Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır. FED.az xəbər verir ki, bu barədə yeniavaz.com-a Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib.
Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə quruqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər: "Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin sahibkarlara dəstəyini, bu sahədə aparılan islahatları gördüyümüz üçün qərara aldıq ki, Türkiyədəki şirkətimizin burada nümayəndəliyini açaq. Bu yaxınlarda isə Türkiyədən ilk məhsularımızı ölkəyə gətirdik. Lakin, hazırda gömrükdə malların qiymətləndirilməsi ilə bağlı çox ciddi problemlə qarşılaşmışıq. Bu təkcə bizim qarşılaşdığımız problem deyil, sahibkarların əksəriyyətinin üzləşdiyi problemdir".
"Ölkəyə daxil olan məhsulun qiyməti ixracatçı şirkətə yerli şirkət (mənşə ölkə) tərəfindən verilən hesab-fakturada qeyd olunur" - deyən, həmsöhbətimiz bildirdi ki, bizim gömrük orqanları da beynəlxalq qaydalara riayət edərək bu qiyməti qəbul edirlər: "Ancaq daha sonra gömrük əməkdaşları məlumat bazasına müraciət edirlər və bildirirlər ki, bizim "bazadakı" qiymət sizin təqdim etdiyiniz qiymətdən yüksəkdir.
Elə birinci problem budur. Gömrüyün məlumat bazası imkan vermir ki, sahibkarlar ölkəyə daha ucuz məhsullar idxal etsinlər. Biz buna etiraz etdik. Bundan sonra onlar bazar araşdırması apardılar. Bizim məhsul Azərbaycanda cəmi iki şirkətə satıldığı üçün bazarda yoxdur. Ona görə də girirlər "google" axtarış saytına, firmanın adını və markanı yazıb axtarırlar.
İkinci ən böyük problem də elə budur. Axtarışı mənşəyi bilinməyən saytlar üzərindən aparırlar. Baxmırlar ki, bu nə saytdır, nə məqsədlə qurulub. Bizim məhsulun axtarışı zamanı cəm bir sayt tapıblar. Orda mənim 400 dollar qiymət qoyduğum bir malın oxşar modelini tapıblar ki, bu məhsulun qiyməti 24 min 500 lirəyədir. Bu da hardasa 5 min dollara yaxın bir məbləğdir. Sonra həmin məlumatı çıxarıb aparıb qoyurlar Bakı Baş Gömrük İdarəsinin rəisinin qarşısına ki, bəs gətirilən məhsulun qiyməti budur, real qiyməti isə bu. Halbuki belə bir hadisə olarsa, bu birbaşa cinayətdir. Mənə deyir ki, sənin rüsumun 30 faiz qalxmalıdır. O zaman ortaya belə sual çıxır. Əgər sən mənim malımın qiymətini mənşəyi bilinməyən bir veb-saytda 10 dəfə baha görürsənsə, onda niyə təklif edirsən ki, rüsumu 30 faiz artıq ödəyim. Məntiqlə rüsumu da 10 dəfə artırmalıyam axı. Bu məntiqsizliyin səbəbini soruşanda da deyirlər ki, biz sizə hörmət edirik".
Sahibkar Adil Haqverdiyevin sözlərinə görə, mallar gəldikdən sonra təxminən 10 gün onların tələblərinin əsassız olduğunu izah eləməklə keçirmişəm: "Hətta onların tapdığı veb-sayta zəng edib danışmışam. Bildirirlər ki, sayta belə bir elanın necə qoyulduğunu xatırlamırlar və hazırda onlarda belə bir məhsul yoxdur. Nəhayət biz Bakı Baş Gömrük İdarəsinin rəisinə məktub yazdıq və bildirdik ki, qiymətləndirmə ilə bağlı gömrük əməkdaşlarının irəli sürdükləri iradlar əsassızdır. Bundan sonra bizə bildirdilər ki, malın qiymətini müəyyən etmək üçün ekspertizaya verməliyik. Halbuki, biz həmin malın qiymətini müəyyən etmək üçün lazım olan bütün sənədləri gömrük orqanına təqdim etmişdik.
Üçüncü ciddi problem də ekspertiza ilə bağlıdır. Ekspert gəlib TIR-ın içərisində olan 80 fərqli mebel dəstinin içərisindən sadəcə 2 modelin - bir kreslo və bir divanın şəkilini telefonla çəkərək getdi. Soruşanda ki, siz tək şəkillə bu məhsulun qiymətini necə müəyyən edəcəksiniz. Bildirdi ki, mən mebelin rəngindən onun neçəyə satıldığını tapacam. Yəni, məsələyə qeyri-peşəkar yanaşdılar. Elə ekspertin gəldiyi nəticə də gömrüyün nəticəsi ilə üst-üstə düşdü.
Dördüncü ən böyü problem kommunikasiya ilə bağlıdır. Gömrük Komitəsinə gedib problemi deyirsən, bildirirlər ki, bu bizlik deyil Bakı Baş Gömrük İdarəsində həll olunmalıdır.
Beşinci ciddi problem savadsız və səriştəsiz kadrların olmasıdır.
Altıncı problem isə odur ki, mən bir sahibkar kimi Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb problemlərimi ona çatdıra bilmirəm. Mənim malım 20 gündən artıqdır ki, ordadır. Yəqin ki, mənim kimi bir-neçə sahibkar da eyni problemlə qarşılaşıb. Lakin, rəhbərlik bir dəfə də maraqlanmır ki, bunların problemi nədir. Niyə bu mallar 20 gündür burda saxlanılır".
Dövlət Gömrük Komitəsi isə sahibkarın dediklərini təkzib edərək onların həqiqətə uyğun olmadığını bildirib.
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. FED.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir.
"Həmin mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.
Eləcə də bax: Gömrüyün sədri: ""Baku Steel Company"dən soruşduq ki, sizə hansı qiymət sərf edir"
A.Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.
DGK bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - deyə məlumatda qeyd olunub.