“Hyundai və Kia” Şirkətlər Qrupunda çalışan Vüsal Məmmədov: “4 il bilet almağa pulum olmadığı üçün Azərbaycana getməmişəm”
Hər kəs müəyyən yaşdan sonra keçdiyi həyat, iş yolunu ailəsi, dostları ilə bölüşür. O, hələ yolun başından bölüşəcəklərinin nümunə olması üçün çalışıb. Deyir ki, gələcəkdə "çətin oldu deyə, geri çəkildim” tipli bir hekayə yox, "mübarizə edib qalib gəldim, əldə etdim” deyə biləcəyi nümunələri bölüşmək istəyir. Qarşısına çıxan çətinliklərə baxmayaraq, hekayəsinin nümunə olacaq bir tərzdə formalaşması üçün çalışan müsahibimiz Cənubi Koreyada "Hyundai və Kia” Şirkətlər Qrupunun Hyundai Mobis avtomobil hissələrinin istehsalı departamentinin təhlükəsizlik sistemləri (hava yastıqları, təhlükəsizlik kəmərləri və s.) üzrə beynəlxalq əməliyyatlar şöbəsində menecer vəzifəsində çalışan azərbaycanlı gənc Vüsal Məmmədovdur.Qeyd edək ki, V.Məmmədov 1986-cı ildə Qazax rayonunda doğulub. Orta təhsilini doğulduğu rayonda alıb. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin Koreya və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirib. 2007-ci ildə Koreyada Kyung Hee Universitetində magistratura təhsili alıb.
- "Hyundai"da işə düzəlməyinizin tarixçəsindən başlayaq...
- İlk olaraq oranı niyə seçməyimdən danışmaq istəyirəm. Mən Qazax rayonunda doğulmuşam, orta məktəbi də orda oxumuşam. Məktəbin son illərində TQDK-nın sınaq imtahanlarında iştirak etmək üçün Bakıya getmək lazım olurdu. Adətən, Bakıya "Hyunadi” və "KİA” istehsalı olan avtomobillərdə gedirdik. Həmin vaxtdan artıq bu şirkətlərin avtomobillərinə marağım yaranmışdı. Ümumiyyətlə, avtomobillərə maraq göstərən uşaq idim. "Hyundai” və "KİA”ya isə simpatiyam daha çox olduğu üçün istehsalçı şirkətdə çalışmaq istəyi də yaranmışdı. Elə oldu ki, Koreyada magistr təhsilimi bitirəndən sonra iş üçün sənədlərimi verdim. İstər mən çalışdığım olsun, istər digər böyük şirkətlərdə işə qəbul üçün 5-6 mərhələ keçmək lazımdır. O mərhələləri keçdikdən sonra işə qəbul olundum. 2012-ci ilin iyun ayından artıq burda çalışıram.
- Adətən, böyük şirkətlərə iş üçün müraciət edən çox olur. Siz qəbul olanda nə qədər müraciət vardı, neçə nəfər seçildi?
- İş üçün müsabiqəyə girənlərin sayı 21 min nəfər idi. Onlar arasından mərhələləri keçən 96 nəfəri işə götürdülər. Onun 94-ü koreyalı idi, 2-si əcnəbi - biri mən, biri də braziliyalı.
- İşə düzəlmək üçün keçdiyiniz mərhələlər hansılar idi?
- Birinci mərhələ sənəd qəbuludur, tərcümeyi-hala baxıb, onlara uyğun olub-olmadığını ilkin olaraq qiymətləndirirlər. İkinci mərhələdə ümumi olaraq həndəsi və dil bilikləri ilə bağlı imtahan verdik. Üçüncü mərhələ isə dil qabiliyyəti ilə bağlı oldu. İngilis, rus, Azərbaycan və Koreya dilləri üzrə qabiliyyətim müəyyənləşdirildi. 4-cü mərhələdə orta səviyyədə təmsil olunan menecerlərlə görüş oldu, onlar ilkin mərhələdə texniki olaraq qabiliyyətlərimin şirkətə uyğun olub-olmadığını yoxladılar. 5-ci mərhələdə isə şirkətdə yuxarı səviyyədə təmsil olunan menecerlərlə görüş oldu. 6-cı mərhələdə psixoloji olaraq imtahan verdik. Sonra müsahibələr oldu, qrup müzakirələri təşkil etdilər. O diskussiyalarda özümüzü necə təqdim etməmizə, iştirakımıza baxdılar. Bir də sağlamlığımızı yoxladılar.
- Bundan əvvəl hansısa şirkətdə işləmisiz?
