Azərbaycanda bir neçə il əvvəl adı dəyişdirilən «İdeal» kosmetika mağazalar şəbəkəsinin (indiki adı «Adore») məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV
FED.az xəbər verir ki, bu barədə iyulun 16-da keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsi (Hakim İbrahim İbrahimli) qərar qəbul edib.
Məhkəmə bu qərarı verərkən məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Cəzanın qalan hissəsinin şərti cəzaya dəyişdirilib və İ.İsmayılov cəzaçəkmə müəssisəsindən azad edilib.
Qeyd edək ki, «İdeal» mağazalar şəbəkəsinin qurucusu olan İlqar İsmayılov sonradan AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun bu biznesdə ona şərik olmasına icazə vermiş, sonuncu biznesə nəzarəti bütünlüklə ələ keçirmək üçün müxtəlif təzyiq üsullardan istifadə etmişdi. İ.İsmayılov qondarma səbəbdən həbs edilərək həbsxanaya gətirilən notarius vasitəsilə öz mülkiyyət hüququndan imtina etməyə məcbur edilmişdi.
Bundan sonra isə İsmayılov şərik olduğu şirkətdən «mənimsəmə» ittihamı ilə həbs etdirmişdi. Göstərilən ittiham üzrə İlqar İsmayılov 2021-ci ilin aprelində 6 illik müddətinə həbs edilmişdi. "İdeal" mağazalar şəbəkəsi isə "Adore" şirkətinə birləşdirilmişdi.
«İdeal» mağazalar şəbəkəsinin Cahangir Əsgərov tərəfindən İlqar İsmayılovdan alınmasının tarixçəsini buradan oxumaq olar.