Ölkədə bazar araşdırılması və tələb-təklif meyari təhlil edilmədən yaradılan müəssisələr az deyil. Ona görə də açılan iri müəsisələrin 1-2 ildən sonra bağlanması xəbəri gəlir. FED.az xəbər verir ki, son 2 ildə ölkədə 10 xalça müəssisəsi fəaliyyətə başlayıb, 2018-2019-cu illərdə daha 20 müəssisənin yaradılması istiqamətində fəal investisiya qoyuluşlarına start verilib.
Amma rəsmi statistika bu sahə ilə bağlı maraqlı rəqəmlər ortaya qoyub. Məsələn, məlum olur ki, 2005-ci ildə ölkədə 630 min kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, 2017-ci ildə 1100-dən çox azalaraq cəmi 564 kvadratmetrə enib.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, problem 12 il ərzində xalça və xalça məmulatlarının istehsalının 1000 dəfədən də çox azalmasında deyil. Statistikanın informasiyalarından aydın olur ki, 2017-ci ildə 564 kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, müəssisələrin anbarlarnda 1223 kvadratmetr hazır xalça və xalça məmulatları yığılıb qalıb. İlin əvvəlinə qabaqkı illərin istehsalı hesabına 801 kvadratmetr anbar ehtiyatı yığılıb və 2017-ci il ərzində hazır məhsulların anbar ehtiyatı 422 kvadratmetr artıb. Bu o deməkdir ki, 2017-ci ildə istehsal olunan 564 kvadratmetr xalça və xalça məmulatlarının cəmi 142 kvadratmetri və ya 25%-i satılıb, qalanı anbarlara gedib.
Düzdür, 2016-cı ilə nisbətən xalça və xalça məmulatlarının istehsalı 2.8 dəfə artıb. Amma öz növbəsində anbara yığılan mallar da 50% çoxalıb. Nəticədə bu məhsulun genişlənməsi bazar kanalları deyil, anbar hesabına baş verib.
Ümid edək ki, yaxın illərdə bazar problemi həll olunacaq və 30 müəssisənin açılmasına qoyulan sərmayə səmərəsiz xərcləməyə çevrilməyəcək.
Ən maraqlı sual budur: sahənin perspektivi ilə bağlı iqitsadi qiymətləndirmə keyfiyyətli SWOT analiz varmı ortada, 12 ildə xalça istehsalının 1000 dəfədən çox azalmasnının səbəbləri dərindən araşdırılıbmı?
Əgər araşdırmalar olmasa, bu problemin düzgün həlli də mümkün olmayacaq. Üstəlik, Azərbaycanın xalça məmulatlarının idxal etməkdə davam etdiyini də nəzərə alsaq, xalçaların niyə satəlmaması da sual doğurur.
Bu suala cavab tapmayan müəssisələr işləyə bilmir: "Kim üçün? Nə üçün? Necə?"
16:37
22 Yan 2018