İnsanlar niyə ünsiyyət qura bilmir? Məşhur Cey Salivan (Jay Sullivan) "Sadə dillə desək" ("Simply Said") kitabında bu suala ətraflı cavab verir.
Jurnalistikadan PR sahəsinə keçəndə bu kitabı mənə bir dostumuz tövsiyə etmişdi. Düşündüm ki, FED.AZ vasitəsilə təəssüratlarımı bölüşüm.
Salivan düşünür ki, insanlar yalnız özləri barədə danışmaq istəyir. Bu isə doğru deyil və ünsiyyətin qurulmasında ən böyük əngəldir. İstəyirsiniz ki, sizi eşitsinlər? O zaman qulaq asmağı bacarın!
Ünsiyyət bacarığınızı təkmilləşdirmək xüsusilə (iştirakçıların sayından asılı olmayaraq) auditoriya qarşısında çıxış edənlər üçün vacibdir. Məhz bu cür məqamlarda sizə qəfil cavabını bilmədiyiniz sual ünvanlana bilər. Əvvəla bir şeyi özünüz üçün yəqinləşdirin: bir insan sizə sual ünvanlayanda, o, sizə mövzuya dair öz baxışını, mövqeyini, hətta özü haqda informasiya verir.
Bəs sizə cavabını bilmədəyiniz sual ünvanlanarsa?
Etiraf edək ki, bu, hamımızın qorxduğu bir vəziyyətdir. Bu cür vəziyyətə düşməmək üçün öncədən nə etmək lazımdır? Cey Salivan deyir ki, heç nə! Heç cəhd belə etməyin! Təbii ki, ilk növbədə çıxışa olduqca yaxşı hazırlaşmaq lazımdır. Üstəlik, bir neçə fənddən istifadə edərək siz sual atəşinə tutulan zaman özünüzü daha güvənli hiss edə bilərsiniz. Suallara cavab verən zaman bu dörd addımı nəzərinizdə saxlayın:
1. Suala diqqətlə və sonadək qulaq asın;
2. Düşünmək üçün vaxt udun;
3. Cavab verin, üstəlik, fikirlərinizi əsaslandırın;
4. Növbəti sualı vermək təklifini edin.
Hər bir mərhələdə mütləq göz təmasını qoruyun! Bundan başqa, bədən dili ilə ünsiyyətə açıqlığınızı və maraqlı olduğunuz göstərin. Hər bir addımı ayrı-ayrılıqda nəzərdən keçirək.
SUALA DİQQƏTLƏ VƏ SONADƏK QULAQ ASIN
Razılaşın ki, suala diqqətlə qulaq asmasanız, ona düzgün cavab vermək ehtimalı azalır. Bəzən qulaq asan zaman hansısa "möcüzəvi söz"dən sonra bizə elə gəlir ki, sualı artıq eşitdik və avtomatik olaraq beynimizdə cavabı formalaşdırmağa başlayırıq. Halbuki, sual hələ bitməyib. Bu isə olduqca yanlış praktikadır. Bir çox hallarda sual fərqli məcraya yönəlir və biz cavab zamanı hərəfdən yayınırıq. Ola bilər ki, sizin cavabınız gözəl olsun, lakin bu da sizin dadınıza çatmayacaq. Buna görə, Salivan tövsiyə edir ki, suala diqqətlə və sonadək qulaq asın.
DÜŞÜNMƏK ÜÇÜN VAXT UDUN
Unutmayın ki, insan danışdığından 10 dəfə sürətli düşünə bilir. Bu o deməkdir ki, əgər siz sualın ardınca və cavabınızdan əvvəl bir neçə söz desəniz, olduqca keyfiyyətli və tutarlı bir cavab üçün kifayət qədər vaxt qazanacaqsınız. Düşünmək üçün vaxt udmağın 2 əsas tenxikası var. Bayaq dediyimiz kimi, hər bir mərhələdə göz təması mütləq şəkildə qorunmalıdır. Lakin göz təmasını qoruyaraq düşünmək olduqca çətindir. Sizə sadəcə iki üsuldan istifadə etmək gərəkdir:
