Son günlərdə müzakirələr səbəb olan bu 3 məsələyə görə Dövlət satınalmaları haqqında qanunun və (ən yaxşı) praktikanın tələblərini ümumiləşdirib şərh etmək qərarına gəldim.
Hər üç məsələ fərqli mövzu olsa da əslində eyni nəticəyə xidmət edir. Əvvəla onu qeyd edək ki, tender daha böyük və daha mürəkkəb olduğundan bu proseslər daha çox nəzərə çarpır lakin bu proseslər bütün satınalmalar üçün eyni əhəmiyyət daşıyır.
1-ci məqam
Tender elanına gəldikdə, Qanunun 25.1.-ci maddəsinə görə "Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü (~42 təqvim günü), ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir." Tenderlərin internet saytında elan verilməsi 28 dekabr tarixli düzəlişdən sonra daha da aktuallaşıb. Düşünürəm ki, bu maddə ümumiyyətlə dəyişdirilib (oxunmayan) qəzetlərdəki elanları (hansı ki 400-500 manat xərci olur) ləğv edib qonşu Gürcüstandakı kimi ancaq sayt üzərindən verilməlidir bu məlumatlar. Bu həm də çevikliyi artırır, çünki qəzetdə elan verildikdən ən yaxşı halda 1 gün sonra qəzetdə çıxır elan, həm də tender xərclərinin demək olar 0-a yaxınlaşdırır. Müasir dövrdə demək olar elektron olmayan bütün məlumat vasitələrinin izləyiciləri və hədəf kütləsi yox sayılacaq qədər azdır və təbii olaraq heç effektiv deyil.
2-ci məqam
Tender xərci demişkən Qanunun 29.1.-ci bəndinə əsasən "Tenderdə iştirak haqqının ümumi məbləği tender predmetinin ehtimal olunan qiymətinin 0,5 faizindən və tender xərclərinin 1,5 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat tərəfindən müəyyənləşdirilir." Uğursuz tender elanlarında da göründüyü kimi bu maddədən suistifadə halları çoxdur. Daha əvvəl də yazdığım kimi nəzərə almaq lazımdır ki, bu bənddə 2 şərt nəzərdə tutulub, hansı şərt daha aşağıdırsa o məbləğ seçilməlidir yəni. Əgər tenderin qəzetdə elanı məsələsi yığışdırılarsa demək olar tender üçün ən böyük xərc aradan qalxdığından tender iştirak haqqının heç bir əsası olmayacaqdır. Ola bilər əvvəlki dövrdə bu məsələ aktual olub, ciddi tender xərcləri olub lakin bugünkü dövrdə bu tələb artıq kifayət qədər köhnəlmiş və həddindən artıq korrupsiyalaşmış bir tələbdir və ən qısa müddətdə ləğv edilməlidir.
3-cü məqam
Hər iki məsələ öz həllin tapsa 3-cü vacib məqam da öz özlüyündə avtomatik həll olunacaqdır. Bu məqam isə tender elan mətninin və əsas şərtlər toplusunun müfəssəl və şəffaf olaraq hər kəsə sayt üzərindən əlçatan edilməsidir. "Mercedes" tenderində də sifarişçi tərəf iddia etdi ki, biz əslində tenderin əsas şərtlər toplusunda işləmiş avtomobil istəyirdik lakin elanda bu öz əksini tapmamışdı. Ümumiyyətlə hal-hazırda da elan mətnləri tenderdə iştirak edəcək tərəflər üçün (bəzən qəsdən) çox məhdud məlumat verilir və məcbur edilir ki elə pis nümunəmizdə olduğu kimi Bakıda yerləşən 3 dilerin nümayəndəsi gedib banka 30 manat pul köçürüb durub Gəncəyə gedib tenderin əsas şərtlər toplusunu götürməlidir və o zaman başa düşəcəkdir ki, Sifarişçi əslində işlənmiş maşın istəyir və beləcə 30 manat daxil olmaqla bu prosesə sərf edilən yol pulu və vaxt havayı yerə gedib. Gündəlik həyatdan analogiyasını aparsaq iştirak haqqı təxminən belə bir şeyə oxşayır, bazara gedirsən deyirsən mən meyvə almaq istəyirəm amma əvvəl meyvə satanlar hərəsi 5 manat versin ondan sonra deyəcəm hansı meyvədən neçə kq alacam.
4-cü məqam
Şəffaflığa maneə olan 4-cü məqam isə ehtimal qiymətlərin gizli saxlanılmasıdır. Bu tələb də demək olar öz aktuallığını itirir. Bu tələb çıxarkən 2 məqsəd olub, (a) qiymətləri gizli saxlayaq görək kim bizim gözləntimizdən də yaxşı qiymət verir, (b) biz qiyməti əvvəlcədən desək hər kəs o qiymətə uyğun təklif verəcək. Qanunun 27.4-cü maddəsi ehtimal qiymət ilə bağlı belə bir subyektiv tələb qoyub "Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa (neçə faiz yüksək olması qeyd edilməyib???), satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər..." Ehtimalın gizlədilməsi şəffaflığa xidmət edən amil olmadığı üçün (çünki kimlərsə bu məlumatı əldə edib haqsız üstünlük qazana bilər) mümkün problemləri aradan qaldırmaq cəhdləri də tam effekt verə bilməz. Əksinə ehtimallar şəffaf olarsa yenə "Mercedes" nümunəsindəki kimi Maliyyə Nazirliyi sənə 55 min manat pul ayırdığı halda sən bu pulla 250 min manatlıq S350 almaq istəyəndə heç kim başa düşməyəcək ki, sən guya işlənmiş avtomobil istəyirsən. Halbu ki, bu alım üçün ayrılmış büdcə qeyd edilsə və daha əvvəl də vurğuladığım kimi konkret brend yerinə spesifikasiyalar və sinif qeyd edilsəydi təchizatçılar daha rahat başa düşəcəkdilər ki, bu malı verə bilirlər ya yox, verə bilirlərsə hansı model və komplektasiya təklif edilməlidir.
Ümid edək düzələcək
Bu tip problemlər qabardıldıqca məcburi də olsa bu məsələlər də yavaş-yavaş gündəmə gəlib həllini tapacağına ümid edirik... Dövlət bütün qanunların düzgün tətbiq edilməsinə məsuliyyət daşısa da ictimai dəstək olmasa bu proses uğurlu alına bilməz. Ona görə şəffaflıq, ictimai nəzarət mexanizmləri artırılmalı və hər kəs bu prosesdə aktiv iştirak etməlidir. Effektiv satınalma bütün israfların qarşısını alır və qənaət edilən o pullar daha səmərəli istifadə üçün imkan yaradır.
Müəllif Elsən Həsənov, tender və satınalma üzrə menecer.
© Tender-Satınalma-Təchizat Facebook və LinkedIn səhifəsi