“Hər konteyner uğrunda müharibə gedirdi”.
Crocus Group-un sahibi Araz Ağalarov RBK-ya bir milyon plaşı necə satması, kooperativ hərəkatının ilk dalğasının hara yoxa çıxması və sovet tərbiyəsinin ona necə mane olmasından danışıb. Məqalə SSRİ-də başlayan yenidənqurmanın 30-cu il dönümünə həsr olunub.
İş adamının bəyanatlarının maraqlı olduğunu nəzərə alaraq, həmin materialı təqdim edirik.
“Hər şeylə alver edirdik”.
Yenidənqurma başlayanda mən aspiranturada oxuyurdum. Həmin azadlığı qəflətən hiss etdiyim konkret anı xatırlamıram, lakin yadımdadır ki, dostlarımızın dar çevrəsində əyləşmişdik və mən dedim ki, dünən qeyri-qanuni olan sabah qanuni olacaq. Qanuni şəkildə qazanmaq olacaq.
Heç kim nə dediyimi anlamadı. Hərənin 300 dollara görə 5 il həbs edilən yaxud kiməsə nə isə satdığı üçün 10 il cəza alan dostları var idi. Xırda işlərlə isə demək olar ki, hamı məşğul olurdu. Özünə iki cins aldın – birini satdın. Yaxşı görünmək üçün birtəhər dolanmaq lazım idi.
Mən başa düşürdüm ki, hər şey kökündən dəyişəcək. Sənin istədiyini edə biləcəyin, sərbəst rəssam ola biləcəyin yeni istiqamət peyda oldu. Bu, yenidənqurmanın əsas nailiyyəti idi. Axı əvvəllər hər şey çox sərt idi: ya sən alimsən, ya incəsənət xadimi, ya da partiya işçisi…
Bizneslə 1988-ci ildə məşğul olmağa başladım. İlk kooperativi “Zəfəran” adlandırdıq. Sonra onu ingilis dilinə çevirdilər və “Krokus” alındı. O zaman bütün kooperativlər alış-verişlə məşğul idi, başqaları demək olar ki, yox idi. Biz hər şeyi satıb-alırdıq.
O zaman mağazaların piştaxtaları boş idi. Biz isə mənim yaxın dostlarımın olduğu Azərbaycandan şaftalı, nar, qovun, qarpız gətirirdik. On tonluq maşın gəlirdi və biz onu Novıe Çeremuşidə 10 universama paylayır, sonra isə pulları yığırdıq. Təyyarələrlə Moskvaya təzə göyərti göndərirdik. İnsanlar səhər məhsulu yığır, təyyarəyə yükləyir və hava limanından birbaşa bazara aparırdılar.
Sonra kompüterlər peyda oldu və biz texnika satmağa başladıq. Hər şeydən yapışırdıq. Hətta küçələrin süpürüldüyü süpürgələri də satırdıq. Moskva belə süpürgələri yük maşınları ilə alırdı. Nə qədər gətirsə idin o qədər də alırdılar. Sonra aydın oldu ki, matyroşka, qutular, çadırlara da tələbat var – biz bütün bunları alıb-satmağa başladıq. Bir qismini də elə düti-fri vasitəsilə. Yeri gəlmişkən, bu istiqamətdən kifayət qədər böyük biznes alındı.
“Bu plaşdan mən bir milyon ədəd satdım”
Sonra məlum oldu ki, prioritet istiqamətləri müəyyənləşdirmək lazımdır. Biz sərgi fəaliyyətinə və ayaqqabı satmağa başladıq. SSRİ-də bu seqmentdə həmişə böyük problemlər olub və bundan başqa, bizim Çində etibarlı tərəfdaşlarımız var idi. Biz ayaqqabını eşelonla bütün SSRİ ərazisində satırdıq, hər konteyner uğrunda müharibə gedirdi.
Elə o zaman mən özüm yüngül plaş hazırladım, onu Al-Kapone adlandırdım. Plaşı hətta özün də geyinə bilərdin. Həmin plaşlardan bir milyon ədəd satdım, baxmayaraq ki, təkcə qara rəngli model idi.
Mən deməzdim ki, o zaman çox adam biznesə getdi. 1990-cı ildə bəziləri hələ də inanırdı ki, hər şeyi ala bilərlər. Bəli, kooperativlərin sayı artmaqda idi, amma əslində heç kimin pulu yox idi, hər şey çox çətin gedirdi. Bina tapmaq, qeydiyyat almaq qeyri-mümkün idi. Çoxları bunu müvəqqəti qazanc imkanı kimi qiymətləndirirdi. Heç kim elmi-tədqiqat institutunda direktor kreslosunu atıb kooperativə gəlmək istəmirdi. Yeri gəlmişkən, kooperativ hərəkatının ilk dalğası harasa yoxa çıxdı.
Şəxsən mənə biznesdə sovet tərbiyəsi mane olurdu. Bizim işlədiyimiz kapitalistlər nəyisə düz imzalamasa yaxud anlamasa idin, sənin dərini soyardılar. Onlar belə də deyirdilər: “Biznes və şəxsi heç bir şey yox”.
Sovet dövrünün adamları isə elə tərbiyə almışdılar ki, əgər sən nəyi isə sonadək danışmasa yaxud imzalamasa idin, bir qayda olaraq, onlar səni sıxışdırmırdılar. Yaxud misal kimi, bir nəfəri işə götürmüsən və o, öhdəsindən gəlmir. İşdən çıxarmaq rahat deyil, çoxdan işləyir, bizimlə birgə başlayıb, ailə… Bütün bunlar ciddi sahibkarlıq çərçivəsində mümkün deyil.
Eyni zamanda sovet təhsili bizə real olaraq kömək edirdi. Həmin illər bu təhsil kifayət qədər əsaslı və fundamental idi. Aspiranturada çox işləməyi öyrəndim. Bizi köhnə nəzəriyyələrlə öyrətsələr də, həmin biliklər də lazım gəlirdi.
“Aydın görünür ki, Sovet İttifaqını saxlamaq olardı”
Yenidənqurmanı başqa cür etmək lazım idi. Belə ki, yenidənqurma elan edib dalğa qaldırsalar da, real dəyişikliklər baş vermirdi. Kommunist partiyası çox qorxurdu. O, başa düşürdü ki, nəsə etmək lazımdır, lakin nə etmək lazım olduğunu bilmirdi. Kommunizm ideyasını şəxsi mülkiyyətlə uyğunlaşdırmaq bir rebus idi.
Kənd təsərrüfatı, yüngül sənaye və məişət sahəsini özəlləşdirmək lazım idi – o zaman 1991-ci ilin süqutundan qaçmaq olardı. SSRİ dağılmasa idi daha çox şeyə nail olmaq olardı. Ağır sənaye, neft, qaz sahələrində dövlət mülkiyyətini saxlasa, iqtisadiyyatın bu sektoru üçün planlı təsərrüfatı saxlasa idilər. Axı dövlət bu işin öhdəsindən pis gəlmirdi. O zaman güclü mərkəz olar, şəxsi mülkiyyət isə onun ətrafında qurulardı.
Çoxları Sovet İttifaqının dağılmasını obyektiv zərurət hesab edirlər. Lakin mən razı deyiləm. Görünür ki, Sovet İttifaqını saxlamaq olardı. SSRİ-dən qopan respublikalar heç nə üçün qopduqlarını və bundan sonra nə etməli olduqlarını bilmirdilər.
Bu, süni tədbir idi. Hakimiyyətdə olan Qorbaçov çox qərarsız idi, özünü bütün dünyaya liberal göstərmək istəsə də, hansı tərəfə üzməyin lazım olduğunu anlamırdı. Dövlət idarəetmə sistemini itirməzdən əvvəl hərəkət etmək lazım idi. Və 1991-ci ildəki fəlakət baş verməzdi.