Azərbaycana xaricdən lizinq əməliyyatları ilə gətirilən avadanlıqların ƏDV-dən azad edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) izahatı həqiqətə uyğun deyil.
Bu barədə FED.az-a gömrük vergi məsələləri üzrə ekspert Vəli Əliyev məlumat verib.
Eləcə də bax: Gömrük Komitəsi lizinq əməliyyatının - ƏDV-DƏN AZAD OLMA ŞƏRTİNİ AÇIQLADI
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev lizinq əməliyyatlarından ƏDV tutulması ilə bağlı FED.az-ın sualını cavablandırarkən bildirmişdi ki, bunun üçün liinq müqavilələri 3 tərəfli bağlanmalı və lizinq şirkətinin nizamnamə kapitalı aparılan əməliyyatın həcmi qədər, hətta ondan bir neçə dəfə artıq olmalıdır.
Amma ekspertlər bu iddianın doğru olmadığını, qanunvericilikdə tələblərin fərqli göstərildiyini bildirirlər. Vəli Əliyev FED.az-a bildirib ki, lizinq fəaliyyəti hər hansı xüsusi qanunla tənzimlənmir: «Yəni adi MMC-lər necə, hansı qanunlar əsasında işləyirsə, lizinq şirkətləri də o qanunlar əsasında işləyir. Məsəslən, banklar üçün xüsusi qanunvericilik var ki, onun tələbləri MMC-lərdən fərqlənir. Bankın nizamnamə kapitalı və ya ehtiyatların yaradılması ilə bağlı tənzimlənmə məsələləri var və sair. Amma lizinq fəaliyyəti hər hansı xüsusi qanunla tənzimlənmmir».
Vəli Əliyev lizinq şirətlərinin nizamnamə kapitalı ilə bağlı da heç bir xüsusi tələbin olmadığını bildirir: «Deyilir ki, nizamnamə kapitalı çox olmalıdır, amma nizamnamə kapitalının həcmi ilə bağlı hər hansı tələb yoxdur. Lizinq şirkətləri çox rahatlıqla banklardan kredit cəlb etməklə fəaliyyət göstərə bilərlər və əksər lizinq şirətləri elə fəaliyyət göstərirlər. Yəni banklardan kredit götürürlər və onun əsasında lizinq fəaliyyətini davam etdirirlər».
Ekspert lizinq müqavilələrinin hökmən 3 tərəfli olması ilə bağlı tələbin də olmadığını bildirir: «2017-ci ildə Konstitusiya Məhkəməsi Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar verib.
Konstitusiya Məhkəməsi həmin qərarda bəyan edib ki, lizinq müqaailəsi 3 tərəf də, 2 tərəfli də ola bilər, sadəcə 2 tərəfli olanlarda birmənalı olaraq həmin əmlakın lizinqlə veriləcəyi qeyd edilməlidir. KM-in tələbi budur».
Vəli Əliyev bildirir ki, bir qədər əvvəl oxşar mübahisədə Gömrük Komitəsinə qalib gəlib. «Hətta bir qədər əvvəl biz Prezident yanında Apellyasiya Şurasının iclasında bununla bağlı olan şikayəti udmuşuq. Bizim mübahisə də eyni hal idi, lizinq əməliyyatı idi, gömrükdən buraxmırdılar və ƏDV tələb edirdilər. Apellyasiya Şurası bilavasitə qərar verdi ki, Gömrük Komitəsi malın ƏDV-yə cəlb olunmadan gömrük rəsmiləşdirilməsini aparsın. Apelyasiya Şurasının qərarını da əldə edəndən sonra iki gün sonra malımızı ƏDV-siz rəsmiləşdirdik».
Ekspert deyir ki, nizamnamə kapitalının həcminin uyğunluğunu müəyyən edib-etməmək Gömrük Komitəsinin vəzifəsi deyil: «Gömrük Komitəsi ölkənin gömrük siyasətini həyata keçirir. Yəni lizinq şirkətinin nizamnamə kapitalı onun əməliyyatlarına adekvatdır və ya deyil, bu məsələ Gömrük Komitəsinn işi deyil».