FED.az “Mehin events” rəhbəri Mehin Tuayeva ilə müsahibəni təqdim edir.
Zəhmət olmasa özünüz haqqında qısa məlumat verə bilərsiz? Hazırki biznesinizə gəlməmişdən öncə hansı təcrübəyə sahib idiniz və nə işlə məşğul olurdunuz?
-Adım Mehin Tuayeva (Alməmmədova). 1989-cu ildə anadan olmuşam. İlk təhsilimi Əzim Əimzadə adına kollecdə “Moda dizaynerliyi” üzrə, daha sonra isə Rəssamlıq Akademiyasının “Sənaye dizaynerliyi” fakültəsində təhsil almışam. Buranı da seçməyim təbii ki, təsadüfi deyildi. Uşaqlıqdan əl işlərinə olan həvəsim və bacarığım məni bura sövq etmişdi. II kursda oxuduğum vaxtlarda “IREX ” programı vasitəsilə Amerikada təhsil almaq üçün sənədlərimi təqdim etdim. 600 nəfər arasından 10 nəfər seçilmişdi və onlardan da biri mən idim. 1 il orada “İnteryer dizaynerliyi” üzrə təhsil aldıqdan sonra geri dönüb Rəssamlıq Akademiyasında yarımçıq qalmış təhsilimi tamamladım. Ümumilikdə, “Dizayn” üzrə 9 il təhsil almışam. Oxuduğum müddət ərzində çalışmağa başladım. Belə ki, ilk olaraq “Junior achievement” adlı gənclər üçün yaradılmış təşkilatda tələbələr üçün təhsillə bağlı təşkil olunmuş tədbirlərin təşkilatçılığı üzrə çalışmağa başladım. Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində təşkilatçılıq fəaliyyətimi davam etdirdim. İncəsənətlə bağlı mərkəz açıldıqdan sonra isə orada çalışmağa başladım.
Kifayət qədər uzun müddətdir ki, bu sahədəsiniz. Bu sahəyə gəlişiniz necə baş verdi? Sizi bu işə motivasiya edən şey nə oldu?
-Bacım Amerikada yaşayır və həmişə mənə məsləhətlər verirdi ki, daha yaxşı işlərdə çalışmalı, təhsilinə uyğun iş tapmalısan . O, məsləhət gördü ki özümə “Facebook”da səhifə açım və gördüyüm dizaynları səhifədə yerləşdirim. Bacımın və bəzi rəfiqələrimin toyundan artıq bir neçə işlərim olmuşdu. Beləliklə, ilk sifarişim gəldi və heç yadımdan çıxmaz, bir neçə nümunə ilə necə ciddi hazırlaşıb, toyu olacaq xanımla görüşə getmişdim. İlk tədbirim uğurlu alındıqdan sonra artıq davam etdirmək qərarına gəldim və gördüm ki, bu iş məndə alınır. Onu da deyim ki,həmin ərəfədə Qoruqda işləməyə davam edirdim.İki işi paralel olaraq çatdırmaq çətin olsa da, öhdəsidən gəlirdim. İşlərim yaxşı alındıqdan sonra əlavə gəlir gəldiyini gördüm və iş yerimdən çıxıb sırf özümü bu işə həsr etmək qərarına gəldim.
İlk sifarişiniz necə yadınızdadırmı?
-Onu nə siz soruşun, nə də mən danışım. İndi həmin şəkillərimi bəyənmirəm. Təbii ki, bu hər kəs də belə olur və belədə olmalıdır. Bəlkə də 3-5 il sonra da indiki işlərimi bəyənməyəcəm. İnsanın təcrübəsi artıqca təkmilləşir, həm də o vaxtın qiymətləri ilə indinin qimətləri də eyni deyildi. O vaxtlar demək olar ki, pulsuz işləyirdim ki, təki müştərim və platformaya qoyacaq şəkilim olsun. İlk sifarişim toy olmuşdu və müştəriyə 300 azn demişdim. Özümə isə cəmi 50 Azn qalmışdı.
Nə qədər büdcə ilə bu işə başladınız?
-Tamamilə 0 büdcə ilə başlamışam. Belə ki, məsələn əgər 500 manatlıq iş götürürdümsə, müştəridən aldığım 200 manat avans ilə işləri həll edib, geridə qalan 300 manat ilə növbəti tədbirin dekoruna investisiya qoyurdum. Sadəcə aldığım avanslarla işlərimi davam etdirməyə başladım. İlkin vaxtlarda heç vaxt mənə qalan pulu yeni dekordan başqa heç nəyə xərcləmirdim.
İlk dəfə başlayanda, yəni bu yolun ən başında, hamı kimi ağlınızda bir yol xəritəsi var idi və indi həmin yolun harasındasınız?
-Heç bir yol xəritəsi yox idi, çünki heç alınacağına da inanmırdım. Mən, artıq 5 ildir ki, fəaliyyət göstərirəm. Bu işə tamamilə tək başlamışam. Bəzən qardaşımı yanımda aparırdım ki, ağır şeyləri quraşdırmaqda mənə köməklik etsin. Daha sonra isə az məbləğlə könüllü olaraq işləmək istəyən gənclərlə çalışmağa başladım. Bu sahəyə əvvəldə də qeyd etdiyim kimi bacımın təkidi ilə “Facebook”da səhifə açaraq başlamışam, amma indi məqsədim budur ki, xaricdən dəvətlər alıb, kimlərinsə tədbirlərini təşkil edim.
Bəs bu məqsədinizi həyata keçirmək üçün hansısa addımlar atırsınızmı?
