Türkiyədə əmlak sahibinə çevrilmək Azərbaycanın zəngin vətəndaşları arasında ən populyar investisiya vasitəsi olaraq qalır. Eyni zamanda bunun üçün yalnız sərbəst kapitaldan istifadə edilmir. Bəzi məlumatlara görə, ölkədəki daşınmaz əmlak satışından azad edilən vəsait qonşu bir ölkədə mənzil alışına yatırılır.
Eləcə də bax: Azərbaycanlılar Türkiyədə 100-dən artıq şirkət yaratdılar
Türkiyə Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan vətəndaşları bu ilin yanvar-iyun aylarında bu ölkədə 593 daşınmaz əmlak alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 162 ədəd çoxdur. Son bir ayda azərbaycanlılar qardaş ölkədə 164 daşınmaz əmlak alıb - bu, keçən ilin iyun ayına nisbətən 94 ədəd çoxdur. Ümumilikdə, keçən il vətəndaşlarımız bu qonşu ölkədə 1279 daşınmaz əmlak alıblar.
Bir az əvvəl azərbaycanlılar bu məhsuldar torpağa köçmək məqsədilə Türkiyədəki mənzillərlə daha çox maraqlanırdılar. Alınan mənzillər və villalar yaşayış üçün istifadə olunurdu, bir müddət tətildə və ya iş üçün buraya gəlirdilər. İndi isə həm yaşamaq, həm qazanmaq istəyənlər daha çoxdur. Türkiyəyə kapital qoyuluşu əlbəttə ki, “Bir millət, iki dövlət” devizi ilə hər sahədə qardaşlıq edən ölkələrimiz üçün sərfəlidir. Türkiyə niyə investisiya üçün azərbaycanlıları cəlb edir? Səbəb təkcə dil və din birliyidir?
FED.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, azərbaycanlıların Türkiyəyə investisiya yatırmasının bir neçə səbəbi var: “Xalqlarımız arasında dil, din baxımından yaxınlıqla yanaşı Türkiyə iqtisadiyyatının artım templəri, ölkədə məhkəmələrin, hüquqi məsələlərin durumu bu məsələdə psixoloji rol oynayır. Türkiyədə mülkiyyət münasibətlərinin hüquqi bazası daha çevik işləyir, təminatı daha yüksək dərəcədədir. İlbəil azərbaycanlıların Türkiyəyə investisiya yatırımını artırması da bu amillərlə bağlıdır. Əgər əvvəllər azərbaycanlılar daha çox Rusiyaya gedirdilərsə, indi artıq maraq, istiqamət Türkiyəyə doğru dəyişib. Təbii ki, yatırılan investisiyaya münasibətdə gəlirlilik əsas şərtlərdən biridir. Məsələn, Rusiyaya 1 milyon dollar yatırıb həmin vəsaiti 20-25 il ərzində geri almaq mümkündürsə, Türkiyədə bu müddət daha azdır. Ümumiyyətlə, Türkiyə daşınmaz əmlak bazarına belə bir axının olması, həm orada qiymətlərin, bazarın müəyyən qədər stabil olması, şərtlərin münasib olması, eyni zamanda risk dərəcəsinin kifayət qədər aşağı olması ilə bağlıdır. Türkiyə Azərbaycanla müqayisədə daha inkişaf etmiş ölkədir. Orada mülkiyyət hüquqlarının təmin edilməsi baxımından da tələb və şərtlər də kifayət qədər münasibdir. Azərbaycanda, məsələn, yeni tikilmiş binaların yarıdan çoxunda mülkiyyət hüquqlarını təmin edən sənəd, çıxarış yoxdur. Bəzilərində qaz yoxdur, kommunal təchizatda müəyyən problemlər var. Bu baxımdan insanlar müəyyən dövrlərdə qonşu ölkələrə, o cümlədən qonşu Türkiyə bazarına maraq göstərirlər. Bu, təbii bir prosesdir”.
Ekspert deyir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Türkiyənin daşınmaz əmlak bazarında qiymətlər Azərbaycanla müqayisədə kifayət qədər münasibdir: “Bakı ilə müqayisədə qiymətlər təxminən 30 faiz aşağıdır. Bu, təbii ki, cəlbediciliyi təmin edən əsas məqamlardan biridir. Digər mühüm məqam ondan ibarətdir ki, Türkiyədə daşınmaz əmlak bazarının gəlirliliyi işlətmələr zamanı, xüsusən kirayə qiymətləri, mənzilin alınmasına çəkilən xərclərlə daha münasibdir. Yəni orada, daşınmaz əmlaka çəkilən xərc müqabilidə əldə edilən gəlirlər daha yüksəkdir. Buna görə də bir çox azərbaycanlılar yatırımlarını bu bazarlara, Türkiyədə biznesə yönəltməklə, daha çox gəlir əldə etmək istəyirlər. Növbəti bir faktor ondan ibarətdir ki, Azərbaycanın daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Ölkə iqtisadiyyatı Türkiyə iqtisadiyyatı ilə müqayisə edilməyəcək dərəcədə zəifdir. İnvestorlar bu məqamı unutmurlar. Bu baxımdan onlar üçün Türkiyə və Türkiyə kimi ölkələrin biznes mühiti daha cəlbedici olur. Bu proses növbəti illərdə daha da sürətlənəcək. İki il əvvəl Türkiyə mənzil bazarında xarici vətəndaşların iştirakçılığına şərait yaradılması ilə bağlı qərarlar qəbul etməsi nəticəsində, Azərbaycandan bu ölkəyə meyl daha çox güclənib. Nəzərə alsaq ki, Türkiyə ilə Azərbaycan deyək ki, əhalinin gündəlik davranışları, dili, ənənələri baxımından çox yaxındır. İnsanlar xaricdə yaşamaq kimi fikirlərə düşdükdə daha çox Türkiyə kimi ölkələrə üz tuturlar. Bu məqsədlə də, bir çox hallarda azərbaycanlılar xarici ölkələrdə, o cümlədən Türkiyədə daşınmaz əmlak alır, biznes qururlar. Bu səbəblərin cəmi olaraq demək olar ki, bundan sonrakı dövrdə bu proseslər daha da sürətlənəcək”. (Yeni Müsavat)