Pərviz Əsədov: "Akademiya oxuyan rəssamların hamısı eyni rəndədən çıxır"
Çərçivə içərisində işləməyi sevmir. Məhz buna görə sənədlərini Rəssamlıq Akademiyasına verməyib. Deyir, ali məktəb oxuyan rəssamların hamısı eyni rəndədədn çıxır. Rəssamlığını təsdiqləyən sənədə, diploma ehtiyac görmür. Düşünür ki, əsərləri onun bacardığının göstəricisidir.
Müsahibim rəssam Pərviz Əsədovdur. Bir müddət Amerikada yaşasa da, Kanadaya köçüb. Burada uğur qazanacağına inanır və uğura gedən yolda çox çalışmalı olduğunu düşünür. Hətta bütün Kanadanın onun müştərisi ola biləcəyini deyir... Necə? Bu barədə müsahibədə danışmışıq...
Eləcə də bax: Kanadada yaşamaq və işləmək istəyənlərin - NƏZƏRİNƏ
Eləcə də bax: Kanadada yaşamaq və işləmək istəyənlərin - NƏZƏRİNƏ
- Pərviz, necə oldu, rəssamlığa marağınız yarandı?
- Ata tərəfimdə istedad var, atam, əmim, əmim uşaqları yaxşı rəsmlər çəkir. Amma heç kim professional səviyyədə rəssamlıqla məşğul olmayıb. Doğrusu, bu işə həvəskar olaraq başlayanda bu qədər səs-səda doğuracağını düşünməmişdim.
Orta məktəbdə rəsm dərnəyinə gedirdim. Ümumiyyətlə, məktəb vaxtımdan çəkdiyim rəsmlərlə həmişə seçilirdim. Liseylərarası, məktəblərarası rəsm yarışmalarında bir neçə dəfə respublika birincisi olmuşam. Universitet dövründə, demək olar, rəsm çəkmədim. Universitetdən sonra əsgərlik həyatımda təsadüfən komandirlərdən biri rəssamlıq qabiliyyətimin olduğunu bildi və hərbi hissənin binalarında bütün köhnə rəsmləri sildirib yenilərini çəkdirdilər. Hərbi xidmətdən sonra yenə 2013-cü ilə qədər durğunluq oldu. Amma rəssamlığa olan həvəsim məni sakit dayanmağa qoymadı və kətan üzərində yağlı boyayla işləməyə, daha sonra sərgilərə qatılmağa başladım...
Fotonu çəkdi: İsmayıl Məmmədov |
- Əgər rəssamlığa həvəsiniz və istedadınız var idisə, niyə sənədlərinizi Rəssamlıq Akademiyasına deyil, Texniki Universitetə verdiniz?
- Liseydə oxuyanda ingilis dilimiz çox yaxşı olsa da, sənədlərini tərcüməçilik fakültəsinə verən uşaqlar var idi. Onlara deyirdim ki, bu dili bildiyin halda, niyə 4 il təkrar oxuyursuz. Düşünürəm ki, şəkil çəkməyi bilirəmsə, niyə təkrar oxumalıyam. Məktəb yalnız mənim rəssam olduğumu təsdiqləyən kağız verəcək, buna ehtiyacım yoxdur, rəsmlərim onsuz da rəssam olduğumu təsdiqləyr. Buna görə də mühəndis oldum.
Bundan başqa, düşüncələrimi həvəskar olaraq kətan, dəri üzərinə tökmək istəyirəm. Məncə, universitet, akademiya oxuyan rəssamların hamısı eyni rəndədən çıxır. Mən isə çərçivəyə girmək istəmədim. Məsələn, sənə deyirlər ki, adamın başını dördbucaq şəklində çəkmək olmaz. Amma dünya rəssamlığı məktəbində belə çərçivələr yoxdur.
Eləcə də bax: Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib
Eləcə də bax: Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib
- Üzərində tük olan dəridə rəsmlər çəkmək istəyiniz də çərçivəyə sığmadığınızdan xəbər verir... Dünyada heç kim üzərinin tükü təmizlənməmiş dəri üzərində rəsmlər çəkməyib. İdeya ağlınıza haradan gəldi?
- Düşündüm ki, hamı kətan üzərində çəkir və fərqlilik lazımdır. 2013-cü ildə məxmər üzərində çəkməyə başladım, amma istədiyim effekti almadım. Daha sonra dəri üzərində çəkməyə qərar verdim. İlk olaraq evimizdəki hədiyyəlik ceyran dərisinin üzərində sınaq keçirdim, alındı. Amma dəri tapmaqda çətinlik çəkməyə başladım. Atamla bərabər dəri aşılamaq istədik, uğursuz alındı. İki aya yaxın aşılanma prosesinin sonunda dəri qart çıxdı. Məcburən baha qiymətə dəri almağa başladım. Sonra İrandan sifariş verdim, daha sonra Azərbaycandan Türkiyəyə dəri ixrac edən zavod tapdım, anlaşdıq. 2014-cü ildən Azərbaycanda dəri üzərində rəsmlərimlə sərgilərə çıxdım.