- Dillər Universitetində təhsil aldığım illərdə həm də qadınlardan ibarət xokkey killi komandasında tərcümə və menecment işlərində çalışmışam. Sonra təhsil aldım deyə işləmədim. "Buta” Azərbaycan və Koreya Tələbə Assosiasiyasının həmtəsisçisi olmuşam. Əsas işə universiteti bitirəndən sonra elə "Hyundai”da başlamışam.
- Adətən, kiçik şirkətlərlə başlayırlar, müəyyən təcrübə yığandan sonra böyük şirkətlərə keçirlər. Karyeraya böyük şirkətlə başlamağın hər hansı çətinliyi olmadı?
- Bəlkə də kiçik şirkətdə başlayıb, böyük şirkətə keçmək daha asan olardı. Amma Koreyada belədir ki, hər şeyin öz vaxtı var. Sizin həmişə böyük şirkətdə işə düzəlmək şansınız olmur. O şirkətlərdə yerlər tutulanda yaxşı yerə düzəlmək çox çətindir. Bu bənzəyir BP-nin Azərbaycana gəlməsinə. İlk dəfə gələndə orda bütün mövqelərdə insanlar qərarlaşır və müəyyən bir müddət yuxarı qalxmaq imkanı məhdud olur, çünki yerlər tutulur. Böyük şirkətlər də belədir. Mən bura işə düzələndən sonra cəmi 3-4 nəfər xarici götürüblər. Ona görə də böyük şirkətdə imkan olanda başlamaq lazımdı.
Çətinliyə gəlincə, heç də asan olmadı. Düzdür, Koreya dilini artıq Bakıda olanda öyrənmişdim, amma koreyalıların iş mədəniyyəti, rejimi Avropadakından fərqlidir. Bunları bilmirdim. Yaponiyada nüvə silahının partlayışı, Şimali Koreya ilə Cənubi Koreya arasındakı müharibədə əsasən, qərbliləri günahkar görürlər. Bu kimi yanaşma olduğu üçün məni içlərinə qəbul edə bilmirdilər, hər tərəfdən təzyiqlər vardı. İşin özünü də öyrənmək asan deyildi. Böyük zavodlar idi və mən onları A-dan Z-yə qədər öyrənməliydim. İlk 3 il çox çətin oldu. Həyatımda ən çətin dövrlərdən biri deyə bilərik. Hətta psixoloji cəhətdən həyatımın ən çətin vaxtlarını burda işdə yaşadım.
- Bəs bu çətinliklər olanda hər şeyi atıb geri çəkilmək istəyiniz olmurdu?
- Mən bura ilk dəfə 2006-cı ildə Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının qrantı əsasında gəlmişəm. 2007-ci ildə ikinci dəfə gəldim. 7 ay sonra - 2008-ci ilin martında kiçik qardaşım bakalavr təhsili üçün bura gəldi. O bakalavrı bitirəndən sonra Samsung Engineering şirkətində iş imkanı qazandı, eyni zamanda magistraturaya qəbul oldu, məsləhət gördüm ki, təhsilini davam etdirsin. Onu da bitirdi, hazırda PHD-ni oxuyur, bitirmək üzrədir. UX/UI dizayn (web və mobil platformaların dizayn edilməsi) üzrə fəaliyyət göstərir. Ortancıl qardaşım bakalavr təhsilini Azərbaycanda aldı, ardınca qrant əsasında Avstraliyada magistratura oxudu, daha sonra onu da Koreyada ikinci magistr təhsili almağa inandıra bildim. Hazırda PHD-nin ilk semestrində oxuyur. Qarşımda o suallar həmişə vardı. Bizim şirkətdə 2012-ci ilin iyunundan indiyə kimi təxminən 11-12 nəfər xarici vətəndaş işi qoyub gedib. Dözə bilməyəni, uyğunlaşmayanı olub. Deyirlər ki, burda maddi imkanlar yaxşıdır, amma çətinliklərinə dözməyə dəymir. Ona görə mən də o addımı ata bilərdim. Amma fikirləşdim ki, ailənin bir üzvü kimi qardaşlarıma, ümumilikdə azərbaycanlı kimi digər gənclərə nümunəyəm. Biri var deyirsiniz ki, çətin oldu geri çəkildim, biri də var ki, çətin oldu, amma mən bunun öhdəsindən gəldim. Fikirləşdim ki, 50-60 yaşım olanda ailəmə, dostlarıma nə deyəcəyəm? İstər kişi, istərsə də qadın olsun, onun bir hekayəsi olmalıdır. Ötənlərdən danışanda deyəsən ki, mən bunun öhdəsindən gəldim. Nümunə olmağın məsuliyyətini üstümdə hiss etdiyim üçün öhdəsindən gəlməyəcəyimi düşünmədim. Düşündüm ki, bu şirkəti yalnız uğur qazanandan sonra buraxa bilərəm. Çətinliklərə görə işi buraxmaq mənim zəifliyim olardı.
