlər sifariş ediləcəyini gözləməyə dəyməz.