Fotonu çəkdi: İsmayıl Məmmədov |
- Tüklü və tüksüz dəri üzərində rəsm çəkməyin fərqi nədədir?
- Adi kağızda, kətanda, tüksüz dəridə əvvəlcə karandaşla, kömürlə eskiz çəkmək imkanın var. Amma tük üzərində eskiz çəkmək mümkün deyil.
- Yəni birinci əldən nə çəkdinsə odur...
- Bəli. Dəridə səhv etmək şansın sıfıra yaxındır. Səhv edə bilərsən, amma çəkdiyini silmək çox zaman alır və sildiyin hiss edilə bilər. Çünki rəng tükün dibinə oturur, onu silib çıxarmaq üçün bir çox maddələrdən istifadə etmək lazımdır. Bu da əzab-əziyyətdir. Bir sözlə, tüklü dəri üzərində çox diqqətli işləməlisən.
Eramızdan əvvəl dəri üzərində çəkilmiş rəsmlərin, yazıların əsrləri keçərək günümüzə qədər gəlib çatması göstərir ki, bu əziyyətə dəyər. Çünki dəri və tük xarab olmayan materialdır və sənin əsərlərin əsrlər keçsə də, qalır.
"İçimdəki aslan" |
- Dəri üzərində nə qədər təcrübə keçəndən sonra işinizi ictimaiyyətə təqdim etməyə qərar verdiniz?
- İki il emalatxanamda təcrübə keçdim, hansı boyanın necə silindiyini, hansının tükün üzərindən daha yaxşı çəkildiyini və s. sirləri öyrəndim. Sonra dəri üzərində rəsmlərimi ictimaiyyətə təqdim etdim.
- Heyvan dərisi üzərində rəsmlər çəkdiyinizə görə heyvansevərlərin qınağına tuş gəlmədiniz ki?
- Bəli, Amerikada heyvansevərlərin qınağına tuş gəldim. Əslində heyvanlar seriyası olaraq dəri üzərində çəkdiklərimin məqsədi "Təbiəti, heyvanları qoruyaq" mesajnı vermək idi. Mən inək dərisindən istifadə edirəm. İnək də insanlar tərəfindən istehlak edilən heyvandır, nəticədə dərilər ya çanta, ya ayaqqabı və s. istehsalında işlədilir. Mən də bunu yaradıcılığımda istifadə edirəm.
"Əsin müqaviləsi" |
- Deyəsən, realist əsərlər çəkməyi sevmirsiniz...
- Başqa rəssamların realist əsərlərini görəndə buna böyük əmək sərf edildiyini anlayıram. Realist əsərləri sevsəm də, çəkmirəm. Düşünürəm ki, bu cür əsərləri fotoaparatın köməkliyilə də çəkib divardan asmaq olar. Mən rəssamın düşüncələrini, hiss etdiklərni, daxilindəkiləri göstərmək istəyirəm. Pablo Pikassonu, Salvador Dalini sevirəm. Bunlar fərqli çəkirdilər, dünyaya fərqli baxırdılar.
Mövzu olaraq hər mövzuya toxunuram, amma cərəyan, tərz olaraq realizmdən uzaq abstrakt, kubizm üslubunda çəkirəm. Məsələn, Xocalı soyqırımında güllə-baran olmuş yerlər çəkmək əvəzinə, bir qərənfil, bir mərmi çəkməklə istədiyini çatdıra bilirsən. Yaxud Xocalıya aid "Təcavüz" adlı abstrakt rəsmimdə qadının gözləri vəhşi bir qurdun gözləridir, yanaqlarından süzülən qırmızı rəng onun qan ağladığıını göstərir. Ağzını isə çəkib, sonradan silmişəm. Bu, o deməkdir ki, Xocalı hadisəsi olub, amma bu fəryad dünyaya çatdırılmayıb. Yaxud "Gülümsə" adlı rəsmimi sinəsindəki xərçəngdən vəfat edən anama ithaf etmişəm. Normalda bu rəsmlərdə realizm yoxdur, amma reallığı göstərir.
"Gülümsə" |
- Pərviz, maraqlıdır, Azərbaycandaykən "çörək pulunuzu" rəsmlərinizdən çıxardırdınız?
- Xeyr, xarici şirkətlərdən birində mühəndis kimi çalışırdım. 14 gün dənizdə, 14 gün evdə olduğumdan, rəsmlər çəkməyə, sərgilərə qatılmağa zamanım qalırdı.
- Hansı xarici ölkələrdə sərgiləriniz olub?
- Türkiyədə dəfələrlə sərgilərim olub. Hələ də iki rəsmimi üzvü olduğum dərnıklər, cəmiyyətlər, mən olmasam belə, müxtəlif şəhərlərdə sərgiləyirlər. Bundan başqa, özüm getməsəm də, beynəlxalq səviyyədə keçirilən onlayn yarışmalara qatılmışam. Amerikanın Kaliforniya ştatında sərgilərim olub. Rusiyada rəsmlərim sərgilərdə tamaşaçılara təqdim edilib.
