Hesablama Palatası Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi, bu üsuldan büdcə kəsirinin bağlanması üçün istifadə vəziyyəti və istiqrazların effektivliyini araşdırarkən bəzi çatışmazlıqlar aşkar edib.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinə rəyində bildirilir.
Eləcə də bax: Dövlət istiqrazlarının gəlirliyi 9 faizdən aşağı düşdü
Palata bildirir ki, təqdim olunmuş məlumatlara əsasən Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 334,9 mln. manat təşkil edib.
Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 324,8 mln. manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 222,3 mln. manat (əsas borc) geri ödənilib.
Beləliklə 01.07.2019-cu il tarixə büdcə kəsirinin maliyyələşdirilməsinə daxili borclanma üzrə 102,5 mln. manat vəsait yönəldilib. Dövlət büdcəsi kəsirinin mənbələr üzrə maliyyələşdirilməsi barədə Maliyyə Nazirliyinin 2019-cu ilin 8 aylıq məlumatına əsasən bu mənbə üzrə kəsirin bağlanmasına 218,0 mln. manat yönəldilmişdir.
Son nəticədə 01.07.2019-cu il tarixə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1291,8 mln. manat (o cümlədən 134,5 mln. manat faiz borcu) təşkil edib. 2019-cu ilin 6 ayı ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 45,1 mln manat təşkil etmişdir.
2019-cu il üzrə bir istiqrazın nominal dəyəri 100 manat olaraq dövlət qısamüddətli istiqrazların 3 milyon ədəd ümumi məbləği 300 milyon manat və dövlət ortamüddətli istiqrazların 4 milyon ədəd ümumi məbləği 400 milyon manat emissiyasını təsdiq edilib.
Milli Depozit Mərkəzinin məlumatına əsasən 2019-cu ilin 6 ayı ərzində Maliyyə Nazirliyi tərəfindən yerləşdirilmiş dövlət istiqrazları üzrə daxilolmalar ümumilikdə 324,8 mln manat məbləğində, o cümlədən 140 milyon manat Dövlət Qısamüddətli İstiqrazlardan (DQİ) və 184,8 mln manat məbləğində Dövlət Ortamüddətli İstiqrazlardan (DOİ) olmuşdur.
Belə ki, Dövlət Qısamüddətli İstiqrazların manatla 100%-i (140,0 mln. manat) 12 aylıq müddətinə yerləşdirilmişdir. Dövlət Ortamüddətli İstiqrazların manatla (184,8 mln. manat) 54,24%-i (100,2 mln. manat) 24 aylıq və 45,76%-i (84,6 mln. manat) 36 aylıq müddətinə yerləşdirilmişdir.
Palata bildirir ki, dövlət borcunun idarə edilməçsi üzrə qəbul edilmiş Strategiyanın tələblərindən biri də ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılması, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq ən optimal maliyyə alətlərinin seçilməsi və daxili borclanmanı təkcə alternativ maliyyələşdirmə məbləği kimi deyil, eyni zamanda daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutulmasıdır.
Lakin aparılmış təhlillər göstərir ki, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya edilən dövlət istiqrazları (bazar prinsiplərinə uyğun ortalama 7-8%) bir sıra hallarda büdcənin icrası ilə uzlaşmır ki, bu da əlavə borclanma və faiz ödənişləri yaratmaqla sərbəst qalıq vəsaitlərinə aid edilir. Sərbəst qalıq vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə ortalama 1-1,5% təşkil edir.
Başqa sözlə, daxili borclanmanın həcminin ilbəil artımı, Strategiyada nəzərdə tutulduğu kimi xarici dövlət borcunun tədricən azalması ilə müşayiət olunmasına baxmayaraq əlavə faiz xərclərinin artımına səbəb olur ki, bu da il ərzində əlavə borclanmanın həcmindən çoxdur.
Digər tərəfdən, emissiya edilmiş dövlət istiqrazlarının investorlarına nəzər saldıqda dövlət istiqrazlarının təqribən 50%-i funksional fəaliyyət üçün Dövlət büdcəsindən vəsait alan təşkilatda və 1 holdinqdə cəmlənmişdir. Bütün bunlar isə öz növbəsində bazarda investor şəbəkəsinin məhdud olduğuna, yeni maliyyə alətlərinin olmamasına, təkrar bazarın tam formalaşmamasına deməyə əsas vermişdir.
Başqa sözlə qiymətli kağızlar bazarının geniş investor şəbəkəsinə malik olmaması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər.
«Nəzərdə tutulmuş dövlət istiqrazlarının maliyyə planlaşması aparılmadığından əlavə emissiya edilmiş istiqrazların daxili maliyyə bazarının inkişafına təsirini müəyyən etmək mümkün olmamışdır.
Beləliklə, təsdiq edilmiş Strategiyanın tələblərinə uyğun olaraq bir daha bildiririk ki, daxili dövlət borcu üzrə dövlət zəmanətlərinin verilməsinin minimuma endirilməsi və dövlət zəmanətli emissiya edilmiş borc öhdəliklərinin qiymətləndirilməsinin və idarə edilməsinin təkmilləşdirilməsi, borc yükünün idarə olunması üçün innovativ alətlərdən istifadə olunması məqsədəmüvafiqdir»-deyə Palata bildirir.