Azərbaycanda biznes və iş adamları üçün tətbiq edilən qaydaların və tələblərin böyük hissəsi sahibkarın hansı kateqoriyaya aid edilməsindən asılı olaraq dəyişir.
FED.az xəbər verir ki, hazırda ölkəmizdə biznes subyektləri ölçülərinə - illik dövriyyələri və işçi sayı nəzərə alınmaqla 4 yerə ayrılırlar.
Bu bölgü 2018-ci ildə Nazirlər Kabinetinin «Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları»nın təsdiq edilməsi haqqında 556 saylı qərarı ilə həyata keçirilib.
Qərara əsasən Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il aprelin 20-dək sahibkarlıq subyektlərinin illik dövriyyələri və işçi saylarını dəqiqləşdirərək Statistika Komitəsinə təqdim edirlər. Nəticədə hər il bu siyahı yenilənir və may ayının 10-dək yeni bölgü başa çatır.
Mikro, kiçik, orta və iri sahibkarlar üçün ölçü meyarları aşağıdakı kimidir.
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları |
İşçilərinin orta siyahı sayı (nəfər) |
İllik gəliri (ig) (min manat) |
Mikro sahibkar |
1 - 10 |
ig ≤ 200 |
Kiçik sahibkar |
11 - 50 |
200 < ig ≤ 3.000 |
Orta sahibkar |
51 - 250 |
3.000 < ig ≤ 30.000 |
İri sahibkar |
251 və ondan yuxarı |
30.000 < ig |
Qeyd edək ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün "işçilərin orta siyahı sayı" və "illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında müəyyən edilir.
Gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.