İlk biznes cəhdi 1-ci sinifdə olur, yarıda qalır. İkinci cəhdini isə 2-ci kursda oxuyanda edir. Bu dəfə xərclədiyi pul batır. Üçüncü cəhdi isə universiteti bitirdikdən, mebel sektorunda çalışdıqdan sonra olur, bu dəfə uğurlu alınır. Əvvəlki iki təcrübəsinin uğurlu alınan biznesdə rolu olduğunu deyir. Söhbət “Mutfakçı” mebel brendinin yaradıcısı, iqtisad elmlər namizədi İlkin Manafovdan gedir. İ.Manafovla elə biznes yolu ilə bağlı söhbət etmişik.
Qeyd edək ki, İlkin Manafov “360 dərəcə brendinq” kitabının müəllifidir.
- Robert T. Kiyosakinin “Varlı ata, kasıb ata” kitabında uşağın həyatında, onun necə bir düşüncə ilə böyüməsində atanın timsalında valideynlərin rolu vurğulanır. Yəni valideynlərin bizə ötürdüyü düşüncə də önəmlidir. İki müəllim övladı olan İlkin Manafov biznesə necə yönəldi?
- Məncə, biznes düşüncəsi bu və ya digər formada hamıda var. Sadəcə onu inkişaf etdirəcək mühit də olmalıdır. İlk biznes təcrübəm 1-ci sinifdə olub. Həmişə gecə yatanda xəyal qururdum ki, nə isə alacam, satacam. O vaxt saqqız kağızının içindən maşın şəkilləri çıxırdı. Bu şəkillər də sinif yoldaşlarımın xoşuna gəlirdi. Bir dəfə sinif yoldaşım saqqız kağınıza görə mənə pul təklif etdi. Mən də kağızı ona vermək istəmədim. 2 manat 40 qəpik pulum var idi. Həmin gün qonşumuzdakı xaladan 20 qəpikdən 12 saqqız aldım və döşəyin altında gizlətdim. Çünki valideynlərim al-verə, biznesə yaxşı baxmırdılar. İndi də bəzən məni heç başa düşə bilmirlər (Gülür). Səhər 1-i 50 qəpikdən 4 saqqızı məktəbdə satdım. Sevinə-sevinə evə gəldim. İndiyə qədər o sevinc hissi yadımdadır. Səhəri gün şahmat yarışına getdim. Qayıdanda gördüm ki, evdə böyük bir skandal var. Birincisi, valideynlərim saqqızı tapmışdılar, ikincisi, sinif rəhbərimiz də xəbər tutub, valideynlərimə deyib (Gülür). Birinci biznes təcrübəm elə o vaxt dayandı. Valideynlərimdən mənə gələn fayda odur ki, atam həmişə məndə “Ağlında olanı et” fikrini yaradıb. Heç vaxt bu mövzuda mənə yox deməyib.
- “Yox” deməməyi biznes yönündə olub?
- Olub. 2-ci kursda oxuyurdum. Bir dostum dedi ki, taxıl əkib pul qazanmaq olar. Dedi ki, əkirsən, çox da diqqət tələb etmir, axırda biçib pulunu qazanırsan. Atama dedim ki, taxıl əkmək istəyirəm. Kənddə qohumumuz var, ona zəng etdi. Dedi ki, İlkin səninlə görüşmək istəyir. Qohum gəldi, dedi ki, bizdə torpaq var, ək. 5 hektar sahə üçün 200 şirvan lazım olduğunu dedi. Biznesdən başım çıxmır, taxıl əkməyi də heç bilmirəm. Pulun hamısını atamdan götürdüm və əkdim. Axırıncı qəpiyinə kimi batırdım. Atam mənə “yox” demədi, amma dərs verdi. Bu günə kimi elə mükəmməl biznes dərsi almamışam.
“3 biznes dərsi qulağımda sırğadır”
- Məsələn, o təcrübə nə öyrətdi?
