Son dövrlər Azərbaycanda sarımsaq biznesi sürətlə böyükməkdədir. Bu il ölkədə 21 min tondan artıq sarımsaq istehsal olunub. Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a bildirilib ki, ölkədə təxminən 200-350 hektar ərazidə yetişdirilmiş sarımsağın hər hektardan məhsuldarlığı 9 ton təşkil edib: “Bu il fermer və sahibkarlar tərəfindən sarımsaq əkininə böyük maraq yaranıb. Düşünürük ki, bu ilin sonuna qədər sarımsaq üzrə məhsuldarlıq digər illərlə müqayisədə daha yüksək olacaq”.
Nazirliyin sözçüsü Murtuzəl Hacıyev bildirib ki, isteşsalın artımın baxmayaraq ölkəyə Çindəndə sarımsaq gətirilir: “Bu il Çindən ölkəmizə 553 ton sarımsaq idxal olunub. Bunun üstünlüyü ondan ibarətdir ki, uzun müddət saxlamaq olur».
Azərbaycanda istehsal edilmiş sarımsaq isə yerli bazardan əlavə, həm də Rusiya, Özbəkistan və Ukraynaya ixrac olunur. Ekspertlər və fermerlər sarımsaq əkininin gəlirli biznes olduğunu deyirlər. Sarımsaqla həm daxili tələbatı ödəmək, həm də onu xaricə ixrac etmək mümkündür. «İldə yalnız iki dəfə - payız və yaz mövsümlərində əkilən yerli sarımsağın keyfiyyət göstəriciləri daha yüksəkdir. Son 3-4 il ərzində xüsusilə Masallı, Cəlilabad, Ağdaş və Şəmkir rayonlarındakı fermerlərin bu sahəyə marağı artıb»-deyə nazirlikdən bildirilib.
Göyçayın Alı kəndində fermerlik fəaliyyəti ilə məşğul olan İzafəddin Əsgərov FED.az-a dedi ki, sarımsağın növünə görə qiyməti də dəyişir:
“Ağ sarımsaq nisbətən xırda olduğu üçün biz onu 3 manata, qırmızı sarımsağı isə 4-5 manata satırıq. Bazardakı ümumi satış qiyməti də müxtəlifdir. Belə ki, bir kiloqramı 5,5-6 manata da satılır, 6 manatdan yuxarı satılan vaxtı da olur”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə FED.az-a açıqlamasında bildirdi ki, sarımsağın bu qiyməti normadan çox yüksəkdir və yüksək qiymət dayanıqlı ola bilməz:
“Bu gün sarımsağın qiyməti 5-6 manat civarındadır. Bir müddət əvvəl isə hətta 6 manatdan yuxarı idi. Bu da onunla bağlıdır ki, ölkədə sarımsağa tələbat var, amma istehsal yetərli deyil. Düşünürəm ki, bizim daha çox sarımsaq istehsal etməyimizə, bununla da daxili bazarda yüksələn tələbatı ödəməyə ehtiyacımız var. İstehsalçılarımız çalışmalıdırlar ki, qiymətin baha olması hesabına yox, istehsalı artırıb əldə olunmuş dövriyyənin hesabına gəlir əldə etsinlər. Bu həm onların istehsalını, həm gəlirlərini artıracaq, həm də bu sahədə dayanıqlı bazar əldə olunacaq.
Sarımsağın fermerlərdən alış qiyməti 3,5-4 manat, bazar qiyməti isə 5 manatdan yuxarıdır. İstehsalçılar düşünməlidirlər ki, yüksək qiymət dayanıqlı ola bilməz. Əhalinin alıcılıq qabiliyyətinin azaldığını nəzərə alaraq istehsalı artırmaq lazımdır».
Çindən də gətirilir, ölkədə də əkilir – SƏRFƏLİ BİZNES
17:40
12 Noy 2017