1. Sualı təkrar edin və ya fərqli sözlərlə ifadə edin;
2. Giriş ifadəsinə müraciət edin.
Birinci üsulun ən böyük üstünlüyü ondadır ki, siz göz təmasını qoruya bilirsiniz. İkinci üsul ilk baxışdan aydın olmasa da, olduqca sadə və effektivdir. Məsələn, sualın ardınca siz "çox gözəl sualdır", "maraqlı fikirdir", "bu sualı verməyinizə çox sevindim" kimi ifadələrdən istifadə edərək düşünmək üçün vaxt udmaqla yanaşı, çox pozitiv bir mühit yaradırsınız. Monoton, qeyri-səmimi sözlərdən qaçın. Buna görə, sizin arsenalınızda bir neçə variant olmalıdır.
Bir şeyi də dəqiq bilin ki, hər sualdan sonra düşünmək üçün vaxt udmaq uğurlu fikir deyil. Bəs bu üsuldan nə vaxt istifadə etmək lazımdır? Bəzən suallara birbaşa cavab vermək zərurəti yaranır. Məsələn, "hücum" kateqoriyasına daxil olan suallara məhz bu cür cavab vermək mütləqdir.
"Hücum" kateqoriyasına daxil olan sual: "Mənə elə gəlir ki, bu üsulla siz sadəcə müştərilərinizin cibinə girirsiniz?"
Birbaşa cavab: "Qətiyyən elə deyil. Bu təklif müştərilərimiz üçün əlavə dəyər deməkdir".
Bu halda vaxt udaraq suala cavab verməyimiz olduqca uğursuz olardı və sizin avtoritetinizə mənfi təsir edərdi.
"Hücum" kateqoriyasına daxil olan sual: "Mənə elə gəlir ki, bu üsulla siz sadəcə müştərilərinizin cibinə girirsiniz?"
Uğursuz cavab: "Biz müştərilərimizi aldadırıq? Maraqlı sualınız üçün təşəkkür edirəm. Gəlin bir neçə dəqiqəmizi sərf edək və suala birlikdə cavab tapaq".
CAVAB VERİN, ÜSTƏLİK, FİKİRLƏRİNİZİ ƏSASLANDIRIN
Və nəhayət suala cavab vermək vaxtı çatır. Qısa cavab verməyə çalışın. İnanın ki, cavabınızla auditoriyanı heyran qoymaq üçün bir neçə qısa cümlə kifayət edir. Əgər ehtiyac varsa, mütləq şəkildə fikrinizi əsaslandırın. Əgər sual verən insan qərar qəbul edən əsas fiqurdursa, daha dolğun informasiyanın lazım olub-olmadığını soruşa bələrsiniz. Əgər söhbət sıradan bir şəxsən gedirsə, maksimum lakonik cavab verin və növbəti suala keçin.
NÖVBƏTİ SUALI VERMƏK TƏKLİFİNİ EDİN
Böyük bir çıxışdan (təqdimatdan) sonra sualları cavablandırarkən siz həm sual verən şəxsin, hər də digərlərinin qarşısında məsuliyyət daşıyrsınız. Əgər bir şəxs sual verdisə, sözsüz ki, o da digər iştirakçıların diqqətini cəlb edib. Buna görə, sualı cavablandıran zaman auditoriyadakı digər, xüsusilə həmsöhbətinizə baxan şəxslərə mütləq nəzər salın. Cavabın sonunda əlinizlə işarə edərək sual verin: "Başqa sualınızı da məmnuniyyətlə cavablandırmağa hazıram". Başqa şəxsə baxaraq sualın cavablandırılması ondan xəbər verir ki, siz informasiyanızı nəinki bir neçə nəfərlə bölüşürsünüz, hətta qrup şəklində müzakirələrə də açıqsınız. Lakin əgər siz yalnız sizə sual verən şəxsə müraciət etsəniz, o əlavə sual vermək məbcuriyyətini hiss edəcək. Həmin sual isə bir çox hallarda uğursuz olur...
İlkin Əhmədov
PR menecer
Cavabını bilmədiyimiz suala nə cavab verək? - DÖRD ÜSUL
11:47
19 Noy 2018