Azərbaycanca iş yerindən kənarda olaraq işləyənlərin sayı artmaqdadır. Dünyada populyar olan «autsorsinq» modeli ölkəmizə də ayaq açıb. FED.az-ın araşdırması göstərir ki, bəzi sahələrdə autsorsinqə maraq daha güclüdür.
İqtisadi çətinliklərin mövcudluğu şəraitində xərclərin optimallaşdırılması hər bir sahibkar üçün vacibdir. Xərclərin böyük hissəsini maaşlar və onunla bağlı digər xərclər təşkil etdiyinə görə, adətən xərclərin azaldılmasına işçilərin ixtisarından başlayırlar. Xarici ölkələrdə yaranmış və Azərbaycanda da genişlənən «autsorsinq» hələ ki, yerli sahibkarlara xərcləri azaltmağa imkan verir.
«Autsorsinq»in əsas üstünlükləri – vaxta qənaət (yəni işçi işə gedib-gəlməyə vaxt sərf etmir), eləcə də iş yerinə qənaətdir (işçi ayrıca yer tutmur və ofisi genişləndirmək tələb olunmur). Öz növbəsində evdən işləyənlər müəyyən xərclərinə qənaət etdiklərinə görə, onların da maaşları bir qədər az olur.
PR mütəxəssisi, Prospect ERP şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elvira Rüstəmova FED.az-a bildirir ki, hazırda Azərbaycanda autsorsinq ən çox mühasibat, hüquq, mühafizə, tərcümə, insan resurslarının idarə edilməsi və İT xidmətlərində istifadə edilir.
Ümumiyyətlə, ölkəmizdə autsorsinqin ilk «qaranquş»ları mühasiblər oldular. Hələ 1990-cı illərin sonundan vergi sisteminin güclənməsi və bütün şirkətlərin mühasibat xidmətlərinə tələbatının kəskin artmasından sonra mühasiblər eyni vaxtda bir neçə şirkətlərlə işləməyə başladılar. Əksər hallarda bu iş hesabatların verilməsindən ibarət olduğuna görə, mühasiblər öz fəaliyyətlərini evdən həyata keçirirdilər. Bununla da ölkədə autsorsinq mədəniyəti formalaşmağa başlayıb.
Hazırda mühasiblərlə yanaşı, tərcümə, İT və hüquq xidmətlərində autsorsinq adi haldır. Amma 2015-ci ildə baş verən devalvasiyadan sonra bu sahə daha sürətlə inkişaf edib. E.Rüstəmova bildirir ki, devalvasiyadan sonra autsorsinqə maraq kəskin artıb: «Həmin vaxtdan etibarən autsorsinq mühasiblik sahəsində, son illərdə əsasən marketing və insan resursları sahələrində geniş istifadə olunmağa başlanıb».
Ekspertin sözlərinə əsasən ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqribən 50%-ində autsopsinqlə işləyən işçilər var. Bu iş növündən istifadə etməklə böyük holdinqlər ehtiyac duymadıqları bölmələri ləğv edir, görüləcək işi isə autsorsinqlə işləyən işçilərə həvalə edirlər. Beləliklə şirkət rəhbərliyi həmin yükü öz üzərindən atmaqla daha aşağı qiymətə başqa formada reallaşdırır.
Müşahidələr göstərir ki, autsorsinqdə işçilər əmək və ya xidməti müqaviləsi əsasında çalışır, burada ödənilən maaş adi işçilərdən çox fərqlənmir, yalnız biraz aşağı ola bilər. Ümumiyyətlə dünyada qəbul olunmuş qaydaya görə autsorsinqlə işləyənlər adi işçilərdən 20% az maaş alırlar.
Bu variantın müsbət cəhətlərdən biri də odur ki, işçi vaxta qənayət etmiş olur və daha çox iş görmə qabiliyyəti artır. Eyni zamanda autsorsinqlə işləyən işçilərin üzərinə də böyük məsuliyyət və iş yükü düşür. Məsələn, mühasiblər bir neçə şirkətlə eyni anda işlədiklərinə görə, ay sonunda bütün hesabatları çatdırmaq üçün daha çox işləməli olurlar.
Ümumilikdə proqlamlaşdırma sistemi olan şirkətlərdə gələcəkdə mühasiblik bölmələrinin ləğv olunacağı, bu sahədə şirkətlərdə işçilərin azaldılacağı və yalnız autsorsinqlə işləyən bir neçə işçilərlə çalışılacağı gözlənilir.
Marketing sahəsində də autsorsinq son illərdə geniş istifadə olunur. İndividual işləyən həkimlər, gözəllik salonları gördükləri işləri reklam etmək məqsədi ilə autsorsinqlə işləyən marketingçilərlə əməkdaşlıq edirlər.
Hərçənd, ekspertin fikrincə, marketing sahəsində şirkətin daxilində işləmək daha məsləhətlidir. Bu zaman marketingçi bir məhsulun reklamı üzərində daha çox çalışır, fikrini bir yerə cəmləşdirir və işin keyfiyyəti artır.
Yeri gəlmişkən, dünyadakı son tendensiyalar autsorsinq variantının heç də həmişə keçirli və faydalı olmadığını göstərir. Belə ki, bir neçə il əvvəlki pronozlarda dünyadakı bütün işçilərin təqribən 30%-nin autsorsinqlə işləyəcəyi bildirilsə də, axır vaxtlarda bu prose bir qədər zəifləyib. Əvvəla işçilər özlərini komandada görmək istədiyindən autsorsinqə əvvəlki kimi meyl göstərmirlər. Bundan başqa, təcrübə göstərir ki, autsors çalışan əməkdaşlarla kommunikasiya heç də həmişə operativ və keyfiyyətli olmur, bu isə şirkətin işinə problem yaradır.