- Birincisi, öyrəndim ki, bilmədiyin işə girmək olmaz. Mən taxıl biznesini bilmirdim. İkicisi, nəzarətsiz heç bir iş ola bilməz. Mən 200 şirvanı verəndən sonra bir dəfə də olsun sahəyə getməmişdim. Yalnız biçində getdim. Üçüncüsü, yalnız sözə güvənib iş görmək olmaz. Güvən rəqəmlə bərkidilməlidir. Bu 3 biznes dərsi qulağımda sırğadır. Bu gün “Mutfakçı”da görülən hər bir işdə həm də İlkinin alın təri var. Komanda ilə mən də çalışıram. Şirkətdə hər işin öz icraçısı var, amma mən kresloda otura bilmirəm. Otursam, taxıl kimi biçin zamanı heç nə olmayacaq.
- 2 biznes təcrübənizdən danışdıq. 3-cüyə gələk...
- Doktoranturaya daxil olmuşdum. Paraleldə mebel şirkətində işə düzəlmişdim. Dissertasiya mövzusunu mebel haqqında (Mebel sektorunun marketinqlə inkişaf məsələləri) idi. O dövrdə bir fürsət yarandı. Mebel şirkəti icazə verdi ki, əməkdaşları o şirkətin mağazasını aça bilsinlər. Françayzinq sistemi kimi olacaqdı. İlkin kapitalım olmadığına görə, bu mənim üçün göydəndüşmə oldu. Ürəyimdə daim biznes qurmaq arzusu olduğuna görə, ilk mağazamı 2008-ci ildə belə açdım.
- Mebel sahəsində dissertasiya, maraqlıdır.
- Mən dissertasiya mövzumu cəmi 2 ilə müdafiə etmişəm. Akademik karyera quran oxucularımız bunu yaxşı bilir ki, 2 ilə doktoranturaya daxil olub elmlər namizədi olmaq çətindir. Bildiyin sahədə elmi iş yazmaq çox sadədir. Əminəm ki, Azərbaycanda sıfırdan biznes qurmuş bir çox sahibkar bir çox elmlər namizədi diplomu olanlardan daha böyük elmi ixtira edib. Mebel biznesində olan təcrübəmi, müasir mebel sektorunda biliklərimi dissertasiyama tökmüşəm. Həm də fəxrlə deyə bilərəm ki, elmi yeniliklərim nəinki, Azərbaycan, həm də alman şirkətlərində tətbiq edilir. Amma akademik karyera ilə məşğul olmuram. “Mutfakçı” daha maraqlı və sevdiyim iş kimi gəlir.
- Mebel sahəsində biznes qurmağınıza qayıdaq. Elə biznesdir ki, ilkin xərclər mütləq olmalıdır. Nə qədər xərclədiniz?
- 200 dollar xərclədim. Onu da anamdan borc almışdım. 120 dollarına kassa aparatı aldım. 30 dollarla mağazaya vinil çap etdirdim. 50 dollara da buklet düzəltmişəm. O vaxt sosial şəbəkə bu qədər aktiv deyildi, insanlar bukletə çox güvənirdilər. Birinci ay 200 dolları geriyə qaytardıq.
- 3-cü cəhd artıq uğurlu oldu?
- Deyəsən (Gülür). Saqqız və taxılda buraxdığım səhvləri bu dəfə etmədim. Yaxın dostumu o mağazaya işə götürdüm. Yəni nəzarətsiz deyildi. Mebel sektorunu və bazarı yaxşı bilirdim. Saqqızda səhvim o idi ki, ilk problemdə dayanmışdım. Müştəriyə izah etməli idim ki, gördüyüm pis iş deyil. Valideynlərimə də izah etməliydim ki, bu mənim üçün bir biznes dərsidir, qoyun davam edim.
“Yaxşı yerdə biznes qurmağa nə var ki?”
- Çalışdığınız mebel mağazası hansı işçilərə öz mağazasını açmağa imkan verirdi?
- O vaxt həmin şirkətin addımının kökündə duran məsələ işçilərinə köməklik etmək deyildi. O dururdu ki, heç kim o şirkətin mağazasını açmırdı. Hamı görürdü ki, o mağazanın açılması son dərəcə zərərli biznesdir. Orada cahil cəsarəti lazım idi. Mənimlə bərabər 15-16 nəfər şirkətin mağazasını açdı, hamısı bağlandı. Yeganə, bəlkə də 1-2 adamdan biri idim ki, davam etdim. Hətta mənim açdığım yerdə şirkət özü mağaza açmazdı. Çünki yaxşı yerdə deyildi. İcarə üçün götürdüyüm yer uzun müddət idi ki çalışmırdı. O yeri mənə icarəyə verən şəxsin sevincinin həddi hüdudu yox idi. 3 ay məndən icarə almadı. Möhlət verdi ki, özünə gəl, sonra verərsən.
