Dövlət Gömrük Komitəsi (DGK) «Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları»nı təsdiqləyib. FED.az xəbər verir ki, bu sənəd faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi qaydalarını tənzimləyir. Eləcə də bax: Gömrük məntəqələrində - ELEKTRON NÖVBƏ BAŞLADI Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın (bundan sonra-Qaydalar) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 734 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hazırlanmışdır və faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi qaydalarını tənzimləyir. 1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər - risk meyarlarına əsasən müəyyən edilən, malların faktiki idxalatçısı və ya ixracatçısı digər şəxslər olduğu halda, idxal və ya ixrac əməliyyatlarını öz adından həyata keçirən şəxslər; 1.2.2. risk meyarları – faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin müəyyən edilməsi üçün bu Qaydalarda nəzərdə tutulan riskli hesab olunan halların məcmusu; 1.2.3. məlumat mənbələri – kağız və elektron formada mötəbər informasiyanı əks etdirən sənədlər, proqram təminatı və digər elektron məlumat daşıyıcıları; 1.2.4. elektron məlumat mübadiləsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) arasında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi. 2. Risk meyarları əsasında faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin müəyyən edilməsi 2.1. Risk meyarları müəyyən olunarkən qanunvericiliklə müəyyən edilən tələblər nəzərə alınır. 2.2. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir: 2.2.1. Məlumatların toplanması; 2.2.2. Məlumatların emalı (təhlili); 2.2.3. Məlumatların ötürülməsi. 2.3. Məlumatların toplanması mərhələsi - Nazirlik və Komitə tərəfindən idxal və ixrac əməliyyatları aparan xarici ticarət iştirakçılarının fəaliyyəti barədə məlumatların Nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə əldə olunmasından ibarətdir. Bu mərhələdə Nazirlik və Komitədə tətbiq edilən avtomatlaşdırılmış proqram təminatı vasitəsilə mövcud məlumat mənbələrindən alınmış məlumatlar, o cümlədən vergi, gömrük bəyannamələrində təqdim olunmuş məlumatlar təhlil edilir. 2.4. Məlumatların emalı mərhələsində toplanmış məlumatlar bu Qaydaların 3-cü hissəsində göstərilən risk meyarları əsasında təhlil edilir. 2.5. Məlumatların ötürülməsi mərhələsində toplanmış məlumatların təhlili nəticəsində bu Qaydaların 3-cü hissəsində göstərilən risk meyarlarına aid olan şəxslər faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər kimi müəyyən edilərək, həmin şəxslər barədə məlumatlar Nazirlik və Komitənin elektron informasiya sistemləri arasında mübadilə edilir. 2.6. Məlumat mübadiləsi zamanı kənar idxalçının müəyyən edilməsi üçün tətbiq edilən risk meyarı mütləq qeyd olunmalı və müvafiq əsaslandırma əlavə edilməlidir. 3. Risk meyarları 3.1. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında müəyyən edilir: 3.1.1. istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda istehsal etdiyi, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. idxal və ya ixrac əməliyyatları aparan vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etmədikdə və ya hər hansı üçüncü şəxslə saxlanma müqaviləsi bağlamadıqda; 3.1.3. idxal və ya ixrac əməliyyatları aparan fərdi sahibkar və ya idxalatçı hüquqi şəxsin rəhbəri və ya təsisçisi bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilən risk meyarlarına əsasən riskli hesab edilən digər hüquqi şəxsin idarəetmə orqanının rəhbəri və ya təsisçisi olduqda; 3.1.4. topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər son 2 (iki) ayda iki və ya daha artıq gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi malları elektron qaimə-faktura təqdim etməklə satışında əks etdirmədikdə; 3.1.5. şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 3.1.6. vergi ödəyicisinin son 6 ay üzrə idxal etdiyi malların həcmi onun həmin dövr üzrə dövriyyəsindən azı 2 dəfə artıq olduqda; 3.1.7. idxal və ya ixrac əməliyyatlarının həcmi işçi sayının olmasını tələb etməsinə baxmayaraq, vergi ödəyicisinin bəyannaməsində işçi sayı göstərilmədikdə, əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri müəyyən edilmədikdə və ya işçi sayı idxal əməliyyatlarının həcminə uyğun göstərilmədikdə. 4. Yekun müddəalar 4.1. Bu Qaydalara əsasən müəyyən olunmuş faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 734 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
|
Gömrük Komitəsindən başqaları üçün mal daşıyanlar barədə – YENI QƏRAR - TAM MƏTN
17:08
16 Dek 2019