Biznes və sosial məsuliyyət anlayışlarının kəsişdiyi sahələrdən biri də sosial sahibkarlıqdır. Artıq 20 ilə yaxındır ki, bütün dünyada sosial sahibkarlıq hər bir cəmiyyətin ayrılmaz hissəsidir.
Müxtəlif sahələrdə çalışaraq 15 ildən artıq təcrübə qazanan Lana Lovaşiç sosial sahibkarlıq sahəsində məsləhətçi, sahibkar və nüfuzlu investor kimi fəaliyyət göstərir.
Lana Lovaşiç bir neçə sosial müəssisənin direktoru və həmtəsisçisi, o cümlədən "Impact Hub Johannesburg"un həmtəsisçisidir. Onun əsas müştərilərinə Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, "British Council", YBI, "Social Enterprise UK", "Plan International", "Group SOS", "ACT Grupa", Finlandiya Hökuməti, Flandriya Hökuməti, Cənubi Afrika hökuməti, Avropa İttifaqı və digərləri daxildir.
Hazırda Lana Lovaşiç “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi üçün konsultant olaraq çalışır və aprel ayında işi çərçivəsində Bakıya səfər edib.
Səfəri zamanı Lana Lovaşiç dövlət orqanları, o cümlədən bir sıra sosial sahibkarlarla ölkədə sosial sahibkarlığın inkişafı, ölkənin ekosisteminin bu yeniliyə uyğunlaşdırılması ilə bağlı müzakirələr aparıb, ölkəmizdə sosial sahibkarlıqla bağlı araşdırmanı təqdim edib.
Sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir. Layihə - vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarını gücləndirmək və vətəndaş cəmiyyətinin dayanıqlı inkişafda effektiv şəkildə iştirakı üçün müvafiq şərait və imkanlar yaratmaq məqsədi daşıyır.
Layihənin komponentlərindən biri sosial sahibkarlığın inkişafına yönəlib. Bu komponent üzrə layihə, əlverişli sosial sahibkarlıq ekosistemi üçün tədqiqat və siyasətlərin işlənib hazırlanmasını dəstəkləyir, o cümlədən şəbəkələşmə, startap, sosial biznesin inkişafı və innovasiyalar istiqamətində imkanlar təqdim edir.
FED.az Lana Lovaşiçlə olan müsahibəni təqdim edir.
- Gəlin, əvvəlcə dəqiqləşdirək, sosial sahibkarlıq nədir?
- Sosial sahibkarlığın nə olduğunu müxtəlif cür izah etmək olar – amma ümumi bir yanaşma var. Bu ondan ibarətdir ki, sosial sahibkarlıq - müxtəlif müəssisələrin sosial və ya ətraf mühitlə əlaqədar layihələrin həyata keçirilməsi üçün müəyyən gəlir mənbəyi əldə etməsidir. Fərdi yoxdur, bu fəaliyyət ticarət və ya istehsal ola bilər. Amma istəniən halda əldə edilən vəsait sosial və ətraf mühitlə əlaqədar problemlərin həllinə yönəlir. Ölkələrdən asılı olaraq bunun formaları müxtəlifdir və fərqləri var.
- Müxtəlif ölkələrdə sosial sahibkarlığa yanaşma necə fərqlənir? Məsələn, siz Afrikada da işləmisiniz. Afrikadakı sosial sahibkarlıqla Avropa və digər ölkələrdəkinin fərqi nədir?
- Əlbəttə, fərqli ölkələrdə sosial sahibkarlıq anlayışı və ona yanaşma da dəyişir. Bu həmin ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən, sosial-iqtisadi tarixindən və ölkədəki normativ hüquqi bazanın vəziyyətindən, bu sahəni necə tənzimləməsindən asılıdır.
Məsələn, Avropa İttifaqı sosial biznes üçün daha çox sosial yönümlü yanaşma istifadə edir. Yəni Avropa qanunvericiliyinə əsasən kommersiya fəaliyyətinin böyük hissəsi hədəf götürülən sosial missiyanın həyata keçirilməsinə yönəlməlidir. Amma Şimali Amerika və başqa bir sıra digər ölkələrdə daha çox biznes komponenti üstünlük təşkil edir, çünki ekosistem özü daha çox biznes yönümlüdür. Daha gənc ölkələrdə də kommersiya maraqları daha üstün olur. Bütün bunlar, yenə də dediyim kimi, ölkələrin sosial-iqtisadi inkişafı və təcrübəsindən irəli gəlir.
