Yerli bazarı qorumaq, üstəlik, xaricə məhsul ixracını təşkil etmək istəyən Azərbaycanda xarici malların böyük üstünlük təşkil etdiyi sahələrdən biri də ayaqqabı bazarıdır.
Çin mallarının bu sahəni tutması ölkənin ayaqqabı istehsalı sahəsinə mənfi təsir edib. Bunun əsas səbəbi həm Çindən gətirilən ayaqabıların ucuz olması, həm də, yerli istehsalda istifadə edilən xammalın keyfiyyətsiz olmasıdır. «Yerli ayaqqabılar təmiz xammaldan hazırlanmır. Onları tikmək də çətindir, çünki dərisi aşılanmamış, yəni bərk olur. Çin məhsulları bazara nəzarət etməyə başlayandan sonra işlər lap qəlizləşdi». Bu barədə FED.az-a ayaqqabı sexlərindən birinin sahibi Kamran Babayev deyib.
Xammal hardan gəlir və neçəyədir?
Müsahibimiz deyir ki, Azərbaycanda fəaliyyət göstərən ayaqqabı sexləri xammalı əsasən Türkiyə və İrandan alırlar. Türkiyədən gətirilən dərinin qiyməti Azərbaycan və İran qiymətlərindən 2-3 dəfə bahadır: «Məsələn, dərinin bir desimetrini buradan 1 manata və ya İrandan 1,50 manata alırıqsa, Türkiyə dərisinin 1 desimetrinin qiyməti 2-3 manata olur. Onun sözlərinə görə, Türkiyədən gələn xammal baha olsa da keyfiyyətlidir: «Türkiyədən, əsasən ayaqqabı hazırlanmasında istifadə olunan dəri alınır. Onlar niçbətən baha olsa da, keyfiyyətlidir. Qiymətlər isə dəriyə görə dəyişir. Çünki Türkiyədə ayaqqabı üçün dəri çeşidi çoxdur. İrandan isə yalnız yapşqan, sap, ayaqqabı mismarı gətirilir. Burada ayaqqabı altlıqları həm ucuz, həm də çox keyfiyyətsiz olur. Amma Türkiyədə bu altlıqlar baha olsa keyfiyyətlidir deyə, ona daha çox üstünlük verilir».
Yerli ayaqqabılar ancaq rayonlara satılır
Sex sahibi bildirir ki, yerli ayaqqabılar təmiz xammaldan hazırlanmır: «Yerli xammalda əsasən dəri və altlıqlar alınır. Bunların da qiymətləri ucuz və keyfiyyətsizdir. Yerli məhsul olan ayaqqabı dərisini tikmək çətin olur, çünki bu dərilər aşılanmır, qalın olur». K.Babayev deyir ki, yerli xammaldan hazırlanan ayaqqabılar Bakıda yox, sadəcə rayonlarda yaxşı satılır, çünki bu ayaqqabıların keyfiyyəti aşağ olsa da, qiyməti digərlərindən çox ucuzdur.
Çin ayaqqabıları bazarı necə “ayaqladı”?
Yerli məhsulların keyfiyyətsizliyi, Türkiyə məhsullarının baha qiymətə olması və İran xammalı ilə hazırlanan ayaqqabıların zamanla güvən itirməsi nəticəsində bazarda yaranan boşluğu Çin məhsulları tutur. Təqribən 7-8 il əvvəldən etibarən bazar Çin mallarının nəzarətinə keçib: «Çin məhsulu ayaqqabılar ucuz başa gəlib, ucuz hazırlandığı üçün bazara asanlıqla daxil oldu. Bununla da ayaqqabı sexlərinin bazarı “öldü”. Yerli istehsal olan ayaqqabıların bazar qiyməti 15-20 manatadırsa Çindən gələn məhsulların qiyməti 10-15 manat arası dəyişir. Bəzi hallarda hətta eyni model Azərbaycan və Çin ayaqqabılarının qiyməti eyni, məsələn 20 manata olsa da, Çin məhsullarının görünüşü yaxşı olduğu üçün hamına ona üstünlük verir.
Bu vəziyyət yerli ayaqqabı sexlərini olduqca çətin duruma salır və sexlərin böyük hissəsi bağlanıb. K.Babayev də məhz həmin vaxt sexini bağlamalı olub.
Müsahibimizin sözlərinə görə, ölkədə ayaqqabı istehsalın çökdürən Çin məhsullarına devalvasiya da təsir etməyib. Dolların qalxması ilə qiymətlər yerli istehsalla eyniləşsə də hamı Çin məhsullarına üstünlük verir. Məsələn devalvasiyadan əvvəl yerli məhsullar 10-12 manat idi. Devalvasiya nəticəsində bu qiymət 15-20 manata qədər yüksəldi. Çin məhsulları isə isə devalvasiyadan əvvəl 8-10, devalvasiyadan sonra isə bi qiymət 15-18 manata qədər yüksəldi. Hətta bir ara bəzi yerli məhsullarla eyni qiymətə satılmağa başladı. Amma hər bir halda Çin məhsullarının gözəgəlimliyi ilə yerli xammaldan hazırlanmış keyfiyyətsiz məhsulları hər bir halda üstələyir.
«Çin işğalı»nın fəsadları: sexlər bağlanır...
K.Babayev deyir ki, Azərbaycan məhsulları Türkiyə və İran xammalından hazırlanan ayaqqabılarla müqayisə çox ucuzdur. Türkiyə xammalından hazırlanan ayaqqabılar 70-100 manat arası, İran məhsulları 25-30 manata, Azərbaycan ayaqqabıları isə 12-15 manata qədər olur.
Müsahibimiz deyir ki, qadın və uşaq ayaqqabıları bazarında bir problem yoxdur. Çünki qadın və uşaq ayaqqabıları Azərbaycanda tikilmir, xaricdən idxal olunur.
Digər ayaqqabı sexinin sahibi olan Nemət Sadıqov da bazarın Çin məhsulları tərəfindən tutulduğunu bildirir: «Hazıkı dönəmdə də bazara çin istehsalı, gözəgəlimli, keyfiyyətçi qismən üstün və ucuz məhsullar «ağalıq» edir». Onun sözlərinə görə, sex istehsalı olan ayaqqabı məhsullarının nağd şəkildə yox, nisyə satılması bazara mənfi yöndə təsir edən amillərdəndir. Maraqlıdır ki, N.Sadıqov da «bazarın Çin işğalı» səbəbilə sexini bağlayıb.
Çin ayaqqabıları yerli bazarı necə “ayaqladı” – SEXLƏR BAĞLANIR
11:15
23 Fev 2018