"Bu gündən 500.000-dən çox işçisi ilə dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən IBM şirkətinin daimi işçisiyəm. Cəmi 4 aydan sonra daimi iş təklifi alan tək-tük tələbələrdənəm”. Bu sözləri gənc azərbaycanlı xanım Sevinc Ömərli feysbukda status olaraq yazmışdı. Və ardınca da "Bu uğurum məndən sizə ərmağan olsun, əziz müəllimlərim” deyə qeyd etmişdi. Biz də müəllimlərini bu cür fərqli təbrik edən, ixtisası üzrə dünyanın ən prestijli şirkətlərindən birində çalışmaq arzusu yerinə yetən Sevinc xanımın "Kaspi”yə müsahibəsini sizlərə təqdim edirik.
S.Ömərli deyir ki, təhsilə önəm verilən bir ailədə böyüyüb: "1990-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycandanam. Atam İbrahim Ömərov Qarabağ veteranıdır. Təhsilə çox önəm verən bir ailədə böyümüşəm. Hələ dörd yaşımızda atam bizə şahmat oynamağı öyrədib. Qonşuluqdakı uşaqları bir araya yığıb evdə şahmat çempionatı keçirirdi. Tez-tez qardaşımla məni ekskursiyaya aparardı. Yadımdadır, hələ üç yaşımızda bizə dünya ölkələrinin paytaxtlarını əzbərlətmişdi. Atamla yanaşı, anam da zehni inkişafımız üçün hər şey edirdi. Birlikdə şeirlər əzbərləyir, evdə maraqlı ssenari yazıb filmlər çəkirdik. Ümumiyyətlə, gərək valideynlər övladlarının inkişafı üçün onlarla vaxt keçirsinlər. Məncə, bunun nəticəsidir ki, təhsil dərəcələrinin ən pik nöqtəsinə qədər gəlib çıxmışam. Bu arada bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsində almışam. Magistatura təhsilimi Gazi Universitetinin MBA fakültəsinə təqaüdlü olaraq başa vurdum. Hazırda Macarıstanın Budapeşt Corvinus Universitetinə Marketinq ixtisası üzrə təqaüdlü doktorantura təhsili alıram. Fəlsəfə elmləri namizədiyəm”.
- Sevinc xanım, Müəllimlər günündə IBM-də işə başlamağınızla bağlı status yazıb, ardınca da müəllimlərinizin bayramını təbrik etdiniz, təşəkkürlərinizi yazdınız. Ona görə elə ilk olaraq məktəb illərinizdən danışaq. Məktəbdə necə bir şagird olmusunuz?
- Məncə, buna müəllimlərim daha obyektiv cavab verərdi. Amma onu deyim ki, dərslərə hər zaman aktiv qatılmışam, orta məktəbi əla qiymətlərlə bitirmişəm. Müəllimlərlə münasibətim çox yaxşı olub. Hələ də dostluq əlaqələrimiz davam edir. Fərdi inkişafımda universitet müəllimlərimin əsasən, də Nazim Cəfərsoyun rolu böyükdür.
- Davamlı təhsil almısınız, bəs işləmisiniz indiyə qədər?
- Magistatura təhsili aldığım illərdə müxtəlif işlərdə çalışmışam. 2013-cü ildə Türkiyənin Avropa Birliyi Nazirliyində çalışmışam. Türkiyədə fəaliyyət göstərən QHT-lərin Avropa Birliyinə fond müraciətlərini analiz edirdik. 2014-cü ildə universitetin "Erasmus” proqramına qəbul alaraq İngiltərənin Mançester şəhərində "Eurosolar” şirkətində 4 aylıq təqaüdlü praktika keçmək hüququ əldə etmişəm. Bundan başqa, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatında (BMT) COP12 konfransında qrup lideri olaraq çalışmışam. Eyni ildə Antalya şəhərində keçirilmiş G20 Zirvəsinin təşkilində rol almışam. Bildiyiniz kimi G20 dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkə liderləri ilə Avropa Birliyi təmsilçiliyini bir araya gətirən proqramdır. Zirvədə Barak Obama, Rəcəb Tayyip Ərdoğan, Angela Merkel, Vladimir Putin, Justin Trudeau kimi dünya liderlərini görmək imkanı əldə etmişdim.