- Yaxşı olmayan yerdə biznes necə tutdu?
- Ümumiyyətlə, biznes dəyər yaratma sənətidir. Yaxşı yerdə biznes qurmağa nə var ki? Həm də yaxşı yerin yaxşı qiyməti, sərt şərtləri olur. Bu gün “Mutfakçı” olan küçələrdə ilk biznes olaraq mağaza götürməyiniz çətin olardı. Böyük icarələri, təmir xərcləri var. Mən biznesə başladığım zaman o nöqtələrdən başlayırdım ki, başqa adamlar düşünərdi ki, orada biznes qurmaq mümkün deyil. Çünki yeganə gücüm qaçmaq, hərəkət etmək idi. Biznesə təzə başlayırsınızsa, hamının tərk etdiyi, lazımsız gördüyü sahələrdə işləmək lazımdır. İşə ürəyini qoyanda, alınmasa, o işin xərclərini ödəməyə pulun olmadığını biləndə, daha əzmli olursan. Yadımdadır, axşam 9-10-a qədər mağazamız açıq qalırdı. Heç bir mebel mağazası 7-dən sonra açıq olmur. 10-un yarısında belə müştərimiz olurdu. Üzməyi bilməsən də, suya düşmüsənsə, batmamaq üçün məcbur olub üzürsən. Biz məcbur olub üzürdük.
- Restoran, geyim mağazası, yaxud hansısa bu tipli məkan açan biznes adamlarına məsləhət görülür ki, ərazini analiz et, gör ordan bir saat ərzində nə qədər adam keçir? Hərəkətli yer deyilsə, biznesinin uğurlu olma faizi aşağıdır.
- Biznesin başlanğıcı üçün ən effektiv fikir “Karvan yolda düzələr”dir. Biznesə başlayırsansa, etdiyin istənilən analiz sənə mane olacaq. Hətta biznesi açmamışdan əvvəl düşünsən ki, məni hansı çətinliklər gözləyir, heç vaxt biznes aça bilməzsən. Çünki biznes çətin işdir, daim stressdir. Ay sonu daim maaş verməlisən. Çalışdığım şirkətdən 800 manat maaş alırdım. İlk mağazamı açanda mağazamın icarəsi 2000 manat idi (3 aylıq güzəştdən sonra aylıq icarə haqqım bu idi). 1500 manat işçi pulu, 500 manat da digər xərcləri hesablasaq, biznes üçün aylıq 4000 manat lazım idi. Əgər aylıq xərcimin 4000 manat olacağını, onu necə ödəyəcəyimi fikirləşsəydim, heç bir halda o biznesə girməzdim. Bəzən cahillik biznesin başlanğıc nöqtəsində vacibdir. Kimsə deyirsə ki, biznes quranda biznes plan yarat, filan yerdən ölçü götür, filan yerə diqqət et və s. Böyük ehtimalla həmin insanlar biznes qurmayıblar. Mən hələ düşünülüb qurulmuş uğurlu biznes tanımıram. Bütün bizneslər cahil cəsarəti ilə başlayır. Sonra biznesin inkişaf mərhələlərində əlbəttə ki, analizlər etməlisən. Bu gün “Muftakçı”da xaricdən yeni məhsul gətirmək üçün 100 dəfə düşünürük.
- “Bilmədiyin işə girmə” də deyirsiz, “cahil cəsarəti lazımdır” da. Fərq nədədir?
- Biznes sahibi bu suala mütləq cavab verməlidir: Mən niyə məhz bu işi qurub uğurlu ola bilərəm? Məsələn, “Muftakçı” brendinə birinci Almaniyadan hazır mətbəx mebelləri gətirməklə başlanıb. O vaxt həm alman dili, həm də mebel biliklərim var idi. Ürəklə cavab verə bilirdim ki, niyə mən Almaniyadan mətbəx mebelləri gətirə bilərəm? Çünki mən düşünürdüm ki, Azərbaycanda heç kim mənim qədər Almaniya mətbəx mebelini tanımır. Alman mətbəx mebeli biliklərimin çox yüksək olduğunu görürdüm. Xərcləri kalkulyatora vuranda, cahilliyin olmalıdır ki, rəqəmlər səni qorxutmasın. Başını daha çox işlətmək istəsən, başın deyəcək ki, xahiş edirəm bu işdən çəkil. Biznes isə bir az ürək işidir. Ürəyini dinləməsən, edə bilməzsən.
“90 min manatın axırıncı qəpiyə qədər…”
- İlk mağazanızı neçə il işlətdiz?
- 8 ildən çox davam etdi.
- Bəs biznes necə genişlənib “Mutfakçı” oldu?
- İlk mağazam Sumqayıtda idi, sonra Yevlaxda bir mağazam oldu. Sonra bölgələrdə “Belissa” adı ilə mağazalar açmağa başladım. Günlərin bir günü bölgələrdəki mağazalarımı rebrendinq etdim, “For home” oldu. Hardasa 3 il ərzində 11 mağazamız var idi. Paraleldə isə 2010-cu ildə artıq “Mutfakçı” yaranmışdı. Düzdür, o vaxt alman mətbəx mebelləri tipli adı var idi. Almaniyadan mətbəx mebelləri gətirib satırdıq. 2015-ci ildən isə biz artıq həm də özümüz mətbəx mebeli istehsalına başladıq. Bu biznes mənim üçün o qədər vacib idi ki, 2019-cu ildə bütün rayonlardakı bizneslərimi kənarlaşdırdım, alman mətbəx mebellərinin satışına fokuslandım. Adını da dəyişib “Mutfakçı” etdim. Bu gün 3 “Showroom”umuz var. Biz İtaliya, Almaniya, İspaniya, Türkiyədən məhsullar gətiririk. O məhsulları həm “Mutfakçı” salonlarında satırıq, həm də digər mebel mağazaları üçün topdan satışını edirik.
- “Mutfakçı”nı paraleldə qurmusunuz. Yəqin ki əlavə daha çox maliyyə lazım olub.
- Kirayədə qalırdıq. Maaşım 2000 manat civarında idi. İpoteka ilə ev almışdıq, aylıq 1800 manat ödəyirdik. Maaşım evin ödənişinə gedirdi. O vaxtı 1 qızım var idi (İndi 3 övladım var). Kirayədəki evimizin də şəraiti çox pis idi. Valideynlərim şiddətlə təzyiq edirdilər ki, aldığın evi təmir etdir, ora köç. Mən isə Almaniyadan mebel gətirmək üçün həvəslə pul yığırdım. 80-90 min manat arası pul yığmışdım. O pula evi tam olaraq təmir edib köçmək olardı. Günlərin bir günü dostlarımla oturmuşdum, yoldaşım zəng vurdu, həyəcanlı şəkildə dedi ki, tez evə gəl. Narahat oldum, gəldim gördüm ki, kirayə qaldığımız evdə siçanlar var. Yoldaşım və qızım qorxub bir otağa girib qapını bağlayıblar. Bu hadisəni qohum-əqrəba bildi, hamı dedi ki, evi təmir et, köç. Yoldaşım dedi ki, ev qaçmır, öz işimizi quraq, sonra evi edərik. Axırıncı qəpiyə qədər Almaniyadan məhsul sifariş verdik. Bu da cahil cəsarəti idi, çox adam yığdığı bütün pulu biznesə verməz. O biznesi qurduq. Düzdür, biz sonralar o evi təmir edib köçdük. Biznes bəzən ailənin rahatlığından öndə olur.
- Alman mətbəx mebelinin satışı necə başladı?
- Aylarla zərər edirdik. Dözürdük ki, zamanla yaxşı olacaq. Nəyisə düzəldirdik. Biznesi yeni quranlar bəzən düşünürlər ki, başlayan kimi biznes pul gətirir. Qətiyyən elə deyil.
- Sizin mebel biznesiniz var idi, uğurlu gedirdi. Bəs niyə mətbəx mebeli istiqamətində zərər edirdiniz?
- Burada bir neçə səbəb var. Fəlsəfi tərəfdən yanaşsaq, biznes istəyir ki, yalnız o olsun. Başqa yerə fokuslanmayasan. Ola bilər ki, alman biznesini sevsəm də, fikrim tam olaraq mətbəx biznesində deyildi. Ona görə biznesim məni zərər ilə cəzalandırırdı. Sahibkar 7/24 ana biznesinin başında olmalıdır. Başqa biznesi varsa, onların bir-biri ilə bağı olmalıdır. Mənim Sumqayıtdakı mağazamla Bakıdakı mağazamın nə müştəri, nə məhsul olaraq heç bir bağı yox idi.
Bəzən dost-tanışlar deyirlər ki, filan şirkətdə çalışıram, həm də biznesim var. Gözləyirəm ki, biznesim mənə ayda 2000 manat pul qazandırsın, onda işdən çıxıb ora yönələcəm. Əksinə baxılmalıdır. Biznesə daha çox fokuslanmalısan ki, bəlkə sənə pul qazandırdı.
- Bəlkə?
- Bəli, o demək deyil ki, yüz faiz qazandıracaq. Lakin sən yüz faiz orada olmalısan. Bir sahənin üzərində davamlı çalışanda, məncə, onun alınmama ehtimalı yoxdur.
- “Mutfakçı” alman mətbəx məhsulları gətirib satırdı, sonra istehsala da başladı. Niyə yerli istehsala başladınız?
- Biznesdə olan bütün dəyişikliklər çətinlikdən gələndə yaxşı olur. 2015-ci il devalvasiyasından sonra idi, müştəri gəldi. Bahalı maşında gəlmişdi. Mebelin qiymətini soruşdu. Ona qiymət deyildi və müştəri çox təəccübləndi. Çünki o müştəri əvvəl 10 000 avro deyəndə, 9 000 manat düşünürdü. İndi isə 20 000 manat canlandı. Mebel eynidir, ödədiyi pul ən azı 2 dəfə çoxdur. Bu, məndə belə fikir formalaşdırdı ki, biz eyni keyfiyyətli məhsulu mütləq Azərbaycanda istehsal edib daha uyğun qiymətə təqdim etməliyik. Almaniyadan mətbəx mebeli gətirdiyimiz üçün keyfiyyətli mətbəxin necə olduğunu bilirdik. Biznesimiz artıq istehsalçı olaraq doğuldu. Əgər devalvasiya olmasaydı, istehsala keçməzdik. Satmaqda çətinlik çəkdiyimiz anda fürsətlər fikirləşdik.
“95 faiz xammalı Avropadan gətiririk”
- Alman məhsulu üçün sizin mağazaya gələn müştəriyə Azərbaycan məhsulunu necə satdınız?
- “Mutfakçı” yaranandan biz müştəriyə Azərbaycan brendi olduğumuzu deyirik, amma onlar inanmaq istəmirlər (Gülür). Hətta “Mən “Mutfakçı”nın sahibini tanıyıram. İzmirdə onunla görüşdüm, danışdım” deyən də olur. Hamı elə bilir ki, “Mutfakçı” türk markasıdır, bir türk sahibi var. “Mutfakçı”nın Türkiyə ilə bağlılığı yoxdur, yüz faiz Azərbaycan şirkətidir. İstehsal üçün məhsullarımızın 95 faiz xammalını Avropadan gətiririk. Yığılma, istehsal Azərbaycanda aparılır.
- “Mutfakçı” adı da Türkiyə şirkəti olduğu təəssüratı yaradır.
- Atam filoloqdur. Ad seçimi zamanı dedi ki, türk dilində “mutfakçı” sözü yoxdur. Dedim Azərbaycan dilində “mətbəxçi” də yoxdur. “Mutfakçı” daha cana yaxın gəlirdi. Türkdilli ölkələrə xitab etmək, gələcəkdə o bazarlara da daxil olmaq üçün ad seçimi belə etdik.
- Türkiyə mebelinin keyfiyyəti imicindən istifadə etmədiniz?
- Bütün dünyada mebel ölkə markası ilə tanınır. Dünyanın bütün mebel şirkətləri də ölkə markalarını önə verirlər. Məsələn, İtaliyanın hansısa mebel markasının adını deyə bilməyəcəksiniz, amma əminəm ki italyan mebelinin keyfiyyətini bilirsiniz. Mən də kökündə marketinq olan insan kimi bilirdim ki, ölkə brendi də mebeldə önəmlidir. “Mutfakçı” adı ilə bir güllə ilə iki dovşan vurdum. Həm mətbəx mebeli kateqoriyasında mövqeləndik. “Mutfakçı” deyəndə, hamı başa düşür ki, mətbəx mebeli var. Başqa ad olsaydı, onun mətbəx mebeli olmasını tanıtmaq üçün reklama çox pul xərc çəkməli idik. Bizim qurduğumuz bütün bizneslərdə investisiya çox az olurdu. “Mutfakçı” adı ilə böyük bir reklam xərcindən xilas olduq. Həm də Türkiyə mebeli imicindən istifadə etdik.
- Niyə mətbəx mebeli?
- Biznesdə intellektual yanaşmanı sevirəm. Mebel biznesinin ən çətin və ən intellektual sahəsi mətbəx hesab olunur. Həm mühəndis biliklərin olmalıdır, həm dizayn, həm də mebeli bilməlisən. Gözəl mətbəx mebeli düzəldərsən, vurulub alacaq. Yaşayanda yorulacaq, əskiklikləri görəcək. Ola bilər ki, yaşayış üçün effektiv mebel hazırlayırsan, ancaq görünüşü qəşəng deyil. Ona görə almayacaqlar. Mətbəx mebelində sən təkcə mətbəx mebeli satmırsan. Sən məişət texnikasını mükəmməl biləsən. Hamı yataq, qonaq mebeli düzəldə bilər. Bir mətbəx mebelini bahalı, premium seqmentdə satmaq kifayət qədər çətindir. Türkdilli ölkələrdə ciddi mətbəx oyunçusu yoxdur. Biz tezliklə xarici ölkələrə Azərbaycan mətbəxini təklif etmək üzərində çalışırıq.
- “Mutfakçı” olaraq nə ilə fərqlənməyə çalışırsız?
- Müasir mebel sənayesi maksimum individuallıq istiqamətində dəyişir. Biz “Mutfakçı”da bunu bilirik və müştərilərimizə eksklüziv interyer - dizayn həlləri təklif edirik. Bu gün adımız “Mutfakçı” olsa da, mənzilin açar təhvilini həyata keçiririk. Bir mənzildə daşınmaz mebelə aid bütün elementləri müştərilərimiz bizdən istəyir. “Mutfakçı” daha çox həll və ya xidmət şirkətidir. Bu istiqamətdə müştəri məmnunluğunu artırmaq üçün çalışırıq. Düşünürəm ki, “Mutfakçı” olaraq bunu bacarırıq.
- 95 faiz xammalı xaricdən gətirirsiniz. Bu cür yerli istehsalla başa gələn məhsulun qiyməti hazır gətirilən mebeldən nə qədər fərqlənir?
- İstehsallarda yan sənayelər bizdə inkişaf etməyib. Bu, Azərbaycan istehsalçılarının hamısının böyük dərdidir. Bəzən Almaniyaya gedirəm, orda istehsalçılara paxıllığım tutur. Yan sənayelər üzrə istehsalçıya lazım olan bütün şirkətlər bir küçədə yerləşir. Qiymətə gəlincə, 10 min dollarlıq məhsulu 10 min manata təklif edə bildik. Xammalı xaricdən gətirməsək, çox aşağı qiymətlərlə bazara premium məhsullar çıxarmaq mümkün olar. Mən optimistəm. Ölkədə biznes sektorunda hər keçən gün proqress görürəm. İstər biznesmenə olan yanaşma, istər dövlət orqanları ilə sahibkar münasibətləri, istər biznesmenlərin öz təfəkkürləri, istər bank-kredit sistemi və s. də inkişaf var.
- Biznes krediti götürmüsünüz?