- Bir il Amerikada yaşamısınız. Orada yaradıcı sahəlrələ bağlı vəziyyət necədir?
- Amerikanlar mənə daha çox milliyyətçi təsiri bağışladılar. Getdiyim bir çox qalereyalarda ilk işləri məndən kaliforniyalı olub olmadığımı soruşmaq idi. Yox cavabı alanda, deyirdilər, "heç olmasa, amerikalısan". Buna da "yox" cavabı verəndə "sorry" (təəssüflər olsun), cavabını alırdım. Bir çox qalereyada bu cür halla rastlaşdım.
- Sizcə, Kanada yaradıcı adamlar üçün əlverişlidir? Avropada rəsmə, əl işlərinə, ümumiyyətlə, yaradıcılığa dəyər verilir, orada rəsmləri kifayət qədər yaxşı pula satmaq olur. Bəs Kanadada necə?
- Buna bir misalla cavab verə bilərəm. Bir kişinin iki oğlu olur. Hərəsinə 100 dənə papaq verib birini şimala, o birini cənuba göndərir. Şimala gedən oğluna məktub yazıb vəziyyətin necə olduğunu soruşur. O da vəziyyətin yaxşı olduğunu, papaqların ara-sıra satıldığını deyir. Cənubdakı oğlu isə yazır ki, havalar isti keçdiyindən gedəndən bir dənə də papaq sata bilməyib. Atası cənubdakına cavab yazır ki, "bilirsənmi, oradakı bütün adamlar sənin müştərindir. Çünki onlar papağın nə olduğunu bilmirlər. Onlara əvvəl papağın nə olduğunu öyrətməlisən, sonra alacaqlar".
Burada da rəssamlar var. Amma Kanadada belə bir qayda var ki, rəssam hansısa dükana, qalareyaya lisenziya verir. Bu lisenziya ilə qalereya həmin rəssamın rəsminin 100 nüsxədə üzünü çıxarıb sata bilər. Sadəcə, rəssam imza atır ki, bu rəsm ona məxsusdur. Onu çap edib satırlar. Orijinalını 2 min dolların üzərində satsa da, üzü köçürülmüşü qalereyaya 500 dollara satır. Burada bazarda çap mədəniyyəti var. Yaxud adi fotonu çap edib çərçivəyə salır, o formada satırlar. Azərbaycanda, yaxud Avropada belə şey görməmişik. Burada seçim olduğundan çox adam ucuzunu alır. Amma rəsmdən anlayışı olanlar, sənəti sevənlər təbii ki, şəklin orijinalına üstünlük verirlər. Sadəcə, reklam üzərində çalışmaq, tanınmaq lazımdır. Ondan sonra bütün Kanada sənin müştərin ola bilər... Amma bu işlər gələn kimi olmur, təbii ki...
Fotonu çəkdi: İsmayıl Məmmədov |
- Cəmi iki aydır Kanadaya gəlmisiniz, yaradıcılığınız yönündə işlərə başlamısınız, ya hələ araşdırmalar aparır, bazarı öyrənirsiniz? Ümumiyyətlə, özünüzü Kanada cəmiyyətinə nə zaman təqdim etməyi düşünürünüz?
- Doğrusu, hazırda rəssam kimi özümü cəmiyyətə təqdim etməyə hazır bilmirəm. Çünki yeni gəlmişəm, hələ oturuşmamışam. Bir şeylər hazırlayıb, sonra önə çıxmaq istəyirəm. Kətan üzərində çəkməyi düşünürəm. Dəri, kətandan 4-5 dəfə baha olduğundan bu işi ancaq sifarişlə görəcəm.
Kanada üçün çəkəcəyim rəsmlərin seriyası beynimdədir, təxminən 30 rəsmlik bir seriya düzəldib sərgi keçirməyi planlaşdırıram. Əgər davamlı işləsəm, 20-30 rəsmi çəkmək 6-8 ayımı alacaq.
Fotonu çəkdi: İsmayıl Məmmədov |
- Bir rəsmi çəkmək, günlər, bəzən aylar alır, gecəni yatmayıb çəkdiyininz vaxtlar da olur. Bəs satarkən heyifsilənmirsiniz? Yoxsa satış prosesi sizin üçün sıradan bir haldır?
- Çox istəyərdim ki, imzam olan rəsmlər yığılıb məndə qalmasın. Fərqli yerlərdə, ofislərdə, evlərdə, yaxud muzeylərdə olsun. Məndən çıxanda əslində bununla qürurlanır, fəxr edirəm ki, dəyərini bilən insana getdi. Bilirəm ki, onu alan qoruyacaq. Beləliklə, mənim beynimin, zəhmətimin bəhrəsi, düşüncələrim müxtəlif yerlərdə insanların zövqünü oxşayacaq.
Lalə MUSAQIZI