Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı özəl, qeyri-kommersiya biznes birliyi - Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ölkəmizdə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Ölkənin ən böyük və nüfuzlu təşkilatlarından biri olan, geniş şəbəkə imkanlarını təmin edən “AmCham Azərbaycan” üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir.
Dövlət Vergi Xidməti şikayətlərə daha keyfiyyətli baxacaq - FOTOLAR
“AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli müsahibəsində ölkənin biznes mühiti, xarici şirkətlərin investisiya yatırma imkanları, qurumun hazırladığı “Ağ sənəd”lə bağlı sualları cavablandırıb.
FED.az həmin müsahibəni təqdim edir:
- Ölkə biznesinin ümumi vəziyyətini necə qiymətləndirirsiniz? Bu mühit xarici sahibkarların fəaliyyətinin şaxələnməsinə, onların müxtəlif sahələr üzrə investisiya yatırmasına nə dərəcədə imkan verir?
- Bildiyiniz kimi, “AmCham” Azərbaycanda ən böyük və uzun müddət fəaliyyət göstərən biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında təmsil olunan 270-dən çox şirkəti özündə birləşdirir. Təəssüf ki, COVID-19 pandemiyası səbəbindən 2021-ci ildə Assosiasiyamızın 25 illiyini təntənəli şəkildə qeyd etmək imkanı olmadı, amma cari ilin sonunədək bunu mütləq edəcəyik. Sözsüz ki, pandemiya biznes mühitinə də təsirsiz ötüşmədi, lakin xoşbəxtlikdən dövlətimiz tərəfindən görülən düzgün hesablanmış tədbirlər öz bəhrəsini verdi və ümumilikdə ölkə biznesi bu presedentsiz çətinlikdən layiqincə çıxmağı bacardı.
“AmCham” Azərbaycandakı xarici investisiyaların təxminən 80%-ni təmsil edir. Son illərdə hökumətin iqtisadiyyatın diversifikasiyasına və rəqabət gücünün artırılmasına fokuslanması sayəsində ölkənin mədəniyyət və turizm sahələri kimi alternativ sektorlarında irəliləyiş görünür. Bununla yanaşı, digər sektorlar da inkişaf etməkdədir, məsələn, nəqliyyat və logistika sektorunda inkişaf müşahidə olunur.
Həmçinin, son bir neçə ildə Azərbaycan iqtisadiyyatında ehtiyatların təkmilləşdirilməsi və dövriyyəsini təmin etmək üçün strateji ehtiyatların yaradılması istiqamətində səy göstərildi. Bu da təbii ki, ölkə iqtisadiyyatının dayanıqlılığını artırdı.
Ən sevindirici hal isə Azərbaycan hökumətinin sürətli şəkildə iqtisadiyyatın dəyişən tələblərinə cavab verməyə çalışması və bu cür dəyişikliklərin yaradacağı fürsətləri həqiqətən görməsi və dəyərləndirməsidir.
Təbii ki, xalqımız üçün ən sevindirici və əlamətdar dəyişiklik, Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzün tam bərpası oldu. Həmin ərazilərdə görülən intensiv quruculuq işlərinin, eləcə də yaradılan qanunvericilik çərçivəsinin ümumilikdə ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcəyinə heç bir şübhə ola bilməz.
Azərbaycanda həm yerli, həm də xarici şirkətlər üçün bir çox fürsətlər yaradılıb. Hökumət tərəfindən Azərbaycanın investisiya mühitini yaxşılaşdırmaq üçün bir sıra addımlar atılıb və qanunvericilik təşəbbüsləri həyata keçirilib.
Azərbaycan xarici şirkətlər üçün cəlbedici bazar kimi dəyərləndirilir və bu, bir çox xarici şirkətlərin ölkəyə investisiya yatırması və yeni bizneslər yaratmaq üçün fürsət axtarmağa başlaması ilə nəticələnir. Belə fürsətlər müxtəlif sahələrdə, məsələn, neft və qaz, turizm, əmlak və s. sahələrdə mövcuddur. Biz də “AmCham” olaraq, bütün fürsətlərin mümkün qədər əlçatan olması üçün yorulmadan çalışırıq.
