FED.az vergi yığımlarındakı son vəziyyət və tətbiq edilən yeniliklərin ilkin nəticələri ilə bağlı Vergilər nazirinin müşaviri Xaqani Abdullayevlə müsahibəni təqdim edir
- Xəqani müəllim, ilk yarım ildə iqtisadiyyatın hansı sahələri üzrə daxilolmalarda daha çox artım müşahidə olunur? Vergi orqanlarının göstəriciləri nəyə işarə edir?
- Apardığımız təhlillər göstərir ki, ötən 6 ayda qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində, habelə regionlardan vergi daxilolmaları artmaqdadır. Bu dövrdə daxilolmalarda ən yüksək artım templəri rabitədə (+48%), bank və sığortada (+45%), pərakəndə ticarətdə (+27%), nəqliyyatda (+23%) və xidmət sahəsində (+21%) müşahidə olunmuşdur. Yüksək artım dinamikası, həmçinin, tədiyyə növləri üzrə də müşahidə edilməkdədir. Xüsusilə qeyri-neft-qaz sektoru üzrə göstəricilərə diqqət yetirsək, görərik ki, ƏDV-də 18% artım var. Bu, ƏDV-yə cəlb olunan dövriyyələrin artımı ilə bağlıdır. Buna təsir edən əsas amillər isə həyata keçirilən vergi islahatları, ölkədəki ümumi iqtisadi artım və əlbəttə ki, şəffaflaşma prosesləridir.
"Ağarma” indikatorları müəssisələrin rentabellik göstəricilərində və zərərə çıxan müəssisələrin sayının azalmasında müşahidə olunur. Sahibkarlar gəlirlərini və mənfəətlərini leqallaşdırmağa başlayıblar ki, bu da özünü mənfəət vergisi üzrə ödəmələrdə aşkar nümayiş etdirir. Bu ilin 6 ayının nəticələrinə görə, qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolmalarda 30% artım qeydə alınıb. Eyni zamanda, aksizli mallar istehsal edən müəssisələrin fəaliyyəti üzərində effektiv vergi nəzarətinin təmin olunması nəticəsində qeyri-neft-qaz sektorunda aksizlər üzrə artım 4,8 dəfə təşkil edir. Bütövlükdə götürsək, ƏDV, mənfəət vergisi, aksizlər üzrə daxilolmaların cəmi daxilolmalarda xüsusi çəkisinin artdığı müşahidə edilir.
Regionlardan da vergi daxilolmaları artıb. Bu həm büdcə gəlirlərinin regional diversifikasiyası, həm də regionların özünümaliyyələşdirmə imkanlarının yaxşılaşdığını göstərir. Cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ərazi vergi orqanları üzrə daxilolmalar 12,6% artıb, bunun cəmi daxilolmada xüsusi çəkisi 9,5%-dən 10%-ə qalxıb. Təhlillər göstərir ki, mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların öz potensialı üzrə daxilolmaları 22,7% artıb, ƏDV, mənfəət vergisi, gəlir, aksiz və torpaq vergiləri üzrə daxilolmalarda müsbət dinamika müşahidə edilir.
- Biznesin şəffaflaşmaya doğru getdiyini qeyd edirsiniz. Vergi daxilolmalarından başqa, şəffaflaşma göstəriciləri özünü daha nədə göstərir?
- Şəffaflaşma indikatorlarından biri də ƏDV-yə cəlb olunan dövriyyələrin artırımıdır. Son bir ildə aktiv ƏDV ödəyicilərinin sayında 40%-dən çox artım qeydə alınıb. 2019-cu ilin 6 ayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, qeyri-neft-qaz sektorunda ƏDV-yə cəlb olunan dövriyyələrin həcminin 10,6% artdığını görərik. Ayrı-ayrı sektorlar üzrə götürsək, pərakəndə ticarətdə ƏDV dövriyyəsi 40%, topdansatış ticarətdə isə 25% artıb.
Bundan başqa, bir sıra fəaliyyət sahələrində: ticarət sektorunda dövriyyə 22,1%, o cümlədən pərakəndə ticarətin dövriyyəsi 35,2%, topdansatış ticarətin dövriyyəsi 13,4%, ictimai iaşənin dövriyyəsi 25,7% artım nümayiş etdirir. Bu prosesin ticarət sektorunda sürətlə getməsi xüsusilə vacibdir, çünki, fikrimizcə, böyük yayınmalar məhz bu sahədə özünü daha qabarıq göstərirdi. Pərakəndə ticarətdə obyektlərin sayının dövr ərzində 7,5%, iaşədə isə 4,8% artması fonunda dövriyyələrin yüksək artım templəri onu göstərir ki, sahibkarlıq subyektləri daha çox dövriyyəni rəsmiləşdirirlər.
Digər mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. Vergilər Nazirliyinin bu sahədəki tədbirləri nəticəsini verməkdədir. Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 54,3%-dən 61,3%-ə yüksəlib, həcmi isə 20,6% artıb. İstehsal və topdansatış üzrə toplam dövriyyə 13,8%, o cümlədən e-qaimə ilə rəsmiləşən dövriyyə 37,1% artıb. Nəticədə istehsal və topdansatış üzrə e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 65,1%dən 78,4%ə yüksəlib. Topdansatış ticarətdə e-qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 42%, pərakəndə ticarətdə 50%, istehsalda isə 30% artıb. Bu gün əldə olunan göstəriciləri təhlil edərkən topdansatış ticarətdə e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin 65,3%-dən 81,7%-ə yüksəldiyini görürük. İstehsal sahəsində (qeyri-neft-qaz istehsalı) bu göstərici 64,7%-dən 73,4%-ə qalxıb. Digər fəaliyyət sahələrinin əksəriyyətində e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artdığı müşahidə olunur. Bundan başqa, iyunun 1-nə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb.
