Azərbaycanda elan edilən xüsusi karantin rejimindən sonra fəaliyyətini dayandırmış xidmət sektorlarından biri də gözəllik salonları oldu. Bəzi sahələr üzrə fəaliyyətə məhdudiyyətsiz icazə verilsə də, risk təhlükəsi yüksək olduğuna görə, bərbərxana və gözəllik salonlarınin fəaliyyəti tam qadağandır.
Eləcə də bax: Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək – RƏSMİ
FED.az ölkədə fəaliyyət göstərən gözəllik salonlarının indiki vəziyyəti ilə maraqlanıb.
«Rusiyadan, Moskvadan müştərilərimiz var idi, hamısı qaldı»
«İn Studio» gözəllik salonunun rəhbəri Nigar İbrahimova FED.az-a bildirib ki, karantin rejimində salona ciddi zərər dəyib: «Əslində biz faktiki olaraq mart ayının 16-dan fəaliyyətimizi dayandırmışıq. Martın ortasına qədər salonun müştəriləri 50% azalmışdı. Onsuz da insanlar da, işçilər də toplu yerlərə, salonlara gəlməkdən qorxurdular. Qanunlar da tez-tez dəyişirdi, işçilər müştəriləri necə qəbul edəcəklərini bilmirdi, ona görə də fəaliyyəti öncədən dayandırdıq. Bu dövrdə Rusiyadan, Moskvada yazılan müştərilərimiz var idi. Onlar Bakıda toylarda iştirak edib qayıdacaqdılar, hamısı ləğv olundu. Ancaq zərərimiz ola-ola kreditləri, icarə haqını və digər xidmət haqlarını ödəmişik».
Stilistin sözlərinə görə, dondurulmuş vəziyyətdə qalmağın zərərləri daha çoxdur: «İcarədarın güzəştə getmədiyini deyə bilmərəm - aprelin pulunu güzəştə getdi. Mart ayının icarə haqqını isə ayın 10-dan ödəmişdim. Martın 14-dən gəlir sıfıra düşdü, amma icarə haqqını geri ala bilməzdim. Bundan əlavə, beh verən gəlinlər, müştərilərim var idi, hamısı ləğv edildi. Bu kimi halları nəzərə almamışdım».
N.İbrahimova deyir ki, mövcud vəziyyət hamıya zərər vurub: «Mikro sahibkarlarda qazanc əsasən gündəlik olur. Yəni gün ərzində nə qazanırıqsa, onunla xərcləri qarşılayır. İşçilərimin içərisində ev krediti ödəyənlər, xəstə valideynə baxanlar var. Onların hamısına zərər dəydi».
«Dövlət dəstəyini gözləmirdik, sürpriz oldu»
Stilist bildirir ki, salon olaraq dövlət dəstəyi də alıblar: «Köçürülən pul həm muzdlunun, həm də sahibkarındır. Açığı, heç bunu da gözləmirdik. İşçilərin aldığı maaşa uyğun əməkhaqqı ödənişi olundu. Ümumilikdə salonun 13 rəsmi işçisi var. Salonda tələbələr, assistentlər də var, onlar qanuni işçi deyillər».
İş qadını deyir ki, salonun banka kredit borcu da var, amma banklar güzəşt etməyiblər: «İstər yüksək məbləğli, istərsə də kiçik kredit olsun, bankdan zənglər olunur. Dövlətdən aldığımız maliyyə yardımından bankların ödənişini də etdik, bizim işimizə yaradı».
«Qarşıdan orucluq və məhərrəilik ayı da gəlir»
Nigar İbrahimova gözlədiyi güzəştlərdən də danışıb: «Çox istərdik ki, DSMF, vergi, eləcə də kommunal xidmət ödənişlərində güzəştlər olunsun. Onsuz da hər kəs kimi, bizim də zərərimiz var. Bilmirik ki, fəaliyyətimizdə itirdiklərimizi bərpa edə biləcəyik, ya yox. Nəzərə alsaq ki, bir neçə gündən sonra da orucluq ayı başlayır, karantin bitsə də, salonun işi bir müddət olmayacaq. Mart ayı işin ən gur vaxtı hesab olunurdu. Bu ayda bayramlar, tədbirlər, xeyir işlər çox olurdu, amma tam əksi oldu. Amma orucluq ayına səbir edərik, inanıram ki, bu aylarda sıxıntıda olmarıq. Bir az məhərrəmlik ayı uzun çəkir. Xərcləri azaldaraq vəziyyətdən çıxmaq bir qədər çətin olacaq».
«İcarəçi insaflı çıxdı, dövlət də 1700 manat ödədi»
«Sürmə» gözəllik salonun rəhbəri Şeyla Hacıyeva FED.az-a karantin dövründə zərərin az olduğunu deyib: «İcarəçimiz insaflı adam çıxdı. Karantin rejimi başlayanda bizimlə əlaqə saxlayıb dedi ki, işləmədiyimiz vaxtların icarəsini ödəməyə bilərik. Əgər güzəştə getməsəydi biz cibimizdən ayda 1000 manat pul ödəməli olacaqdıq. Qənaət etdiyimiz pulla işçilərin əməkhaqqısını ödəyə bildik. Amma bilirik ki, başqa salonların icarəsiləri belə güzəştə getmədilər».
