Azərbaycana xaricdən sifariş edilən bağlamaların çatdırılması və bu zaman baş verən gecikmələrin günahkarı Gömrük xidməti deyil.
Bu barədə FED.az-a Dövlət Gömorük Komitəsinin sərnişin dəhlizlərinin idarə edilməsi şöbəsinin rəisi Vasif Qurbanov bildirib.
Xatırladaq ki, son vaxtlar çatdırma şirkətləri xaricdən gətirilən yüklərin gecikməsində gömrükdəki gecikməni və rəsmiləşmə ilə bağlı çətinlikləri səbəb gətirirlər.
Bu barədə FED.az-ın sualını cavablandıran Komitənin şöbə müdiri Vasif Qurbanov xatırladıb ki, bununla bağlı vətəndaşlardan Gömrük Komitəsinə də müraciətlər və şikayətlər daxil olur.
«Çatdırılma və daşıma şirkətləri adətən malın ölkəyə hansı ardıcıllıqla gətirildiyini vətəndaşlara elan edirlər. Məsələn, mal xarici anbardadır, mal yoldadır, mal gömrük xidmətindədir, daxili anbardadır və təhvil verildi».
Şöbə rəisi bildirir ki, burada ən çox problem yaradan malın gömrük orqanında saxlanması ilə bağlı olan məlumatdır: «Şirkətlər əksər hallarda göstərirlər ki, mallar 8 gün, 9 gün 10 gün gömrük orqanlarında qalır. Amma bu belə deyil, bu məlumatlar doğru deyil».
Gömrük nümaynədəsinin sözlərinə görə, malların gecikməsinin bir sıra səbəbləri var. Bunlardan biri, çatdırma şirkətlərinin sifariş verilən verilən malları gömrüyə gec təqdim etməsidir: «Məsələn, bəzən mallar 2-3 gün gec təqdim edilir. Bəzən bu çatdırma şirkətlərinin özündən də asılı olmur. Çünki son vaxtlar pandemiya ilə bağlı olaraq bəzi mağaza və firmalar bağlı idi deyə bu sifarişlərin sayı artıb».
Qeyd edək ki, hazırda Azərbaycanda 100-dən çox daşıma şirkəti qeydiyyatdan keçib, bəzi günlərdə bir şirkətin ölkəyə gətirdiyi yüklərin həcmi 5-6 tona çatır.
Amma hətta bu halda belə gömrüyə təqdim edilən malların burada qalma müddəti 1-2 günü keçmir. Vasif Qurbanov bildirir ki, gətirilən malları şərti olaraq iki yerə bölmək olar, gömrük ödənişləri tələb olunan və tələb olunmayan.
Komitə rəsmisinin sözlərinə görə, gömrük ödənişlərinə cəlb olunan malların müəyyən olunması üçün gömrükdə cəmi 1-2 gün vaxt gedir: «Digər hallarda isə, yəni gömrük ödənişlərinə cəlb edilməyən mallar olduqda isə şirkət həmin malı gömrüyə təqdim etdikdə gömrük nəzarətinən keçir və həmin mal elə həmin gün şirkətə təqdim olunur».