Deyir ki, insan üçün ən yaxşı örnək elə onun özüdür. Çünki ən yaxşı dərsi öz səhvlərimizdən öyrənirik. Düşünür ki, zəhmət və sevgi ilə insanın edə bilməyəcəyi bir şey yoxdur və zəhmət çəkməyən insan uğur qazana bilməz. Müsahibimiz “Mutlu çikolata” adı altında dekorativ konstruksiyalar hazırlayan Afət Natiqdir.
Qeyd edim ki, həmsöhbətim jurnalistika üzrə təhsil alıb, özü də bu sahəni sevərək gəlib: “Tələbəlikdən sonra birbaşa jurnalistikanın qaynar sahəsi hesab edilən xəbər sahəsinə düşdüm. Bir sıra kanallarda təcrübə keçdim. Qısamüddətli də olsa, müxbir kimi fəaliyyət göstərdim. Bu, mənim üçün həm çətin idi, həm də maraqlı. Jurnalistika elə bir sahədir ki, demək olar, işin marağını həmin an yaşaya bilmirsən. Sadəcə olaraq, işin gərginliyini hiss edirsən və yaxşı olması üçün çalışırsan. Hazırda Sosial Media Meneceri kimi fəaliyyət göstərirəm. Lakin bu sahənin mənə elə də uzaq olmadığını hiss edirəm. Çünki yazmaq, maraqlı nələrinsə axtarışında olmaq mənə yaxın vərdişdir. Zamanla, çalışdıqca, işi də özün üçün doğmalaşdırırsan. Bunda rəhbərliyin, kollektivin də böyük rolu olur. İşinə verilən qiymət və güvən ən başlıcasıdır”.
“Həmişə yaradıcı sahəyə marağım olub”
Deyir ki, 3 ildir müxtəlif dekorativ bəzəklər hazırlamaqla məşğuldur: “Məni tanıyanlar bilir ki, hələ məktəb vaxtlarımdan həmişə yaradıcı sahəyə marağım olub. Fərqi yoxdur, istər yazı yazmaq, istər rəsm çəkmək olsun, bunların hamısı diqqətimi çəkib. Məncə, yaradıcı insan hər sahədə yaradıcıdır. Elə mən özüm də, maraqlı əl işləri görən kimi deyirdim, nə gözəl, mütləq mən də hazırlayacağam. Sonra işsiz vaxtlarımda müxtəlif əl işlərinin videolarını izlədim və tətbiq etməyə başladım. Mən yeni ili çox sevirəm. Yeni il ərəfəsi idi, müxtəlif materiallardan hazırlanan yolka rəsmlərinə baxırdım və diqqətimi çəkən bir əl işi oldu. Beləcə, bu iş üçün lazım olan ləvazimatları araşdırmağa başladım. Çox sadə bir material tələb olunduğunu bildikdə isə onu hazırlamaq qərarına gəldim. Qeyd edim ki, bu bəzəklərin hazırlanması olduqca çətin və incəlik tələb edir. İlk əl işim yolka olub və onu özümə hədiyyə hazırlamışdım. İlk işimin uğurlu alınması məndə özümə inam yaratdı və növbəti işimi hazırladım. Daha sonra isə şokoladlardan gül səbəti hazırlamağa başladım. İlk satışa çıxardığım iş elə birinci dəfədən də qəbul olunmağa başladı”.
