Azərbaycan fındıq ixracına görə dünyada Türkiyə və İtaliyadan sonra üçüncü yeri tutsa da, hər hektara düşən məhsuldarlıq göstəricisi aşağıdır - hazırda ölkəmizdə 1 hektar fındıq bağından orta hesabla 1,2 ton məhsul götürülür.
Azərbaycanın qida və içki istehsalçısı Avropa bankından böyük məbləğdə - Kredit Alır
FED.az xəbər verir ki, bu barədə Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilən “Azərbaycanda fındıqçılığın inkişaf yolları” mövzusunda seminarda bildirilib. Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirilən layihənin əsas məqsədi də məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yüksəltmək, bununla da fındıqdan gələn gəlirin yüksəldilməsidir.
Qeyd edilib ki, müasir texnologiyalardan istifadə etməklə fındıq bağlarında məhsuldarlığı bir neçə dəfə artırmaq mümkündür.
Hazırda Azərbaycanda fındıq bağları iki üsulla salınır – intensiv və ənənəvi bağçılıq. Bu iki üsulun arasında həm məhsuldarlıq həcmi, həm də bağın məhsula çıxması müddətləri baxımından ciddi fərqlər var.
Belə ki, ənənəvi üsulla salınan bağlar ilk dəfə məhsulu 6-cı il verir, tam məhsuldarlıq isə 16-cı ildən başlayır. Hər hektarda məhsuldarlıq isə 1,5 ton təşkil edir. Fındığın bazardakı orta qiymətlərini (1 kiloqramı orta hesabla 4 manat) nəzərə alanda bu hər hektardan 6 min manat gəlir deməkdir.
İtalyan texnologiyasının tətbiqi ilə salınan intensiv bağlarda isə ağaclar 4-cü ildən məhsul verməyə başlayır, 9-cu ildən isə bağ tam məhsula düşür. Bu bağlarda hər hektardan orta məhsuldarlıq 2,5 tona çatır – yəni hər hektardan gəlir 10 mi n manata yaxın təşkil edir.
Ənənəvi fındıq bağları ocaq əkin sistemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə, ümumilikdə bir hektarda cəmi 156 ağac əkilirdi.
İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir, hektarda 500 ağac olur.
İntroduksiya edilmiş italyan sortlarının üstün cəhətlərindən biri də məhsul yığımı prosesinin daha asan olmasıdır. Belə ki, həmin sortlarda fındıq yetişdiyi zaman meyvə qərzəyindən rahatlıqla ayrılır. Ağac yığım üçün silkələndikdə məhsul yerə qabıqsız tökülür. Bu da, yığım prosesini sürətləndirir və işçi qüvvəsinə tələbatı azaldır.