- Bəs Azərbaycanda sosial sahibkarlığı necə görürsünüz? Bizdə bu proses necə qurulub və ya qurulmalıdır?
- Biz Azərbaycanda sosial müəssisələrin yaradılması və inkişafı ilə əlaqədar kiçik bir araşdırma aparmışıq. Düşünürdük ki, burada 25-ə yaxın sosial müəssisə var, amma araşdırma zamanı 40-a yaxın sosial müəssisənin fəaliyyət göstərdiyini aşkarladıq, çox güman ki, onların sayı daha da çoxdur. Sadəcə onların bəziləri ilə təmaslar o qədər də yoxdur və aparılan araşdırma nəticəsində biz onların vəziyyətini inkişafını başa düşməyə çalışdıq.
Biz burada çalışırıq ki, yerli müəssisələri xarici təcrübə ilə tanış edək, ölkədə sosial sahibkarlıq siyasətini formalaşdıraq. Amma vacib şərtlərdən biri odur ki, biz digər ölkələrin təcrübəsini olduğu kimi köçürə bilmərik. Ölkələr fərqlidir və xarici təcrübədən istifadə edəndə ölkənin inkişafı, hüquqi normaları nəzərə alınmalı və uyğun siyasət formalaşdırılmalıdır.
- Azərbaycanda sosial bizneslər hansı işlə məşğuldurlar?
- Sorğudan əldə edilən məlumata görə, sosial müəssisələrin əksəriyyəti kifayət qədər mikromüəssisələr kimi fəaliyyət göstərir, dövriyyələri ildə 100 min manata qədərdir, yəni əksəriyyəti gənc, təzə qurulan təşkilatlardır. Buna baxmayaraq kifayət qədər uğur hekayəsi yazanlar da var. Belələri, məsələn yerli təamlardan istifadə etməklə şokolad istehsal edir və ya corab istehsal edən müəssisələr var və sair. Hətta mətbəxdə istifadə olunan yağın təkrar emalı ilə məşğul olan sosial müəssisələr var.
- Azərbaycanda sosial sahibkarlığın vəziyyəti başqa ölkələrdəkindən necə fərqlənir?
- Mən seminar zamanı bir neçə ölkənin təcrübəsinə istinad etdim. Məsələn, Türkiyədə aparılan araşdırmada ölkədə 9 minə yaxın sosial müəssisənin fəaliyyət göstərdiyi aşkar edilib, onların öz şəbəkəsi və bir-birilə təmasları da var. Amma onların da əksəriyyəti gənc, bir müddət əvvəl yaradılan sosial müəssisələrdir və dövriyyələri bir o qədər də yüksək deyil. Odur ki, Azərbaycanda sosial müəssisələrin sayının az olmasına baxmayaraq deyə bilərik ki, sizdə də sosial sahibkarlıq dünyadakı tendensiya ilə inkişaf edir.
Daha bir məsələ – fərqlər çox olsa da, kifayət qədər oxşar cəhətlər də var. Bunlardan biri odur ki, əksər sosial müəssisələrin işlə təmin etdiyi qruplar – qadınlar, gənclər, həmçinin təcrid olunmuş icmaların nümayəndələridir. Bu da sosial müəssisələrin ən böyük üstünlüklərindən biridir.
- Lana xanım, biz bu otaqda 4 nəfərik və üçümüz yerli vətəndaşıq və Bakıda yaşayırıq. Bakıdan çıxmadan necə sosial müəssisə yarada bilərik? Bizə hansı məsələhəti verə bilərsiniz? Bu, oxucularımıza sosial sahibkarlığın nə olduğunu daha yaxşı anlatmağa kömək edə bilər.