Bundan əlavə, təhsil müddətimdə elmi araşdırmalar ilə geniş məşğul oluram. 2017-ci ilin yanvar ayında Beynəlxalq Araşdırma İnstitutunun (International Research İnstitute) Bratislavada keçirdiyi konfransda "İdarəçilərin qərarvermə prosesləri” ilə bağlı məqaləsini təqdim etmişəm. Həmin ilin sentyabr ayında isə Marketinq Trend Assosiasiyasının Londonda keçirdiyi konfransda elektron ticarətlə bağlı yazdığım məqalə ilə çıxış etmişəm. Qlazqo şəhərində keçirilən dünyanın ən məşhur marketinq konfranslarından biri olan EMAC-ın 47-ci toplantısında (Doctoral Colloquium) çıxış edən yeganə azərbaycanlı mən olmuşam. Universitet müəllimlərinin belə dəvət almaqda çətinlik çəkdiyi bu konfransda mən "Şirkətlərin dinamik qiymət strategiyaları və bunun istehlakçıların davranışlarına təsiri” mövzusunda çıxış etmişəm.
- IBM-də işə başlamağınız necə oldu?
- 2018-ci ilin yanvarın ayından etibarən IBM-də praktika keçməyə başladım. Cəmi 4 aydan sonra şirkət tərəfindən mənə biznes-analitik vəzifəsi üzrə daimi iş təklif edildi. Mənim ən böyük hədəflərimdən biri ixtisasım üzrə dünyanın ən prestijli şirkətlərindən birində çalışmaq idi. Buna nail olmağın qürurunu və məsuliyyətini yaşayıram. Həyat yoldaşım da IBM-də kompyuter mühəndisi olaraq işləyir. Mənim buralara gəlməyimdə ən böyük mənəvi dəstəkçim həyat yoldaşımdır. Belə bir məsəl var ki, yüksəlib birləşməkdənsə, birləşib yüksəlmək yaxşıdır. Bu məsəl bizim həyat devizimizə çevrilib.
- Sizcə, 4 ayda necə çalışdınız ki, belə bir təklif aldınız?
- Universitet illərində araşdırma metodlarını çox yaxşı öyrənib, araşdırma və öz-özünə öyrənə bilmə bacarığımı inkişaf etdirmişdim. IBM-in SPSS və AMOS proqramlarına tam hakim olmağım, statistika elmini dərindən bilməyim dörd aylıq praktika müddətində mənim fərqimi ortaya qoydu. Onu da vurğulamaq istəyirəm ki, IBM şirkəti idarəetmə strukturu olara Agile metodologiyasını mənimsəyib. Bu ideya ilə proyektlərin yaşam döngülərini çox düzgün idarə edib, qaynaqları daha verimli bir şəkilə gətirərək, müştərinin tələblərini daha yaxşı anlayır və buna uyğun davranırlar. Agile başlı-başına bir fəlsəfədir və mənim bu fəlsəfəni tez bir zamanda öyrənməyim də müsbətlərimdən biri oldu.
- IBM necə bir şirkətdir? İşçilərə münasibət cəhətdən şirkəti necə bir müəssisə olaraq dəyərləndirirsiz?
