İxrac missiyalarına, xarici sərgilərdə iştiraka, ixrac təşviqinə, ticarət evlərinin açılmasına və digər dövlət dəstəklərinə baxmayaraq qeyri-neft məhsulları ixracı kəskin artmır. Əksinə, qeyri-neft məhsulları ixracının artım sürəti 2 dəfə aşağı düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatlarından məlum olur ki, 2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur. Real ifadədə artımın cüzi olması ixrac olunan qeyri-neft məhsullarının miqdarının aşağı düşdüyünə işarədir.
2017-ci ildə 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdi ki, bu da 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çox idi.
Qısası, 2017-ci illə müqayisədə 2018-ci ildə qeyri-neft məhsullarının ixracı pul ifadəsində cəmi 150,8 milyon dollar artıb.
2016-cı ildə qeyri-neft məhsullarının ixracı 2015-ci ilə nisbətən 16,4 faiz azalaraq 1 milyard 237,1 milyon dollar təşkil etmişdi.
Devalvasiyalardan sonra qeyri-neft məhsulları ixracının dəfələrlə artacağı ümid edilirdi. Bir ildə qeyri-neft məhsulları ixracının cəmi 150,8 milyon dollar artması qənaətbəxş deyil. Rəqəmlər göstərilir ki, həyata keçirilən tədbirlər hələlik effektli deyil. Ekspertlər hesab edirlər ki, markalaşma və qlobal brendlər ilə birgə istehsal olmadan böyük həcmlərdə ixraca nail olmaq çətin olacaqdır.
Ümid edək ki, xaricdə ticarət evlərinin açılması, ixrac missiyaları, sərgilərdə iştirak, ölkədə ixracı əvəz edəcək istehsalların qurulması və s. qarşıdakı illərdə ixracın daha yüksək templər ilə artmasına səbəb olacaqdır.
Sonda qeyd edək ki, Azərbaycan ixracatçıları Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində sabit qalmasının ixraca mənfi təsir etdiyini bildirirlər. Əgər Manat bir qədər də ucuzlaşarsa ixracatçılar xarici bazarlarda qiymətləri endirə və ya ixracdan manat ifadəsində daha çox gəlir götürə bilərlər. Ötən dövr ərzində xarici bazarlarda Azərbaycana rəqib ölkələrin milli valyutaları ucuzlaşdığından həmin ölkələrin ixracatçılarının rəqabət qabiliyyətləri artıb.
Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər
@Marja