"Strateji Yol Xəritəsi” enerji sahəsində sistemli islahatların keçirilməsində çox böyük rola malikdir. Bu, çox mürəkkəb islahatdır. Bütün ölkələr bu yoldan keçməlidir və keçiblər. Biz də son illər bu yolu keçirik”.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti ilə bağlı keçirilən müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Eləcə də bax: Bakıda abadlaşdırma və təmir işləri - TENDER ELANI
“İlk illərdə daha çox enerji təhlükəsizliyinə diqqət yetirirdik. İndi isə daha çox səmərəlilik, keyfiyyət məsələləri ortadadır. Bununla əlaqədar yol xəritələrində konkret məsələlər qoyulub. Amma onların icrasında bəzi məsələlər çıxır ki, həmişəki kimi razılaşdırılması uzun vaxt aparır. Eyni zamanda bəzi layihələr hazırlanır və onlar qəbul olunmur. Biz istərdik onları dəqiqləşdirək”, - o qeyd edib.
S.Həsənovanın sözlərinə görə, əsas problemlər qanunvericilik və tarif məsələləri ilə bağlıdır: "Burada qanunvericilik və tarif məsələləri var ki, obyektiv səbəbdən burada yazılan tərzdə ilin sonuna qədər icrasını gözləyə bilmərik. Bunlar nədir? Kommunal xidmətlər sektorunun normativ-hüquqi bazasının hazırlanması. Bununla əlaqədar biz Prezident Administrasiyasına öz təklifimizi göndərmişik. Normativ-hüquqi aktlarla bağlı biz bir sıra qanunvericilik layihələri hazırlayıb təklif etmişik. İlk olaraq biz “Kommunal xidmətlər haqqında” qanun layihəsi hazırladıq. Beynəlxalq təcrübədə bu var. Bizim problemimiz yığımlarla bağlı idi, bu sənəd də yığımları tənzimləyirdi".
Nazir müavini qeyd edib ki, bəzi qurumlar subyektiv səbəblərdən təklif edilən qanun layihələrinin əleyhinə çıxır: "Bayaq Samir müəllimlə də (energetika nazirinin müavini Samir Vəliyev) müzakirə edirdik. Amma təəssüf ki, nəyəsə görə siyasət müəyyən edən qurumların sənədləri subyektlərə gedir və əlbəttə ki, bu da onların maraqlarına cavab vermədiyi üçün bütün bu təşəbbüslərin əksinə çıxırlar. Bu təşəbbüslər icrasız qalır. Bundan sonra belə çıxır ki, vahid qanun çərçivəsində həll olunması məqsədəuyğun deyil. Amma inanıram ki, biz buna 1-2 ildən sonra yenə qayıdacağıq. Ona görə hazır qanunumiz var. O vaxta qədər hazır olacağıq. Digər sahəvi qanunvericiliklərin təkmilləşdirilməsi üzərində ciddi iş gedir. Eyni zamanda "Doing Business" çərçivəsində xeyli işlər görülüb. Bu bəndlər də 2017-ci ilə nəzərdə tutulmuşdu. Biz təklif etmişdik bu bənd ümumiyyətlə buradan çıxılsın. Yəni 2019-cu il üçün 3-cü bənd daha qiymərləndirilməsin. Yəni sənədlər verilib, iş gedir, razılaşdırılmada da hələki vaxt uzanır".
S.Həsənova gündəmdə olan məsələlər haqqında da danışıb: "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" qanun layihəsi gündəmdədir, "Su təchizatı və tullantı suları haqqında", "Elektroenergetika haqqında" bütün bu məsələlər gündəmdədir. Amma mən inanmıram ki, ilin sonuna qədər bütün bu məsələlər qəbul oluna bilər. Xahiş edirəm ki, bunu nəzərə alasınız. Eyni zamanda 6.1.2-ci bənd olan "Su ehtiyatlarından səmərəli istifadə məqsədi ilə tədbirlərin görülməsi" ilə əlaqədar biz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə müəyyən işlər görülüb".
Report