- “AmCham” üzvü olan şirkətlər daha çox hansı sahələr üzrə investisiya yatırmağa maraq göstərirlər? Ümumiyyətlə, ötən dövr ərzində ABŞ şirkətlərinin ölkəmizə investisiya yatırmaqla bağlı maraqları dəyişibmi?
- Üzvlərimiz ölkəmizdə bir çox fərqli sahələrdə investisiya yatırmağa maraq göstərirlər. Bu sahələrə enerji, telekommunikasiya, bankçılıq və maliyyə, təsərrüfat, metallurgiya, məişət avadanlığı, turizm və s. daxildir.
Ötən dövrdə ABŞ şirkətlərinin Azərbaycana investisiya qoyuluşu ilə bağlı maraqları daha da şaxələnib. Əvvəla, pandemiya səbəbindən ölkələr arasında səyahət məhdudiyyətləri yaranmışdı və bu da fəaliyyət sahələrini məhdudlaşdırmışdı. İkincisi, bir müddət neft və qaz qiymətlərindəki dəyişikliklər enerji sahəsində yatırımların azalmasına səbəb olmuşdu. Ancaq texnologiya və təhlükəsizlik kimi digər sahələrdə ABŞ şirkətlərinin Azərbaycana sərmaye qoyması davam edir.
Həmçinin, Azərbaycanın son illərdə iqtisadiyyatını diversifikasiya etmək üçün gördüyü tədbirlər ABŞ şirkətləri üçün maraq yaradır. Ölkənin sahib olduğu zəngin təbii sərvətlər, strateji əhəmiyyətə malik geosiyasi mövqeyi, müsbət iqtisadi mühit, inkişaf etmiş infrastrukturu və sənaye potensialı ABŞ şirkətlərinin ölkəyə yatırım etmək üçün maraqlı olmasına mühüm səbəbdir. Bundan əlavə, Azərbaycan hökumətinin yeni investisiya təşviqi proqramları hazırlaması da investisiya faaliyyətinin artmasına təkan verə bilər.
- Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaları artırmaq üçün hansı yeni işlərin görülməsi nəzərdə tutulur?
- Təbii ki, bu məqsədlə “AmCham” tərəfindən beynəlxalq müstəvidə ardıcıl tədbirlər görülür. Məsələn, biz bu istiqamətdə mütəmadi olaraq “door-knock” missiyaları həyata keçiririk. Yəni Azərbaycanda artıq fəaliyyət göstərən, işlək olan layihələr haqqında məlumatları toplayıb, həmin layihələr barədə ABŞ-dakı potensial investorları məlumatlandırırıq və onları Azərbaycana yatırım etməyə təşviq edirik.
Hazırda strateji olaraq “AmCham”, əsasən, korporativ sosial məsuliyyət və xarici birbaşa investisiya sahələrinə xüsusi diqqət yetirir. Azərbaycanın son illərdə iqtisadiyyatını diversifikasiya etmək üçün gördüyü tədbirlər ABŞ şirkətləri üçün maraq yaradır
- “AmCham Azərbaycan” ölkəmizdə dövlət-özəl dialoqunun gücləndirilməsi üçün hansı yeni təşəbbüslərlə çıxış etməyi planlaşdırır?
- Azərbaycanda hökumət və özəl sektor son illər ölkənin iqtisadi maraqlarını təmin etmək üçün konstruktiv dialoqun inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün istər qanunvericilik bazası, istərsə də siyasi iradə baxımından ölkəmizdə dövlət-biznes dialoqunun təşkili və inkişafı üçün münbit şərait mövcuddur.
Palatamızın hökumətlə dialoqu müxtəlif vasitələrlə həyata keçirilməkdədir. Bildiyiniz kimi, biz mütəmadi olaraq hökumətə biznes mühitinin inkişafı istiqamətində öz müşahidə və tövsiyələrimizi təqdim edirik. Bunlar “AmCham” tərəfindən dövri olaraq nəşr edilən, Azərbaycanda biznes mühitini və müvafiq olaraq bütövlükdə ölkəni gücləndirə biləcək dəyişikliklərə dair ümumi fikri təmsil edən “Ağ sənəd” və müxtəlif biznes sahələrində rast gəlinən problemlərin həlli istiqamətində tərtib edilən mövqe sənədləri vasitəsilə irəli sürülür.