- Orda insanlarda qarışqa kimi işləmək yanaşması var. Onlarla ayaqlaşmaq çətin deyil?
- Düzdür, burda insanlar çox işləyirlər. Qərb yarımkürəsinin mədəniyyətində ailə öncədir. Biz pul qazanırıq ki, ailəmizi saxlayaq, xoşbəxtliyimizi təmin edək. Koreyada isə əksinə, şirkət öncədir. Yanaşma belədir ki, şirkət ailənin xoşbəxtliyinin təməlidir, şirkətdən gələn maddi-mənəvi faydalar ailəni ayaqda saxladığına görə öndə iş gəlir. Burda hamı necədirsə, sən də elə. İşdən gec çıxırlar, çox işləyirlər. İşçilər arasında məclislər tez-tez qurulur və siz orda iştirak etməlisiniz. Şirkətin əməkdaşları arasında xoş, sıx münasibət olmasına çalışırlar.
- İşdən gec çıxdıqlarını dediniz. İş neçədə başlayır, neçədə bitir?
- Səhər 8-də rəsmi iş vaxtıdır, amma biz 20 dəqiqə tez gedirik. Tez getməkdə məqsəd odur ki, kompüteri qoşub işə hazırlaşırıq, günü planlayırıq. Axşam 5-də bitir. Amma əlavə də işləyirik, 18:40-da çıxırıq. Gündəlik 10-11 saat işləyirik.
- 5-dən sonra işlədiyinizə görə əlavə qonorar ödənilir?
- 5-dən 6-ya qədər qalmağımız üçün ödənilir. Amma 6-dan sonrakı yarım saat üçün ödənilmir. Buna ehtiyac görmürlər.
- İşə ilk olaraq hansı vəzifə ilə başlamışdınız?
- İş həyatıma menecer köməkçisi olaraq başlamışam, hazırda menecer pilləsinə yüksəlmişəm. Gələcəkdə vəzifədə yüksəlmələr gözlənilir.
- Orda irəli getmək prosesi necədir? Kimlər irəli gedə bilmir?
- İrəli getmək o deməkdir ki, vəzifədə qalxdıqca sizin tabeliyinizə koreyalılar gələcək, siz onlara göstəriş verməlisiniz. Təsəvvür edin, siz Koreyada ola-ola onların şirkətində və onların dilində fikrinizi ifadə etməyi özlərindən daha yaxşı bacarmalısınız. Ona görə burda əcnəbinin irəli getməsi çətindir. "Əcnəbilər bizdən biri deyil” tipli bir yanaşma da olduğu üçün irəli getmək elə də asan olmur. Dünyanın hər bir yerində iş siyasəti var, sənin öz xəttin, iş ətrafın formalaşmalıdır. Burda əcnəbi birinin onu formalaşdırması çox çətindir. Əvvəla, gündəlik iş həyatında qarşıya qoyulan işlə bağlı ortaya daha yaxşı nəticələr çıxarmalı, hesabatlarınız yaxşı olmalı, tapşırıqları daha yaxşı yerinə yetirməlisiniz. Adətən, sırf əcnəbi olaraq qalan adamlar irəli gedə bilmir. Koreya mədəniyyətini anlamalı, əcnəbi kimi malik olduğun müsbət keyfiyyətləri bu mədəniyyətin kontekstində təqdim etməlisən. Ancaq bu yolla uğur qazanmaq mümkündür.
- Belə başa düşdüm ki, nə qədər əcnəbiləri sevməsələr də, işi biləni əldən vermirlər?
- Xariciləri götürməkdə məqsədləri odur ki, koreyalıların bacarmadıqlarını əcnəbilərdən alsınlar. Nə qədər çətin olsa da, vəzifəsini gözəl şəkildə icra edən xarici işçinin getməsini qəti istəmirlər. Çünki şirkətdə 5-6 il işləmiş adama maaş verir, treninqlərə göndərirlər. Artıq istiqaməti öyrənmiş adamın getməsini heç istəmirlər. Çünki o kadr artıq şirkətin yatırımı deməkdir. İnsan kapitalına böyük dəyər verirlər. Amma təbii ki şirkətin çətinlikləri ilə yanaşı, imkanları da çoxdur. Çətinliklərə sinə gərib öz yolunu tapmaq lazımdır.
