Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə qida əlavələrinin idxalı ilə məşğul olan «Fitolek Azeerbaijan» şirkətinin rəhbərinin Komitənin fəaliyyətindən şikayətinə və bu barədə ölkə rəhbərliyinə müraciətinə cavab verib.
Xatırladaq ki, bir qədər əvvəl «Fitolek Azeerbaijan» MMC rəhbəri Elşad İsmayılov Komitənin fəaliyyətindən prezident İlham Əliyevə şikayət ünvanlayıb.
Şikayətdə deyilir ki, “Fitolek Azerbaijan” MMC-nin adına Polşa Respublikasının “Polski lek” əczaşılıq şirkətinin istehsalı olan invoys dəyəri 25 831.26 EURO olan “Bioloji fəallığa malik qida əlavələri” idxal edilmişdir:
"Adı çəkilən məhsulların rəsmiləşdirilməsi zamanı onlayn qaydada gömrük bəyannaməsi (01201000345532 sorğu № - li) tərtib olunaraq Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. Amma yükün dəyəri gömrük əməkdaşları tərəfindən qəbul edilməmiş və idxal olunan məhsulların onların istədiyi qiymətlə rəsmiləşdiriliməsini tələb etmişlər.
İdxal olunan malların ümumi dəyəri 25831.26 EUROvə daşınma xərci 2600 EURO olduğu halda, buna müvafiq olaraq gömrük rəsmiləşdirməsi üçün rüsum 21165.91 AZN olduğu halda əlavə olaraq 80 000 AZN dəyərində rüşvət tələb edilir.
Bakı Baş Gömrük İdarəsinin inspektoru Anar Həsənov tərəfindən maya dəyəri 0.61 EURO olan malın 4.65 USD, maya dəyəri 4.8 EURO olan malın isə 25.0 USD qiymətlə rəsmiləşdirilməsi tələb edilir. Səbəbi soruşduqda heç bir aydınlıq gətirməyərək ona yuxarı instansiyalardan belə göstəriş verildiyini bildirdi.
Şirkət topdansatış fəaliyyəti ilə fəaliyyət göstərir və müştərilərə qiymətləri qanun daxilində olan xərcləri nəzərə almaqla malları təklif edir və ölkəyə idxal edir. BBGİ nin qanundankənar rüsum tətbiq etməsi bizim alıcılar qarşısında öhdəliyimizi yerinə yetirməyə mane olur. Bu isə Sizin dəfələrlə sahibkarlara dəstək göstərdiyiniz halda,məmurların əməlləri Sizin dəstəyinizə ümid edən sahibkarların müflis olamsına gətirib çıxarır, Cəmiyyətimizin gələcək fəaliyyətini sual altında qoyur».
Müraciətdə deyilir ki, gömrük əməkdaşları tətbiq etdikləri qiymətlə bağlı, bu qiymətin necə müəyyən edildiyi barədə izahat vermək istəmirlər: «Yuxarı instansiya kimi Dövlət Gömrük Kömitəsinə müraciət zamanı icraçılar müxtəlif bəhanələrlə əsaslandırılmamış cavablar verərək sahibkarları ələ salırlar. İdxal olunmuş malların maya dəyərindən 4-8 dəfə, ödəməli olduğumuz ğömrük rüsumundan isə 5 dəfə artıq rüsumun tələb olunması səbəbini heç bir gömrük idarəsi izah etmək istəmir. Belə ki idxal edilən malların bazarda pərakəndə satış qiymətini əsas götürərək gömrük rüsumunun hesablanması qeyri qanunidir. Çünki gömrük rəsmiləşdirilməsindən sonra məhsulların satış qiymətindən asılı olaraq sahibkarlar vergi ödəyirlər».
Sahibkar bildirir ki, bu halla ilk dəfədir rastlaşırlar, indiyədək gömrükdlə belə problemləri olmayıb: «İndiyədək idxal etdiyimiz məhsulların müşayiət edici sənədlərində heç bir qeyri-müəyyənlik olmadığı üçün Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi zamanı bu cür problemlərlə qarşılaşmamışıq. İndiki halda bu cür münasibət və əsassız olaraq tələb olunan artıq rüsum bizdə təəccüb və narazılıq yaradır».
