Hindistanın aparıcı biznes palatalarından biri olan Hindistan Sənaye Konfederasiyasının (CII) 6 üzvdən ibarət biznes nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
FED.az xəbər verir ki, Hindistanın ölkəmizdəki səfirliyindən bildirilib ki, nümayəndə heyəti energetika, turizm, təhsil, tikinti və kənd təsərrüfatı kimi əsas sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarətdir.
Eləcə də bax: Hindistan Azərbaycanda bəzi sahələrə - İNVESTİSİYA YATIRMAQ İSTƏYİR
Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən fəal şəkildə dəstəklənən səfər müddətində nümayəndə heyəti Yeni Bakı Limanı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), AZPROMO və Azərbaycanın Ticarət və Sənaye Palatasının rəsmiləri ilə görüşlər keçirib. Nümayəndə heyəti, həmçinin Sumqayıt Sənaye Parkını ziyarət edərək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini ilə müzakirələr aparıb.
Əllidən çox şirkətin iştirak etdiyi və noyabrın 21-də Hindistanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan B2B görüşlər biznes əlaqələrinin qurulması üçün çox yaxşı imkan yaradıb. Biznes simpozium isə energetika, kənd təsərrüfatı, turizm və sair sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndələrini bir araya toplayıb.
Sənaye Konfederasiyasının nümayəndə heyətinin əhəmiyyətini vurğulayan Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna Azərbaycanda aparılan islahatlar və biznes mühitinin sürətlə təkmilləşməsi nəticəsində Hindistan şirkətlərinin Azərbaycan bazarında öz fəaliyyətlərini genişləndirməyə artan maraq göstərdiyini qeyd edib. Hindistanda baş verən iqtisadi dəyişiklikləri vurğulayan səfir mövcud biznes ve investisiya imkanları haqqında məlumat verib.
Biznes simpoziumda çıxış edən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev iki ölkə arasında ikitərəfli ticarətin həcminin mövcud potensialdan aşağı olmasını qeyd edərək biznes əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. O, energetika, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, mədəniyyət, informasiya texnologiyası və nəqliyyat və sair kimi sahələrdə hər iki ölkə şirkətlərinin əlaqələrini genişləndirə biləcəyini vurğuladı.
Özəl, ictimai və kiçik və orta sahibkarlıq sektorlarından 9000-dən çox üzvü, 300 mindən çox qeyri-müstəqim üzvlüyü və Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Sinqapur kimi ölkələrdə 11 xarici ofisi olan Hindistan Sənaye Konfederasiyası ölkənin ən böyük biznes palatalarından biridir. Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin bu səfərindən öncə bu ilin martında Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) rəhbərlik etdiyi 75 şirkətin təmsil olunduğu nümayəndə heyəti, iyulun 1-2-də Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) və Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) 28 üzvdən ibarət birgə çox məhsullu biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlib.