Müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafında invesitisiya qoyuluşları mühüm əhəmiyyət kəsb edir. İnvestisiya qoyuluşu ölkənin biznes mühitini yaxşılaşdırır, kapital axınını təmin edir və nəticədə bu proses əhalinin sosial həyat səviyyəsinin yüksəlməsi ilə nəticələnir.
Ölkəmizdə sahibkarlığa dövlət dəstəyi göstərilir, biznes və invesitisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, müxtəlif layihələr reallaşdırılır. Sahibkarlığın inkişafının göstəricisi kimi ölkə iqtisadiyyatının 85%-i özəl sektor tərəfindən yaradılmasını göstərmək olar.
“Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilib və növbəti illərdə investisiya qoyuluşu davam edəcək” kimi fikirləri öz çıxışlarında rəhbər tutan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yürütdüyü siyasətdə də əməli olaraq həyata keçirir.
Eləcə də bax:Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB
Belə ki, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Republikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq EnterpriseAzerbaijan.com internet portalı yaradılıb.
4-cü sənaye inqilabının çağırışlarına cavab vermək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Portalın missiyası hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların yerli və xarici investorlara təqdim edilməsidir.
Enterprise Azerbaijan ideya və layihəsi olan müəllif və təşəbbüskarlar ilə investisiya imkanları axtarışında olan investorları bir araya gətirən davamlı yenilənən, istifadəyə rahat, təhlükəsiz, əlçatan, sürətli və geniş əhatə dairəsi olan bir platformadır.
Azərbaycanın startap ekosistemi 12 innovasiya və akselerasiya mərkəzi, 10 co-working (günlük, həftəlik, aylıq və bir neçə aylıq müddətinə icarəyə verilən iş yeri) və 100-dən çox innovativ şirkətdən ibarətdir. Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirir.
Portalın funksionallığı
Enterprise Azerbaijan invesitisiya sahəsində çoxşaxəli xidmətlər paketinə sahibdir. Portalın təqdim etdiyi xidmətlərdən biri investorlara Azərbaycanda ilk dəfə olaraq “Kraudfandinq” (Crowdfunding) fəaliyyətindən istifadə etmək imkanı yaratmasıdır. EnterpriseAzerbaijan portalı bu sahədə dünyanın bir çox məşhur portallarına inteqrasiya olunaraq layihələrin daha geniş kütləyə təqdim olunmasına şərait yaradır. Azərbaycanda ilk dəfə olaraq EnterpriseAzerbaijan portalı kreativ fikirləri olan yerli startapçılara məşhur Kickstarter portalı üzərindən dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır. Portal, bundan başqa, istənilən növ layihələr üçün IndieGOGO, Onemission, Planeta.ru, sosial və tibbi layihələr üçün Youcaring, fərqli texnoloji ideyalar üçün Crowdsupply, vençur kapitalist maliyyələşməsi üçün Crowdfunder, elmi ideyalar üçün Experiment, sosial xarakterli layihələr üçün Chuffed ilə birgə əməkdaşlıq üçün danışıqlar aparır.
Portalda Azərbaycandakı investisiya və startap layihələri, ideya, əmlak, səhm və torpaq satışı, həmçinin digər aktivlər barədə məlumatlar mövcuddur. Bu məlumatlar potensial investorların diqqətinə müxtəlif meyarlar üzrə klassifikasiya olunmuş, filtrləmə yolu ilə səlis axtarış imkanı yaradan məlumat bazası şəklində təqdim olunur.
EnterpriseAzerbaijan layihələrin bütün mərhələlərində onlara dəstək vermək məqsədilə aşağıdakı ardıcıllıqla investorların cəlbini həyata keçirir:
- Toxum investor – layihənin ilkin mərhələsində onun bünövrəsini maliyyələşdirən və qarşılığında paya sahib olan investorlardır. Toxum investisiya növü ən riskli invesitisiya növüdür və ən etibarlı layihələrə təklif olunur.
- Mələk investor – Toxum mərhələsini keçmiş layihələrə nisbətən kiçik məbləğdə (1 mln-a qədər) və əsasən şəxsi vəsaitlərini ayıran investorlardır.
- Vençur investor – Layihə böyüdükdən və ilkin bazası formalaşdıqdan sonra layihəyə daha böyük məbləğ (1 mln-dan çox) yatıran investorlardır. Vençur investisiya yalnız çox böyük və riski çox aşağı olan layihələrə tətbiq olunur.
Kraudfandinq(Crowdfunding)- reallaşdırılması planlanan bir layihə üçün lazım olan maddi dəstəyi, layihəyə maraq duyan insanları ortaq bir şəbəkə üzərindən bir araya gətirərək əldə etmək üzərinə qurulmuş bir sistemdir.