- Düşününəm ki, sosial müəssisə yaratmaq istəyən şəxslər ilk növbədə birbaşa bu işlə məşğul olan insanlarla danışmalıdır. Dünyada sosial sahibkarlığın geniş yayılan istiqamətləri var ki, onlardan istifadə etmək, Azərbaycanda tətbiq etmək olar, amma mütləq yerli konteksti və yerli mühiti bilmək lazımdır. Bu işlə məşğul olan insanların təcrübələrini, üzləşdikləri çətinlikləri və maneələri başa düşmək lazımdır. Siz Məhəmməd Yunusun (iqtisadiyyat üzrə Nobel mükafatı laureatı – sosial sahibkarlıq mövzusunda) adını çəkdiniz – Hindistanda, Asiyada, Afrikada, fərqli ölkələrdə fərqli nümunələr var. Odur ki, müəyyən bir ideyası olan və onun reallaşmasına inanan insan digərlərinin təcrübələrini öyrənməlidir. Bu da işə başlamazdan əvvəl müəyyən tədqiqatın və araşdırmanın aparılmasını aparılmasını tələb edir.
- Ölkə qanunvericiliyi sosial sahibkarlığa nə qədər ciddi təsir edir?
- Əlbəttə, ölkələrdə mövcud olan qanunvericilik də böyük rol oynayır. Çünki hazırda Azərbaycanda MMC yaratmaq QHT təsis etməkdən daha rahat prosesdir. Odur ki, qərar verməlisən - sən MMC açmaq istəyirsən, yoxsa QHT təsis etmək. Ola bilər ki, böyük şəhərlərdə, məsələn Bakıda bir MMC açıb onu işlətmək daha rahat ola bilər. Bu barədə qərar verəndə də indiyədək bu sahədə işləyənlərin təcrübəsini öyrənmək yaxşı olar.
Bundan başqa, bir çox sosial müəssisələrin qarşılaşdığı problem – maliyyə vəsaitlərinə çıxışın olmamasıdır. Ona görə də işə başlamazdan əvvəl maliyyənin haradan əldə olunacağını da düşünməlisiniz. Sonra isə təlimlərin keçirilməsi və potensialın artırılması da önəmli məsələlədir. Məsələn, əgər mən Azərbaycanda sosial müəssisə açmalı olsam, KOBİA-nın marketinq kurslarına qatılmalıyam, çünki marketinq kurslarında bazarda özümü təqdim etmək, yəni sosial müəssisənin məhsullarını satmaq üçün müəyyən biliklər və ideyalar toplaya bilərəm.
Digər çox vacib şərt odur ki, sosial müəssisənin fəaliyyətində mühüm bir tarazlığı qorumaq lazımdır.
- Söhbət hansı məsələdən gedir?
- Yəni əgər biz sırf kommersiya müəssisəsi haqqında danışırıqsa, onun əsas vəzifəsi gəlir əldə etmək və inkişaf etməkdir. Sosial müəssisə isə bir tərəfdən gəlir əldə etməli, digər tərəfdən isə seçdiyi, həyata keçirdiyi, amal naminə işləməli, sosial sahədə fəaliyyət göstərməlidir.
Ona görə də bu məsələlərdə tarazlığın qorunması burada gücün, səylərin hansı istiqamətdə yönəldilməsi, hər bir sosial müəssisənin və sosial sahibkarın öz seçimindən asılıdır. Yəni mən diqqətimin hansı hissəsini biznesə və sosial sahibkarlığa yönəldirəm.
Məsələn, mən özüm hazırda Xorvatiyada sosial müəsissə yaradıram. Bunun üçün əvvəllər belə işlə məşğul olan şəxslərlə görüşüb müzakirələr apardım, onların təcrübəsini öyrəndim və sonra işə başladım.
- Sizin Xorvatiyadakı sosial müəssisə nə ilə məşğuldur?