- IBM-də 500.000-dən çox işçi çalışır. Şirkət 200-dən çox ölkədə fəaliyyət göstərir. Dünyanın ilk daşına bilən kompüterinin yaradıcısı (Ibm5100 1975), ilk smartfonun (IBM Simon 1994), ilk elektronik kalkulyatorun (Anita 1963), Dinamik Ram, HDD hard disk və barkodun yaradıcısıdır. IBM-in Apollo proyektində yer alan insanlar Ayın kəşf etməsində rol oynayıb. 5 işçimiz Nobelə layiq görülüb. IBM-in yaratdığı "Deep Blue” adlanan süni intellekt dünya şahmat çempionu Harri Kasparovu məğlub eləmişdi. Dünyanın ən çox patentinə sahib şirkətlərindən biridir. İlk dəfə 1935-ci ildə gender bərabərliyini qoruyaraq qadınlara və kişilərə eyni maaşı verən şirkət olub. Bundan başqa, ilk dəfə 1914-də fiziki qüsurlu insanları işlə təmin edib. Hətta bizim binada hazırda görmə qüsurlu həmkarımız kodlaşdırma üzrə işləyir. Şirkətdə ailə mühiti yaradılıb. İş qrafikinə Azərbaycanda olduğu kimi önəm verilmir. Burada iş saatının kəmiyyətindən çox işin keyfiyyətinə baxılır. Həftənin cümə günləri evdən işləmək imkanı verilib. Şirkət işçilərini ömürlük həyat sığortası ilə təmin edir. Əlavə olaraq işçilərin idmanla məşğul olması üçün xüsusi kartlar verilir, hansı ki, o kart vasitəsilə şəhərin 200-dən çox idman məntəqəsində fitnes, üzgüçülük, yoqa və bir sıra idman növləri ilə məşğul ola bilirlər. Şirkətin başqa bir özəlliyi işçiləri aylıq limitsiz nəqliyyat kartı ilə təmin etməsidir.
İşçilərin özlərini güvəndə və rahat hiss etmələri şirkətin dəyərləndirilməsində ən önəmli faktordur.
- Hiss olunur ki, öz üzərində işləyən birisiniz. Çox adam buna dərsdən, işdən vaxt ayıra bilmədiyini deyir...
- 24 saat mənim üçün kifayət qədər böyük zaman dilimidir. Zamanı düzgün idarə etmək üçün ən əsas məsələ məqsəd və hədəflərimizi ortaya qoymaq və durum analizi etməkdir. Məncə, hər insanın məhsuldar olduğu müəyyən saatlar var. Hər kəs özünün daha keyfiyyətli çalışa biləcəyi saatları müəyyən etməli və həmin saatları daha vacib işlərə ayırmalıdır. Gərək zamanın tələlərindən də uzaq durmağı bacaraq. Məsələn, disiplinsizlik, mənasız insanlara vaxt ayırmaq, "yox” deməyi bacarmamaq, bir işi bitirmədən başqa bir işə keçmək, sıxıldığın mühitdə qalmaq və s. Unutmamalıyıq ki, istənilən fəaliyyətin önəmi, bizə qazandırdığı nəticə ilə düz mütənasibdir.
- Əvvəldən bu cür olmusunuz, yoxsa bunu zamanla özünüz formalaşdırmısınız?
- Bunlar zamanla, işlərin həcmi artdıqca formalaşıb. Məsələn, əvvəllər saatlarla insanları dinləyirdimsə, artıq bunları vaxt itkisi kimi gördüyüm üçün yox deməyi öyrənmişəm.
- Bir az da həyat yoldaşınızla bir yerdə işləməyinizdən danışaq. Bəzən bunun çətin, bəzən isə yaxşı olduğunu deyirlər.
- Eyni şirkətdə çalışan cütlüklərin işə daha çox inteqrasiya olunması ilə bağlı məqalə oxumuşdum. Bu, həqiqətən belədir. Fərqli proyektlərdə olsaq da, 10 aydır birlikdə çalışırıq və bu günə qədər hər hansı bir mənfiliklə qarşılaşmamışam. Məncə, eyni işdə çalışmanın müsbət cəhətləri daha çox olar. Birincisi, cütlüklər bir-birilə daha rahat empatiya qura bilərlər. Bəzən vacib proyektlərlə bağlı işdən gecə saat 12-də çıxdığım olub, amma bir dəfə də olsun yoldaşım mənə deməyib ki, niyə bu saata qalmısan? İkincisi, işə birlikdə gedib gəlməyimiz zamandan qənaət deməkdir. Üçüncüsü, qlobal bir şirkətdə sizin dilinizdə danışan, sizin başa düşən, stresli zamanınızda sizi sakitləşdirən partnyorunuzun olması elə ən böyük hədiyyədir.
- Bəs işlə bağlı bir-birinizə köməyiniz dəyirmi?
- Əslində, proyekt və ixtisasımız fərqli olduğu üçün köməyə ehtiyac qalmır.
IBM-də praktikaya başladım, 4 ay sonra işə çağırdılar - MÜSAHİBƏ
16:07
9 Okt 2018