Xəbər verildiyi kimi, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanununa dəyişikliklər Milli Məclisdə müzakirə olunur.
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Qalib Toğrul qanuna dəyişikliklərin hansı nəticələrə səbəb olacağını açıqlayıb.
Q.Toğrul yazır:
Hansı dövlət qurumları sahibkarların 1 noyabr 2015 - 1 yanvar 2022-ci ili əhatə edən fəaliyyətini yoxlaya bilməyəcəklər?!
Milli Məclisin II oxunuşunda olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində iki əsas dəyişiklik yer alıb. Təklif olunan birinci dəyişiklik yoxlamaların dayandırılması müddətinin növbəti dəfə daha bir il - 1 yanvar 2022-ci ilədək uzadılmasıdır. Müvafiq qanunun qəbul edilidiyi 2015-ci ildən başalayaraq hər ilin əvvəlində bu cür uzatmalar az qala ənənəyə çevrildiyindən burada diqqəti cəlb edən əlahiddə bir məsələ yoxdur.
Mühüm olan ikinci dəyişiklik, daha doğrusu qanuna əlavədir:
“Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”
Əlavənin qəbul edilməsi o deməkdir ki:
1. Böyük ehtimalla 1 yanvar 2022-ci ildən sonra sahibkarlıq sahəsində yoxlamaların dayandırılması başa çatacaq, bir daha uzadılmayacaq.
2. Yoxlayıcı orqanlar tərəfindən 2015-ci ilin noyabrın 1-dən 2022-ci ilin yanvarın 1-dək müddətdə sahibkarların fəaliyyəti yoxlanıla bilməz.
İkinci bəndlə bağlı qəti hökm verməyə tələsməyək. Çünki söhbət bütün yoxlayıcı orqanlardan getmir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun şamil olunmadığı yoxlayıcı qurumlar var. Qanun qəbul edildikdə, istisna təşkil edən orqanlar çox az idi.
Daha doğrusu, qanunun dəyişkilik və əlavələrsiz ilk redaksiyasında nəzərdə tutulurdu ki, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Lakin xüsusilə, 2018-2020-ci illərdə sənədə edilən əlavələr nəticəsində siyahı xeyli “şişirdilib”.
Hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına rəğmən yoxlamalar aparmaq səlahiyyəti olan orqanların siyahısını təqdim edirəm:
1. Vergi yoxlamaları;
2. Maliyyə bazarları sahəsində aparılan yoxlamalar;
3. Gömrük auditi;
4. Özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzartlə bağlı yoxlamalar;
5. Qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar;
6. Yanğın nəzarəti yoxlamaları;
7. Tikintiyə dövlət nəzarəti yoxlamaları;
8. Təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar;
9. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar;
10. Korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalar VƏ SAİR.
Beləliklə, siyahıdakı yoxlayıcı orqanlar sahibkarlıq subyektlərinin 2015-ci ilin noyabrın 1-dən 2022-ci ilin yanvarın 1-dək olan, təxminən 6 ildən bir az çox müddətdəki fəaliyyətini yoxlaya biləcəklər.
Bəs, hansı dövlət yoxlayıcı orqanları sahibkarlıq subyektlərinin qeyd olunan müddət çərçivəsindəki fəaliyyətini yoxlaya bilməyəcəklər? Bura əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq qurumları (Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və s.) daxildir.
Sonda onu da qeyd edim ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması barədə qanunun qəbul edilməsini hələ uzaq 2015-ci ildə doğru yanaşma saymamışam. Elə indi də fikrimdə qalıram.
Yoxlamalarla bağlı digər mühüm dəyişikliklə bağlı yaxın vaxtlarda yazmağı planlaşdırıram.