-Düzü, xüsusi etdiyim bəlli bir şeylər yoxdur. Hal-hazıda Brazilliyadan, Moskvadan xahiş edirlər ki, bəzi dekorları onlara yollayaq, amma bizdə belə bir xidmət yoxdur. Bu yaxınlarda Dubaydan təklif almışıq və təklifi dəyərləndirmə mərhələsindəyik.
Bəs müştərilərlə komunikasiya və onların artırılması ilə bağlı hansı platformanı seçdiniz?
-Düşünürdüm ki, Bakı çox balaca şəhərdir və müştərilər, əsasən tədbirlərdən cəlb olunurdu. Mən işimi hər dəfəsində daha yaxşı etməkdən ötrü çalışırdım ki, müştərilərin sayı artsın. Düzü, indi “İnstagram” platformasında da çalışırıq ki, aktiv olaq, amma dediyim kimi əsas tədbirlərdən müştərilər cəlb olunur.
İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfi?
-İşimin ən sevdiyim tərəfi odur ki, biz ancaq insanların ən xoş günləri üçün işləyirik. Sevmədiyim tərəfi isə çox stresslidir. Bütün işlərin stressi var, amma bu insanın ən özəl günüdür və ürəyincə olmasa çox məyus olur.
Bu vaxta qədər ən yüksək qonorar aldığınız tədbiri bizimlə bölüşərsinizmi?
-Qiymətlərimiz yüksək olduğundan mənə deyirlər ki, pul bir Mehindədi, bir də ingilisdə. Bu sözə çox əsəbləşirəm. Əvvəla, həddindən artıq çox işləyirəm, “Gecəm- gündüzüm yoxdur” desəm yerinə düşər. Hər tədbirdə əziyyətlə yanaşı xeyli stressdə keçirirəm. Demək olar ki, 2 il hər tədbir olmamışdan əvvəlki gün yata bilmirdim və həmişə deyirdim ki, görəsən nə vaxtsa məndə rahat otura biləcəm. İndi demək olar ki, hər gün tədbir olduğundan nisbətən yüngülləşmişəm. Daha sonra isə deyim ki, işlədiyim şirkətlər Bakıda demək olar ki, ən bahalı şirkətlərdir. 5 manat qabağa düşməkdən ötrü ucuz etmirəm. Bəzən məndən ucuz başa gəlsin deyə bəzi məhsulları çıxarmağımı istəyirlər. Ziyana getsəm də, heç vaxt yarımçıq heç nə etmərəm. İşimi yüksək səviyyədə təqdim etməkdən ötrü buna məcburam. Çünki mən əgər ixtisarlar etmiş olsam, tədbirə gələnlər mənim müştəri ilə olan söhbətimi, büdcənin az olduğunu düşünməyib, əksinə işimin, dizaynın pis olduğunu zənn edəcəklər. Ən yüksək qonorarım isə təxminən 50- 60 min azn arası olub. Bu qiymət yüksək sayılsa da, heç yadımdan çıxmaz ki, həmin bu tədbirə hazırlaşan zaman 3 ay yatmamışdım.
Bu işin uğuru nədədir? Uğurun açarı nədir?
-İlk öncə onu qeyd etmək istəyirəm ki, mənim bu sahədə uğur qazanmağımın əsas səbəbi 5 il öncə bazarın boş olması idi. İndi isə demək olar ki, bu sahə trend olub. Mən bu şirkətlərdən və internetdən çoxlu araşdırmalar edərək, nələrisə öyrənməyə çalışdım. Ümumiyyətlə, tədbir təşklilatçısı olmaq üçün mənə elə gəlir ki, ilk növbədə insanın zövqü olmalıdır. Daha sonra isə müştəri ilə işləmək bacarığı mütləqdir. Əgər sifarişçi qabaqcadan məkanı seçibsə və dizayner həmin məkanaın dizayna uyğun olmadığını görürsə, müştərini inandırmalıdır ki, həmin dizayn burada yaxşı alınmayacaq. Bu hissədə müştərini inandırmaq bacarığı öz sözünü deməlidir. Həmçinin, dizaynerin rəngləri görmə bacarığı da olmalıdır. Ən əsası isə təbii ki, həvəs olmasıdır.
Biznesi başlamaq istəyənlərə hansı məsləhətləri verərdiniz?
-Bu sahəyə başlamağın ən asan yolu məqsədyönlü və motivasiyalı olmaqdır. Bu elə bir sahədir ki, sən insanlara sevinc gətirirsən, sən nəyisə yaradırsan və onlar sənin yaratdıqlarından zövq alırlar. Mən özümdə əvvəl qeyd etdiyim kimi bu işə başlayan da büdcəm yox idi. Sadəcə motivasiyam, həvəsim və məqsədim var idi və mən Amerikada gördüyüm bu çox geniş sahəni Azərbaycana gətirmək istəyirdim. Artıq 5 ildir ki, şirkətimi qurmuşam və mənə elə gəlir ki, buna yetərincə nail olmuşam. Həm də o vaxtlar bu sahə yeni sfera idi, deyə soruşmağa çox adamda yox idi. İndi isə məndən kimsə kömək istəsə, canla-başla çalışıram ki, köməklik göstərim və göstərirəmdə. Bəzən məndən hansısa dekoru xahiş edirlər, təmənnasız həmin dekoru yollayıram. Birdəki heç vaxt heç kimi təkrarlamağa çalışmasınlar, mən şəxsən özümə bunu heç vaxt sığışdırmamışam. Arzulayıram ki, hər insan öz yolunu yaratsın, çünki fərqli iş yaradan mütləq nə vaxtsa kəşf olunacaq. Bəzən məndən hansısa dekorun eynisini təkrarlamağımı istəyirlər, amma hər dəfəsində çalışıram ki, yeni təkliflərlə müştərilərimi təəccübləndirim.