MMC rəhbərinin sözlərinə görə, Gömrük Məcəlləsinin 160.1 ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi yük haqqında olan bütün sənədlər bu orqana təqdim olunduqdan sonra 2(iki) iş günündən gec olmayaraq həyata keçirilməlidir:
«Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkəti sayəsində hal hazırda gətirilmiş yükü rəsmiləşdirə bilmirik. Əsassız olaraq tələb olunan əlavə gömrük və vergi rüsumu, nəqliyyat vasitəsinin həddindən artıq gömrük dayanacağında saxlanılmasına görə xərclər məhsulun maya dəyərinin çox yüksəlməsinə səbəb olur ki nəticədə də sahibkarların fəaliyyətinə mənfi təsir göstərir.
Sadalananları nəzərə alaraq və gömrük qanunvericiliyinə əsaslanaraq, “Fitolek Azerbaijan” MMC-nin adına Polşa Respublikasından idxal olunan yükün (01201000345532 sorğu № - li gömrük bəyannaməsi) rəsmiləşdirilməsi zamanı Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları tərəfindən yol verilən nöqsanların aradan qaldırılmasını və malların qanuni müqavilə və invoys dəyəri ilə rəsmiləşdirilməsi, Cəmiyyətimizə vurulmuş zərərin səbəkarlar tərəfindən qarşılanması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik».
Dövlət Gömrük Komitəsində (DGK) isə bu şikayəti tamamilə əsassız, ümumiyyətlə gömrük əməkdaşlarına şər-böhran hesab edirlər.
Komitənin rəsmi açıqlamasında deyilir ki, müraciətdə səslənən fikirlər, o cümlədən Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması, hətta daha irəli gedərək rüşvət istənilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Komitənin açıqlamasında bildirilir:
«Polşa Respublikasının "Polski lek" S.A. şirkəti ilə bağlanmış müqavilə əsasında "Fitolek Azerbaijan" MMC-nin ünvanına daxil olmuş "bioloji fəallığa malik qida əlavələri" yükünə dair məlumatlar dolayı təmsilçi tərəfindən 27.11.2020-ci il tarixli, 01201000345532 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə gömrük orqanına bəyan edilib.
Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsi və ona əlavə edilmiş sənədlər üzrə araşdırma həyata keçirilərkən malın gömrük dəyərinin yanlış bəyan edilməsinə dair şübhə yaranıb, bu səbəbdən gömrük bəyannaməsi müvafiq düzəlişlərin edilməsi məqsədi ilə dolayı təmsilçiyə geri göndərilib.
Elşad İsmayılovun gömrük orqanı tərəfindən bildiriş verilmədiyi barədə səsləndirdiyi fikirlər gömrük bəyannaməsi üzrə elektron çıxarışla təkzib olunur. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən malın ümumi gömrük dəyərinə dair qeyd edilən bildiriş icra edilmədən yenidən rəsmiləşdirmə aparılması məqsədilə imzalanıb və gömrük orqanına təqdim edilib.
Xarici ticarət içtirakçısı "Fitolek Azerbaijan" MMC malın ümumi gömrük dəyərinə dair bildirişlə razılaşmadığı üçün gömrük orqanı tərəfindən qanunamüvafiq qaydada malın real dəyərinin müəyyən edilməsi məqsədi ilə 04.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası "AZƏREKSPERTİZA" Birliyinə müraciət edilib. "Fitolek Azerbaijan" MMC malın ümumi gömrük dəyərini 57 min 635 manat göstərdiyi halda, "AZƏREKSPERTİZA" Birliyinin 8 dekabr 2020-ci il tarixli, 241 saylı cavab məktubuna əlavə edilmiş ekspert rəyinə əsasən malın orta bazar qiymətinin 196 min 088 manat dəyərində olduğu, buna uyğun olaraq malların ümumi gömrük dəyərinin isə 122 min 776.56 manat təşkil etdiyi müəyyənləşdirilib. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində "Fitolek Azerbaijan" MMC tərəfindən gömrük qanunvericiliyinin pozulması faktı üzrə araşdırma davam etdirilir».
Dövlət Gömrük Komitəsi bildirir ki, "Fitolek Azerbaijan" MMC-inin rəhbəri Elşad İsmayılovun Bakı Baş Gömrük İdarəsinin əməkdaşları barəsində söylədiyi əsassız ittihamlarla bağlı məhkəməyə müraciət edilərək hüquqi müstəvidə addımlar da atılacaq.
Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən rəsmi mövqeyi öyrənməyi tövsiyə edir.
Komitə bildirib ki, gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər bundan sonra da həyata keçiriləcək.