“Bütün işləri tək özüm edirəm”
Hər hədiyyənin hazırlama müddətinin öz dizaynından asılı olduğunu deyən Afət, vaxtı tənzimləməyin mühüm olduğunu fikirləşir: “Hazırlanma müddəti hər hədiyyənin dizaynına görə dəyişir. Elə kompozisiya olur ki, onun hazırlanması üçün bir saat lazım olur, bəzən isə hətta bir gün də çəkə bilir. Bu, sırf iş prosesinin vaxtıdır. Yəni, ondan öncəki sifarişin qəbulu, ləvazimatı və digər sifarişlərə görə planlanması zaman alır. Ona görə, hər zaman sifariş alanda qeyd edirəm ki, minimum üç gün, maksimum bir həftə öncədən qeyd edin. Çünki bəzən sırf müştərinin istədiyi dekor üçün material qurtara, yaxud heç olmaya bilir. Bu həm də növbədə olan digər sifarişləri çatdırmaq baxımından da vacibdir. Vaxtı tənzimləmək mənim üçün önəmlidir. Müştərinin həddindən artıq gec bir vaxtda verdiyi sifarişi sözsüz ki, çatdırmaq olmur. Belə sifarişlərdən həmin an imtina edərəm. Lakin heç vaxt çatdırmadığım, yaxud imtina etdiyim iş olmayıb. Mən nə qədər incə işlərlə məşğul olsam da, özüm çox səbirsiz, tələskən biriyəm. Ona görə də sifariş alındıqdan sonra vaxtımı kifayət qədər qabaqlamağa çalışıram. Çünki mən komanda şəklində çalışmıram. Bütün işləri özüm edirəm. Lakin bəzən hanısısa ləvazimatın alınması, materialın hazırlanması zamanı ailəmdən dəstək alıram. Ümumiyyətlə, elə insanam ki, hər şeyi özüm etməyə çalışıram. Sözsüz ki, iş daha da böyüdükcə komanda lazımdır. Bu sualı hərdən doğmalarım da mənə verir. Soruşurlar ki, sən komandan olanda hər şeyi yenə özün edəcəksən? Bu suala cavabım isə “bəli” olur. Nə vaxtsa işimi böyüdəndən sonra da asan işləri işçiyə tapşıracağam, önəmlilərini isə yenə özüm edəcəyəm. Mənə görə, işi işçi görürsə, bu, artıq onun əl işi olur. Lakin mən öz dekorasiyamı və zəhmətimi görmək, onun zövqünü yaşamaq istəyirəm. Gördüyün işi sevməlisən, amma aşiq olmamalısan. Əgər aşiq olarsansa, onu sata bilməzsən və gəlirin olmaz”.
Eləcə də bax: Əl işlərini Amerikaya satan azərbaycanlı sənətkar - MÜSAHİBƏ
“…səhər saat 6-ya kimi anamla birgə çalışmışam”
Afət düşünür ki, həmişə yeni yaranan məhsulu brend edən onun adı olur: “Brendin adının insanlara nə qədər müsbət enerji ötürəcəyi, yaddaqalan olacağı çox önəmlidir. Bu baxımdan fikirləşdim ki, mən əsasən şokoladlarla işlədiyimə görə “Mutlu Çikolata” adı uyğundur. Bu şokoladlar, hədiyyələr, istehsalçını da istehlakçını da məmnun, xoşbəxt edir. Bəzən soruşurlar ki, niyə adını türk dilində qoyubsan? Məncə, türk dili ən gözəl reklam dilidir”.
Həmsöhbətim işin çətinliklərindən də danışdı: “Hər işdə çətinlik var. Əsas odur ki, o işə həvəsin və sevgin olsun. Məncə, o zaman insanın çatdıra bilməyəcəyi heç nə yoxdur. Lakin əziyyət və zəhmət də burada mühüm rol oynayır. Əgər sən zəhmət çəkmək istəmirsənsə, o zaman uğur qazanmağı da gözləmə. Elə olub ki, bayram ərəfələrində hətta səhər saat 6-ya kimi anamla birgə çalışmışam, o mənə kömək edib. İşləri yekunlaşdırandan sonra isə hazırlaşıb işə getmişəm. Tomas Edisonun belə bir sözü var: “Uğurun sirrinin yüzdə biri istedad, zəka; yüzdə doxsan doqquzu isə zəhmət və ağıldır”. Məncə, bu, həqiqətən də belədir”.
Sonda Afətə uğurlar arzulayıb, bir qədər də gələcək planları haqda soruşduq: “İnsana ən yaxşı nümunə, elə o özüdür. Gənclərə isə tövsiyə edərdim ki, istənilən yeniliyi, istənilən işi sevgi ilə etsinlər. Alınıb-alınmamağından asılı olmayaraq başlamaqdan, sınamaqdan çəkinməsinlər. Çünki başqası heç vaxt sənə nümunə ola bilməz. Hər kəsin şansı, bacarığı, həyat şərtləri fərqlidir. Hələlik, onlayn olaraq fəaliyyət göstərirəm. İstərdim gələcəkdə, məhsullarımı sata biləcəyim mağazam da olsun”.
“Gördüyün işi sevməlisən, amma aşiq olmamalısan” - MÜSAHİBƏ
15:01
27 Mart 2018