Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı ödənişdən vergi tutulurmu?
FED.az xəbər verir ki, Vergilər Nazirliyindən bildirilib ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gün üçün işəgötürənlər öz vəsaiti hesabına ödəniş həyata keçirdiyi halda, həmin ödənişdən gəlir vergisini tutaraq müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.
Eləcə də bax: Muzdlu işdən gəlir vergisi hesablananda - NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən çox olan günlər üçün ödənişlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
İşçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq, Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.