Bütün bu göstəricilər "kölgə iqtisadiyyatı”nın həcminin azalması deməkdir. Eyni zamanda, ƏDV dövriyyəsinin artım tempinin əvəzləşdirilən dövriyyənin artım tempini üstələməsi, bank hesabından ƏDV depozit hesabına mədaxilin artması da onu deməyə əsas verir ki, bank sistemindən keçən dövriyyələrin həcmi həm əsas məbləğ, həm də ƏDV məbləği üzrə artıb ki, bu da "ağarma” əlamətlərindən hesab oluna bilər.
- Bu il gəlir vergisi üzrə güzəştlərlə bağlı vergi qanunvericiliyində mühüm bir dəyişiklik edildi. Məqsəd əmək münasibətlərinin şəffaflaşmasına nail olmaq idi. Bu gün ilkin nəticələrdən danışmaq mümkündürmü?
- Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin gəlir vergisindən 7 il müddətinə azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsindən danışarkən iki mühüm aspektə diqqət yetirmək lazımdır. Bunlardan biri bağlanmış əmək müqavilələrinin sayı, digəri isə əməkhaqqı fondudur. Bu ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınmışdır ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələrinin sayının dörddəüçünü təşkil edir. Ən son məlumata görə, cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə yaxın, o cümlədən qeyri-dövlət bölməsində 84 minə yaxın artım olub (ümumi say artımının 77,1%-i). Qeyri-dövlət bölməsi üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 22,9 min (ümumi artımın 27,3%-i), xidmət sektorunda 16,3 min (ümumi artımın 19,5%-i), sənayedə 15,2 min (ümumi artımın 18,1%-i), tikintidə isə 10,8 min (ümumi artımın 12,9%-i) artıb. Beləliklə, bu artım daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrdə müşahidə olunub. Göründüyü kimi, əmək müqavilələrinin ümumi say artımının əsas hissəsi gəlir vergisi üzrə güzəştlərin tətbiq olunduğu qeyri-dövlət bölməsi üzrə baş verib ki, bu da çox müsbət haldır.
- Bəs işçilərə ödənilən əmək haqqları necə, artıbmı?
- Bütün bu proseslərin nəticəsində cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qeyri-dövlət sektorunda əməkhaqqı fondunun həcmi 22,8%, o cümlədən minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla 21,4% artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5% bəndi yüksəlmişdir.
Beləliklə, əmək müqaviləsi olmayan işçilərin sayı azalmaqdadır ki, bu da muzdlu işçilərin cəmi məşğul əhalidə xüsusi çəkisinin artmasına, nəticədə işçilərin rəsmi əmək bazarında və pensiya sistemində iştirak səviyyəsinin yüksəlməsinə şərait yaradır. Muzdlu işçi sayının artması əməkhaqqı fondunun məbləğinin, onun ÜDM-də və əhalinin pul gəlirlərində xüsusi çəkisinin yüksəlməsinə əlverişli zəmin yaradır. Əməkhaqqı kartlarının sayında da adekvat artımlar əmək bazarında şəffaflaşma proseslərini təsdiq edir.
- Bu dəyişikliklər DSMF ödənişlərinə necə təsir edib?
- Əmək bazarının şəffaflaşmağa başlaması, nəticədə işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar 16,3% artaraq 1,273 milyard manat təşkil edib, proqnoz 112,5% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 18% artıb, proqnoz 116% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47% artaraq 48 milyon manat təşkil edib, proqnoz 116% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə həmin daxilolmalar 60% artıb, proqnoz 121% icra edilib.
Təsadüfi deyil ki, son illərdə ilk dəfə olaraq məhz bu il Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən edilən transfertlərin həcmi azaldılıb.
- Vergi yoxlamalarının sayının azaldıldığı bildirilir. Bu yanaşma nə qədər davam edəcək?
- Bizim məqsədimiz yoxlama aparmaq deyil, vergi ödəyicisini nəzarət tədbirlərinə məruz qoymadan öz ohdəliyini vaxtında və tam həcmdə yerinə yetirməsinə nail olmaqdır. Vergi orqanlarının işçilərinin sayı təxminən 2.300 nəfər, aktiv vergi ödəyicilərinin sayı isə 450 mindir. Belə olan halda, istəsəniz də bu sayda ödəyicini yoxlamaya cəlb edə bilməzsiniz. Bu baxımdan, vergi orqanları daha çox müasir rəqəmsal texnologiyalardan istifadə etməklə məsafədən nəzarət imkanlarını artırmağa çalışırlar. Bu, daha effektiv yoldur, eyni zamanda vergi ödəyicisinin birbaşa fəaliyyətinə müdaxilə etmədən həyata keçirilən üsuldur. Bu gün vergi yoxlaması yalnız fəaliyyətində əhəmiyyətli yayınmalara şübhə yaranan ödəyicilərdə təyin edilir.
Mənbə: Report