“Ağ sənəd”in 2023-cü il nəşrinin hazırlıqları artıq son mərhələdədir. Sənəd nəşr edildikdən sonra ənənəvi olaraq orada qeyd edilmiş təkliflərin implementasiyası üçün müvafiq dövlət qurumlarının nümayəndələri və “AmCham” üzvlərindən ibarət işçi qruplar yaradılacaq. Qrup üzvləri “Ağ sənəd”də təqdim olunmuş tövsiyələrin cari vəziyyəti və icra prosesini müzakirə etmək, həmçinin, mövzuya dair fikir mübadiləsi aparmaq üçün görüşlər keçirəcəklər. “Ağ sənəd” vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək və s. kimi müxtəlif sahələrdə həll edilməli olan məsələləri və müvafiq tövsiyələri əhatə edir.
Azərbaycanda hökumət və özəl sektor son illər ölkənin iqtisadi maraqlarını təmin etmək üçün konstruktiv dialoqun
inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib
- “AmCham” üzvlərinin hazırladığı “Ağ sənəd”in son nəşrində öz əksini tapan tövsiyələr icra edilir?
- Hər ilin sonunda bizim tərəfimizdən “Ağ sənəd”dəki təkliflərin implementasiyası ilə bağlı hərtərəfli təhlillər aparılır. 2021-ci ildə dərc edilmiş son nəşrdə 160-dan çox təklif irəli sürülmüşdü. Bildiyiniz kimi, ənənəvi olaraq “Ağ sənəd”lərdə mümkün qədər geniş əhatə dairəsinə təsir edən məsələlərə yer ayrılır, yəni təkliflər daha çox strateji məsələlər və ya qanunvericiliklə bağlı olur ki, belə halda icra ediləcək tövsiyələr müxtəlif faktorlardan təsir ala bilir və implementasiyası mürəkkəb olur. Məsələn, bəzi tövsiyələr qanunvericiliklə uyğunlaşdırılmalıdır və bu proses zaman, sərmayə tələb edir.
Ümumi olaraq, təkliflərin nəzərə alınması və implementasiyası təşkilatların, səlahiyyətli qurumların, hökumətin və başqa maraqlı tərəflərin birgə çalışması və qarşılıqlı əməkdaşlığı ilə həyata keçirilir.
- Növbəti müddət üçün hazırlanması nəzərdə tutulan “Ağ sənəd”ə hansı yeni təkliflərin, tövsiyələrin daxil olacağı gözlənilir?
- Öncəliklə onu qeyd edim ki, “Ağ sənəd”in builki nəşrinə iki yeni sahənin daxil edilməsi planlaşdırılır, bunlar marketinq və dayanıqlı inkişaf sahələridir. Növbəti nəşr üçün iqtisadiyyatın bütün sahələrini əhatə edən 9 Komitə və 2 İşçi Qrupumuz tərəfindən sənədə daxil olacaq təklif və tövsiyələr hazırlanıb. Aydındır ki, təkliflər, əsasən, bütün sahələr üzrə normativ aspektlərə aid olacaq, yəni mövcud normaların biznesin və ümumilikdə ictimaiyyətin maraqları naminə daha əlverişli vəziyyətə gətirilməsi məqsədi daşıyacaq.
- Azərbaycanda vergi inzibatçılığı, vergi qanunvericiliyi sahəsində aparılan islahatları necə qiymətləndirirsiniz?