Vizajist deyir ki, dövlətin maliyyə dəstəyi onları qane edib: «Sağ olsun, dövlət bizə maliyyə yardımı etdi. Ümumilikdə hesabımıza 1700 manat pul köçürüldü, 1000 manat zərərçəkmiş sahibkar kimi, 700 manat 60 qəpik də işçilərin əmək haqları üçün. Dövlətin ayırdığı vəsaitdən maaşları, 393 manat DSMF, 51 manat elektrik enerjisinə, telefonla internetə 29 manat, vergiyə 76 manat ödəniş etmişik. Rabitə Nazirliyi internet xidmətini fiber-optik xətləri üzərindən təqdim etdi. Bu da xidmət haqqını 15 manatdan 20 manat qədər artırdı. Biz çox gözləyirik ki, məcburi dövlət sosial sığorta haqlarında da güzəştlər olsun. Amma qərar çıxdı, işlər bərpa olunandan sonra biz onu ödəyəcəyik».
«İşçilərə əmək haqqı kartları açdıq»
Şeylə Hacıyeva bildirir ki, salonda cəmi 5 rəsmi işçi çalışır. Salon yeni işə başladığı və kiçik olduğu üçün aylıq dövriyyəsi 3000-4000 manat, aylıq gəliri 300-400 manat civarında olurdu. Bundan əlavə, əvvəllər ödənişləri nağd formada etməyə icazə olduğu üçün əməkhaqqı kartlarını ləğv etmişdik, indi yenidən bərpa etmişik. İşçilərə açdığımız əməkhaqqı kartlarına da 25 manat ödəniş etdik. Maaşların karta yatırılmasına da 6 manat çıxıldı».
«Bağlı salonu saxlamağa ayda 1700- 1800 manat xərclənir»
Şeyla Hacıyevanın sözlərinə görə, bağlı salonu saxlamaq üçün 1700- 1800 manat civarında xərcləri çıxır: «Kommunal xərclərdən əlavə, salonların qapısını döyənlər də olur. Polis gəlir, başqaları gəlir, heç birisi koronavirusu nəzərə almadılar. Obyekti bağlamışıq, içəridə təmizlik işləri görürük ki, çıxaq gedək, amma hələ də qapını döyənlər var idi».
Stilist deyir ki, hazırda salonları heç bir xidmət göstərmir: «Dövlətin qərarlarına həssas yanaşırıq. Bəzi salonlar evlərə getməklə və ya evdə qəbul etməklə xidmət göstərirlər. Amma mən işçilərimə bunu etməyə icazə vermədim. Çünki qərarda dərzilərin, salonların evdə xidmət göstərmələri xüsusilə qadağan olundu. Əks halda böyük cərimə gözlənilir».
«Bu sahədə problemlər tez bitməyəcək»
Şeyla Hacıyeva hesab edir ki, gözəllik salonlarının gələcək fəaliyyəti insanların alıcılıq qabiliyyətinə bağlıdır: “Aydın məsələdir ki, müştərilərimiz haradansa qazanır ki, gətirib salonda pul xərcləyir. Hazırda işsiz qalanlar, gəliri olmayanlar çoxdur. Onların imkanı olmayandan sonra salonlara xərclədikləri pulu da ixtisar edəcəklər. Digər sektorlarda vəziyyət düzəlsə, bizim sahədə də problem təxminən 20-30 % qala bilər. Amma nə olur olsun qadın baxım istəyir. Artıq karantin bitəndən sonrakı tarixlərə müştərilərimiz yazılıb”.
«Bank güzəştə getmədi, dostlar kömək elədilər»
«FP» gözəllik studiyasının rəhbəri Tofiq Quliyev FED.az-a bildirib ki, karantin müddətində salon ciddi zərər görməyib: «Yaxşı ki, hökumətimiz mikro sahibkarlara dəstək göstərdi. Ayrılan pulla işçilərin əmək haqları, eləcə də kommunal xərclər, vergiləri ödəmişik. Hazırda əməkdaşları əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərmişik. Salonun işçiləri heç bir xidmət göstərmir. İcarədar baxımından da şansımız gətirdi ki, işləmədiyimiz müddətdə icarə haqqında güzəşt edib».
Tofiq Quliyev deyir ki, bir qədər əvvəl bankdan 5 min manat biznes krediti götürüb: «Aylıq ödəniş 330 manatdır. Karantin müddətində banklar kredit ödənişində güzəştə getmədi. Dostlardan aldığımız borcla bankın ödənişi edirik. Ötən ayın kreditini ödəmişik, aprel ayının sonunda da ödəniş etməliyik. Çox istərdim ki, banklar bu müddətdə kredit ödənişlərinə güzəşt etsinlər».