Ölkədə hicablı xanımların sayı kifayət qədər olduğundan, onlara xidmət edən geyim və satış biznesi də olmalıdır. Bununla əlaqədar uzun müddət xanımlara hicab satan Lalə Məmmədova suallara cavab verib.
L.Məmmədova hicabın hər müsəlman ölkəsində müxtəlif formalarının olduğunu bildirib: “Hicab bir məqsədə xidmət edir, amma müxtəlif formaları ola bilər məsələn, ərəb, türk, pakistanlılardan fərqli olaraq Azərbaycanda türksayağı hicab daha geniş yayılıb".
Onun sözlərinə görə, yerli istehsal olsa da, ən çox satılan elə Türkiyə istehsalı olan geyimlərdir. Düzdür, mağaza dini aksesuar və geyim satsa da, bura adi xanımlar da gəlir. Özləri üçün ətək, uzunqol kofta və hədiyyəlik əşya alırlar. Lakin bu biznesdən çox gəlir qazanmaq olmur.
"Baş örtüyünün qalınlığı fəsildən asılı olaraq müxtəlif rəng və parçaya uyğun dəyişir. Yayda pambıq, şifon, qışda isə yun və məxmər materiallardan hazırlanmış hicablar satılır. Örtük, başı günəşin ultrabənövşəyi şüasından qoruyur, beləliklə də saçlar keyfiyyət və parlaqlığını itirmir. Əvvəl tünd rəngə üstünlük verilsə də, hazırda rəngarəng geyim çoxluq təşkil edir“, -həmsöhbət vurğulayır.
Satıcı xanım hicabın dörd əsas şərtindən də danışıb: “Birincisi, hicab qadının şəriətdə görünməsi icazə verilən nahiyələrindən başqa, bütün bədənini örtməlidir. İkincisi, hicab bədən rəngini göstərəcək dərəcədə şəffaf olmamalıdır. Üçüncüsü, əndamın qabarıqlığını bildirəcək dərəcədə dar və nazik geyinilməməlidir. Sonuncu, hicablı qadının geyimi ətrafdakı nəzəri cəlb edəcək dərəcədə ala-bəzək olmasın“.