2018-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 907,0 milyon manatı və ya 39,3 faizi Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcəyi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Təqdimatda qeyd olunur:
Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7 milyard 907,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262,0 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6 milyard 027,0 milyon manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1 milyard 880,0 milyon manatı neft sektorunun payına düşür.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 196,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 28,0 milyon manat və ya 2,4 faiz çoxdur. Fiziki şəxslərdən gəlir vergisinin artımı yeni iş yerlərinin açılması, orta aylıq əməkhaqqının artımı ilə bağlıdır.
Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2 milyard 320,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 141,0 milyon manat və ya 6,5 faiz çoxdur. Həmin məbləğin 68,3 faizi və ya 1 milyard 584,0 milyon manatı qeyri-neft sektorunun, 31,7 faizi və ya 736,0 milyon manatı neft sektorunun payına düşür.
Qeyri-neft sektoru üzrə artım qeyri-neft ÜDM-nin artımı hesabına olacaqdır. Neft sektoru üzrə mənfəət vergisinin artımının əsas səbəbi isə təbi qazın və bəzi neft məhsullarının qiymətlərinin artımı ilə əlaqədar ARDNŞ-in gəlirlərinin artmasıdır..
Əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 583,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir. Əlavə dəyər vergisi üzrə daxilolmaların 89,3 faizi və ya 2 milyard 306,0 milyon manatı qeyri-neft sektorunun, 10,7 faizi və ya 277,0 milyon manatı neft sektorunun payına düşür. 2017-ci ilin proqnozu ilə müqayisədə neft sektoru üzrə ƏDV 48,0 milyon manat və ya 14,8 faiz az, qeyri-neft sektoru üzrə ƏDV 48,0 milyon manat və ya 2,1 faiz çox proqnozlaşdırılır. Göründüyü kimi, əlavə dəyər vergisi üzrə artım əsasən qeyri-neft sektoru üzrə nəzərdə tutulur ki, bunun da səbəbi növbəti ilə qeyri-neft ÜDM-in artımla proqnozlaşdırılmasının təsirinin nəzərə alınmasıdır.
Sadələşdirilmiş vergi üzrə daxilolmalar 380,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 36,0 milyon manat və ya 10,5 faiz çoxdur. Artıma səbəb Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin genişlənməsi, vergi tutulan dövriyyənin məbləğinin artması olmuşdur.
Aksiz vergisi üzrə daxilolmalar 554,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 36,0 milyon manat və ya 6,9 faiz çoxdur. Həmin məbləğin 91,7 faizi və ya 508,0 milyon manatı neft sektorunun, 8,3 faizi və ya 46,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Artımın səbəbi proqnozlara əsasən Aİ-92 benzininin növbəti illərdə istehlak həcminin artması ilə bağlıdır.
Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 182,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 4,0 milyon manat və ya 2,2 faiz çoxdur. Həmin məbləğin 70,3 faizi və ya 128,0 milyon manatı qeyri-neft sektorunun, 29,7 faizi və ya 54,0 milyon manatı neft sektorunun payına düşür. Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi neft sektoru üzrə 3,0 milyon manat və ya 5,9 faiz, qeyri-neft sektoru üzrə 1,0 milyon manat və ya 0,8 faiz çox proqnozlaşdırılır.
Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların artımı nəticəsində əsas vəsaitlərin balansa alınmasıdır. Bununla yanaşı, hesablamalarda 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslərin də əmlak vergisi ödəyiciləri olması proqnozlarda nəzərə alınmışdır.
Mədən vergisi üzrə daxilolmalar 136,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017- ci ilin proqnozuna nisbətən 25,0 milyon manat və ya 22,5 faiz çoxdur. Həmin məbləğin 94,9 faizi və ya 129,0 milyon manatı neft sektorunun, 5,1 faizi və ya 7,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Mədən vergisinin faydalı qazıntıların topdansatış qiymətinə tətbiq olunduğunu və təbii qazın topdansatış qiymətinin 2016-cı ilin dekabr ayından artdığını nəzərə alaraq neft sektoru üzrə mədən vergisi artımla proqnozlaşdırılmışdır.
Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilomalar 50,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir. Həmin məbləğin 70,0 faizi və ya 35,0 milyon manatı qeyri-neft sektorunun, 30,0 faizi və ya 15,0 milyon manatı neft sektorunun payına düşür (marja.az)