İctimai-iaşə fəaliyyəti bütün zamanlarda gəlirli sahələrdən olduğu üçün bu sahəyə maraq kifayyət qədər böyükdür. İnkişaf templəri və əhalinin gəlirləri artdıqca isə bu sahədə daha sivil və komfortlu xidmətlərin göstərilməsi meyilləri də sürətlənir. Respublikada son illər fəaliyyətə başlayan yeni ictimai iaşə obyektlərinin sayı durmadan artır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hələ də bir sıra obyektlərdə xidmətin təşkili qaydalarına, istehlakçıların hüquqlarının müdafiəsinə yanaşma qanunvericiliyin tələbləri səviyyəsində deyil. Məhz bu səbəbdən istehlakçılardan hansısa restoran və ya kafe barədə şikayətlər eşitmək mümkündür. Bunu nəzərə alıb bu kimi xidmət obyektlərində xidmətin təşkili qaydaları barədə bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirik.
Birinci növbədə sahibkarlıq subyektləri nəzərə almalıdır ki, ictimai iaşə obyektləri zəruri olan cihaz və avadanlıqlara malik olmalıdır. Belə ki, ictimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekt soyuducu və digər zəruri avadanlıqlarla təchiz edilməli, müştərilərə yüksək səviyyədə xidmət göstərmək və rahatlığını təmin etmək üçün zəruri vasitələrə və avadanlıqlara (mebel, qab-qacaq, alətlər və s.) malik olmalıdır. Xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sistemi qurulmalıdır. İstehlakçı olaraq hər birimiz ictimai iaşə obyektinə daxil olarkən ilk növbədə məhz bu məsələlərə fikir verməliyik.
Növbəti mərhələ məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır və bununla əlaqədar sahibkarlıq subyektlərinin qarşısında bir sıra icrası zəruri olan tələblər qoyulub. İctimai iaşə obyektləri öz fəaliyyətlərini aid olduqları növ (tip) və dərəcələrə (kateqoriyalara) müvafiq olaraq, mülkiyyətçi və ya rəhbər tərəfindən təsdiq edilmiş menyuya, yaxud malların çeşid siyahısına əsasən həyata keçirirlər.
Nəzərə alın ki, ictimai iaşə obyektlərində hazırlanan məhsulların menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə kalkulyasiya vərəqlərinə əsaslanaraq tərtib edilməlidir. İstifadə olunan ərzaq xammalının, hazır məhsullarının mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) olmalıdır. Eyni zamanda istehlakçı, ona təklif olunan iaşə məhsullarının həcminin (çəkisinin) yoxlanılması hüququna malikdir və bunun üçün müvafiq şəraitin yaradılması obyekt sahibinin borcudur. Həmin tələblərə əməl edilməsi obyekt sahiblərinin borcudur və buna görə məsuliyyət daşıyırlar.
Müştərilərə təqdim olunan ictimai iaşə məhsulları və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsi məqsədilə obyektdə onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu və çeşid siyahısı olmalıdır. İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatların verilməsi təmin edilməlidir.
Müştərilərlə hesablaşma zamanı da ictimai iaşə müəssəsi bir sıra qaydalara və tələblərə əməl etməlidir. Belə ki, ictimai iaşə obyektləri müştərilərlə hesablaşma zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab kağızını təqdim etməlidir. İstehlakçı ona buraxılmış məhsulların dəyərini nağd və ya qeyri-nağd hesablaşma yolu ilə ödəyə bilər. İstehlak edilmiş məhsul müqabilində istehlakçıya kassa çeki təqdim edilir.
Bilin ki, icraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətləri (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçını ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir. Qanunun 14-cü maddəsinin 5-ci bəndində göstərilir ki, istehlakçı satıcının yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
Sonda onu da qeyd edək ki, ictimai iaşə obyektinin işçiləri, davranış qaydalarını pozan müştərilərə xidmət göstərməyə bilərlər. İctimai iaşə obyektinin əmlakına ziyan vurmuş müştəri müəyyən olunmuş qaydada onu ödəyir.