- Bu yaxınlarda “AmCham”la Dövlət Vergi Xidmətinin birgə keçirdiyi VIII illik Vergi Konfransında qeyd etdiyim kimi, “AmCham” İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti ilə yaxından əməkdaşlıq edir, biz bu əməkdaşlıqdan çox məmnunuq. Konfransda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli rəhbərlik etdiyi qurum tərəfindən son müddətdə görülmüş işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırdı. Builki konfransımızın mövzusu “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” oldu, çıxış edən “AmCham” və Dövlət Vergi Xidmətinin nümayəndələri “Şəffaflığın artırılmasına dair müasir alətlər”, “Kölgə iqtisadiyyatı” ilə mübarizə və ağarma proseslərinin təşviqində vergi siyasəti”, “Şəffaflığın artırılmasında etimadın rolu” və s. aktual mövzular üzrə məruzələr təqdim etdilər, sonda keçirilən sual-cavab sessiyasında isə özəl sektoru narahat edən suallar cavablandırıldı. Konfransdan bir neçə gün əvvəl isə “AmCham”ın Vergi və Gömrük Komitəsinin son iclasına qatılan Dövlət Vergi Xidmətinin rəsmiləri 2024-cü il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər barədə üzvlərimizi məlumatlandırdılar və iştirakçıların suallarını diqqətlə cavablandırdılar.
Biz Dövlət Vergi Xidməti tərəfindən aparılan islahatları və həyata keçirilən layihələri yaxından izləyir və böyük rəğbətlə qarşılayırıq. Son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb. Heç şübhəsiz ki, belə mütərəqqi islahatlardan biri də dövlətimizin başlıca prioritetlərindən olan azad edilmiş ərazilərimzin bərpasına yönəlmiş vergi azadolmalarıdır ki, bunun üçün Vergi Məcəlləsinə ayrıca fəsil əlavə edilib. Aparılan islahatların müsbət nəticələrini görməmək mümkün deyil.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti sayəsində Azərbaycan vergi sisteminin post-sovet məkanında ən mütərəqqilərdən biri olduğunu əminliklə qeyd etmək olar. “AmCham” isə öz növbəsində özünün Vergi və Gömrük Komitəsi vasitəsilə bu islahatlara hər cür dəstək və töhfə verməyə daim hazır olub.
- Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə iş qurmaq istəyən sahibkarlar üçün vergi və gömrük güzəştləri tətbiq edildi. Bu ərazilərdə əlverişli biznes mühitinin qurulması üçün daha hansı addımların atılması məqsədəuyğundur? Bununla bağlı “AmCham”ın təklifləri nələrdən ibarətdir?
- İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmçinin, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Əminik ki, bu güzəştlər azad olunmuş ərazilərdə biznesin inkişafına, biznes mühitinin gücləndirilməsinə və ümumiyyətlə, Azərbaycanın regionda biznes rəqabətqabiliyyətliliyinə təkan verəcək və xarici investisiyaların cəlb olunmasına yardım edəcək. Biz, “AmCham” olaraq, Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması üçün bir sıra tədbirlər həyata keçiririk və təbii ki, qeyd olunan güzəştlər haqqında potensial xarici investorların məlumatlandırılması da buna daxildir.
Düşünürəm ki, bu ərazilərdə əlverişli biznes mühitinin qurulması üçün stimullaşdırıcı addımlar davamlı olmalı, güzəştlərin sayı və əhatə dairəsi genişlənməlidir. Lakin qarşıda duran işlərin miqyasını nəzərə alaraq, əlbəttə ki, bütün bunlar üçün müəyyən qədər vaxt tələb olunur.
- “AmCham” işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulmasında hansı formada iştirak etməyi planlaşdırır?
- Bu yöndə “AmCham”ın başlıca vəzifəsi yerli və xarici investorların cəlbi məqsədilə maarifləndirici və məlumatlandırıcı tədbirlərin keçirilməsidir. Məsələn, tərəfimizdən azad olunmuş ərazilərə biznes nümayəndələrinin səfərləri təşkil olunub, onlara yerində görülən bərpa və quruculuq işləri, yeniliklər barədə ətraflı məlumat verilib. Bu səfərlərdən biri Ağdam rayonuna edilib və bu səfər həm özəl, həm də dövlət sektoru tərəfindən olduqca müsbət qarşılanıb. Azad olunmuş ərazilərə səyahətlə bağlı münasib vəziyyət yarandıqca, belə səfərlərin sayını çoxaltmağı planlaşdırırıq. (Vergilər.az)