- Bir manat da olsun biznes üçün kredit götürməmişəm. Kreditlə biznes inkişaf edə bilməz. Tanıdığım böyük şirkətlər var, mən onlardan öyrənirəm. Onların heç birinin kökündə kredit olmayıb. Onlar partnyorlarına kredit verirlər, nəinki kredit götürürlər. Biznesin yeganə krediti cənab müştəri və cənab təchizatçıdır. Müştəridən ön ödəmə alıb işləyə bilərsən. Müştəri sənə nə vaxt ön ödəmə verər? Məhsulun mükəmməl olsa, sən güvənli olsan. Təchizatçı sənə nə vaxt ödənişsiz mal verər? Sən düzgün adam olsan, məhsulun düzgün olsa. Kredit ağrıkəsicidir. Sən müalicə olunmaq əvəzinə ağrıkəsici vurursan. Ağrı kəsir, amma xəstəlik davam edir. Qurduğum bütün bizneslərin kökündə xəstəliklər durub. Biznesim xəstə olub, müalicə müalicə olunmuşam, güclənmişəm.
- Maaş verə bilmədiyiniz dönəm olub?
- Qəpiyim olmadığı dönəmlər olub, amma maaşları həmişə vermişəm.
“Bahalı həyata pul xərcləyə bilmirəm”
- Başqa bizneslərə yönəlmək fikriniz olur?
- Gələcəyimi insanların evlərinin gözəlləşdirilməsi üçün məhsul təklif edən şirkət kimi görürəm. Başqa biznesdə özümü görmürəm. İTV-də verilişim, bloqum var, onlar mənim üçün hobbidir. Bəzən özüm pis oluram ki, bu işlərə görə ana biznesim məndən küsər. Televiziya mənim yarım günümü alır. Səhəri gün gecəyə qədər işləyirəm ki, o vaxtı bərpa edim.
- Biznes adamı olaraq gələcəklə bağlı hədəflər nələrdir?
- Arzum böyük mebel şirkəti qurmaqdır. O böyük sözü sonsuzdur. Nə qədər böyük qursan da, sonsuz qədər böyük olmayacaqsan. Bu aclıq məni rahat yatmağa qoymur. Təcrübə ilə aclıq birləşəndə, məncə, daha düzgün bizneslər qurmaq mümkün olur.
- Daim bu cür düşünmək yormur?
- Franklin deyir ki, bəzən narahatlıq insanı xoşbəxt edən birinci faktordur. Çünki narahat olanda, o proses səni inkişafa istiqamətləndirir. Mən hər gün səhərlər 40-45 dəqiqə qaçıram. Bütün sahibkarlara səhər qaçışını tövsiyə edirəm. O müddətdə səsli kitab dinləyirəm. Həm də idman edəndə səni narahat edən faktorlar arada çıxır, daha müsbətə doğru hərəkət edirsən.
- Qazanmağı bilirsiniz, bəs xərcləməyə yanaşmanız necədir?
- Xərcləməyi sevmirəm. Biznesə xərcləyənəm. Şəxsimə, bahalı həyata heç bir şəkildə pul xərcləyə bilmirəm. Səyahətlərim çox olur, ona pul xərcləyirəm.
- Deyirlər ki, işlər böyüdükcə biznes adamının özünə, dost-tanışa, ətrafa ayıracağı vaxtı az qalır.
- Nə qədər istəyirəmsə, o qədər vaxt ayıra bilirəm. Nəyisə istəyib vaxt ayıra bilmədiyim ağlıma gəlmir. Vaxt o şeylərə olmur ki, onları istəmirəm.
- Hobbiləriniz varmı?
- Məktəb vaxtı aktiv şəkildə şahmatla məşğul olurdum. 10-cu sinifdə məktəbə cəmi 40-42 gün getmişdim. Qalan bütün vaxtlarda yarışlara hazırlaşırdım, yarışlara gedirdim. Xarici yarışlara çox gedirdim. O təcrübə bugünkü həyatımda çox böyük rola malikdir. Hobbilər, məşğuliyyətlər insanın olmazsa olmazlıarıdır. Mənim bir şahmat həyatım olmasaydı, bugünkü ətrafım olmazdı. Şahmat düşüncəsi, şahmat xasiyyəti olmasaydı, bu gün “Mutfakçı”nı qura bilməzdim.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı