Son 4 ayda Dohada fəaliyyət göstərən Azərbaycan Ticarət Evi vasitəsilə Qətərə 400 tondan çox Azərbaycan istehsalı olan meyvə-tərəvəz idxal edilib.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda Azərbaycan Ticarət Korporasiyasının (ATK) təşəbbüsü ilə təşkil olunmuş "Qətər bütün dünya üçün" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Ticarət Evi Azərbaycan ilə Qətər arasında qarşılıqlı faydalı əməkdaşlığı və investisiyaları inkişaf etdirmək üçün dinamik platformadır:
"Bu, Azərbaycanın iş adamlarının məhsul və xidmətlərini nümayiş etdirməsi, qətərli sahibkarların isə Azərbaycanda imkanlarını araşdırılması üçün əsas rol oynayır.
Azərbaycan Ticarət Evi vasitəsilə ticarət əlaqələrin genişləndirməyi, investisiyaları cəlb etməyi və gələcək əməkdaşlıq üçün əlverişli mühit yaratmağı hədəfləyirik".
Xatırladaq ki, 2022-ci ilin oktyabrın 31-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirakı ilə sonradan "Azərbaycan Ticarət Korporasiyası" adlandırılan "Azərbaycan Ticarət Evi"nin açılışı olub.(Report)