- Rəqabətdə güclü olmaq üçün hər bir kadr daim özünü inkişaf etdirməlidir. Orda bu yanaşma necədir?
- Bizdə şirkətdə treninq imkanları mövcuddur. Hansısa sistemin idarə edilməsi, konkret menecment qabiliyyətinin artırılması istiqamətində toplantılara gedirəm, seminarlarda iştirak edirəm, özüm seminarlar təşkil edirəm, diskussiyalar aparırıq. Menecment sertifikatları üzrə hazırlaşırıq. Dil qabiliyyətlərimi artırmaq istiqamətində çalışıram. Növbəti məqsədim ispan dilini öyrənməkdir. Özünü inkişaf etdirmək elə bir şeydir ki, gündəlik həyatda hiss olunmur, amma illərlə davam etdikcə qazandığınız əlavə qabiliyyətlər sizi irəli aparır.
- "Buta” təşkilatının həmtəsisçilərindən olduğunuzu dediniz. Təşkilatın əsas fəaliyyət istiqaməti nədir?
- Bu təşkilat Koreyada fəaliyyət göstərir. Əvvəllər Azərbaycanla bağlı tədbirlərimiz də olub. Amma əsasən, fəaliyyətimiz Azərbaycan tələbələrinin Koreyaya uğurlu inteqrasiyasına fokuslanıb. Amma yenə də Azərbaycanla bağlı tədbirlər olanda təşkilatımız öz dəstəyini verir.
- Gələcəkdə də karyeranızı Koreyada görürsünüz?
- Həmişə məqsədim qlobal səviyyəli mütəxəssis olmaq olub. Fikirləşirəm ki, insan peşəkar olmalı, həmişə irəli getməyə çalışmalıdır. Sabah başqa qlobal şirkətdə işləyə, yaxud burda qala bilərəm. Pul yox, irəli getmək naminə çalışıram. Mənə görə insan bu dünyaya gəlibsə, mütləq bir iz qoyub getməlidir. Azərbaycanlıların potensialı olsa da, indi-indi onu kəşf edib dünyaya açılırıq, ona görə məqsədim peşəkar mənada Azərbaycanı təmsil etməkdir. Nə öyrənsəm, onu digər azərbaycanlılara da aşılmağa çalışıram. Çünki ayrı-ayrılıqda yox, hamılıqla irəli getməyin tərəfdarıyam.
- Orda kirayədə qalırsınız?
- Bəli, 5 mərtəbəli binada qalırıq. Mən dostumla üçüncü mərtəbədə bir evdə qalıram, qardaşlarım 4-cü mərtəbədə olur. Mən gələndən sonra bu binaya 3-4 azərbaycanlı ailə gəlib. Buranı azərbaycanlılar üçün bir köşə də adlandırmaq olar. Koreyada nadir məhəllələrdəndir ki, küçədə gözünə azərbaycanlılar dəyir.
- Bizdə belə yanaşma var ki, hər uğurlu kişinin arxasında mütləq bir qadın olur. Bəs siz hələ ailə qurmaq haqqında düşünmürsünüz? Və o xanım azərbaycanlı olacaq, yoxsa koreyalı?
- Bir insanın uğur qazanması öncə ailədə olmalıdır. Biz dünyaya gəliriksə, xeyirli övladlar qoyub getməliyik ki, qoyduğumuz missiyanı davam etdirsinlər. O missiya Azərbaycan maraqlarının qorunub inkişaf etdirilməsidir. Buna nail olmaq üçün ailə çox vacibdir. 10 ildir ki, Koreyadayam. Burda həyatım çox dinamik olub. Əvvəl qrant vasitəsilə gəlmişdim, sonra magistratura oxudum. Daha sonra qardaşlarımın bura gəlib yerləşməsi üçün çalışdım. Elə olub ki, 4 il bilet almağa pulum olmadığı üçün Azərbaycana getməmişəm. O resursların hamısını ailəm üçün xərcləmişəm. Həmişə ailə qurmağa çalışmışam, amma elə dinamik vaxtlar olub ki, buna bəzən vaxt, bəzən maddi imkan olmayıb, ya da bəlkə də o insan qarşıma çıxmayıb. Əcnəbilərlə ailə qurmağa normal baxıram. Qismət olarsa, azərbaycanlı xanımla ailə qurmaq istəyərəm. Amma qətiyyən və əsla əcnəbi ilə ailə qurmağa neqativ yanaşmıram.
Kaspi.az©