- Hazırda Xorvatiyadakı müəssisəm qurulmaqdadır, əsas maraq dairəm sırf iqlim dəyişikliyi ilə bağlıdır. Lakin uzun müddət Cənubi Afrikada məsləhətçi kimi çalışmışam və orada birincisi, sosial müəssisələrin maliyyələşdirilməsi üçün bir fond yaratmışdım. İkincisi, damüstü kənd təsərrüfatı sahələrinin, bağçaların yaradılması kimi sosial sahəmiz oldu. Təəssüf ki, ölkənin ekosistemi bu layihəyə hazır deyildi və təchizat zəncirində müəyyən çətinliklər oldu deyə bu ideyanı tam inkişaf etdirə bilmədim. Lakin hazırda bu ideyanı davam etdirən bir müəssisə var və o, bizim biznesi alıb kifayət qədər uğurla inkişaf etdirir. Xorvatiyada isə əsas planım iqlim dəyişikliyi ilə əlaqədar sosial müəssisəni yaratmaqdır.
- Yunus Məhəmməd deyirdi ki, pulun varsa xoşbəxt olursan, amm pulunla başqalarına pul qazanmağa, özünü reallaşdırmağa imkan yaradırsansa, bu ikiqat xoşbəxtlikdir. Tutaq ki, Azərbaycanda ənənəvi bir biznesin sahibi öz biznesini sosial sahibkarlığa çevirmək istəyir, ən azı öz biznesinə bir sosial element qatmaq. Bunu necə edə bilər?
- Bilirsiniz, ümumiyyətlə, sosial biznes, yaxud da sosial məsuliyyət fərqli məfhumlardır. Yəni (1) bəzi şirkətlər var ki, ənənəvi kommersiya şirkətidir, lakin onlar məsələn, korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Digər şirkətlər (2) isə daha çox inklüzivdir, yəni əhalinin müxtəlif təbəqələrdən olan qruplarını əhatə edir. Bəzi hallarda görürsən ki, hətta kiçik bir müəssisədir, belə deyək, maşınları təmir edən bir müəssisədir, lakin onun müəyyən sosial elementləri var. Həmçinin (3) bəzi müəssisələr var ki, onların məqsədi, amalı sırf (onlara adətən sosial müəssisələr deyirlər) sosial layihələrin həyata keçirilməsidir. Bundan başqa, (4) qeyri-hökumət təşkilatları da adətən əldə etdikləri qrantlarla müəyyən sosial layihələr keçirirlər.
Məsələ ondadır ki, quruluş formasından asılı olmayaraq, bu şirkət və təşkilatların hər biri müəyyən sosial təsirə malikdir və bəzi hallarda da onların arasındakı o sərhəd dəqiq deyil. Yəni üst-üstə düşən amillər çoxdur.
Məsələn, Amerika Birləşmiş Ştatlarında milyardlarla dollar aktivləri olan «Patoqoniya» şirkəti var, onlar adətən idman və idman yönümlü geyimlər hazırlayır, istehsal edir. Eyni zamanda «Patoqoniya» böyük bir korporasiyanın tərkibindədir və onlar korporasiya olaraq, həm də ətraf mühitlə əlaqəli işlər görür, həmçinin çirklənmənin qarşısının alınması, həm də öz işçilərinə qarşı müəyyən imtiyazlar tətbiq edirlər. Odur ki, bəziləri üçün «Patoqoniya» sırf kommersiya şirkətidir, bəziləri də iddia edə bilər ki, «Patoqoniya» ətraf mühitlə bağlı işlərinə görə sosial müəssisə kimi fəaliyyət göstərir.
Ümumiyyətlə isə qeyd edim ki, istənilən bir təşkilat və şirkət üçün sosial məsuliyyət və ya sosial yönümlülük - öz işçilərindən başlayır. Yəni işçilərinə qarşı davranıışın nədir, ödədiyin maaş onların ehtiyaclarını nə dərəcədə qarşılayır.
İstənilən sosial fəaliyyətdə bir 3P yanaşması var, onu nəzərdən qaçırmaq olmaz.
- 3 P yanaşması nə deməkdir?
- Bu – insanların və şirkətlərin öz hədəflərini sıralamasıdır. Burada ətraf mühit, insanlar və biznes dayanır. 3P - yəni people (insanlar), planet (planet və ya ətraf mühit), profit (gəlir, qazanc). Yəni insanlar, yer kürəsi – planetimiz və gəlir. Yəni sən bir sahibkar və ya biznes olaraq bunların tarazlığını necə qoruyursan.
Əməkdaşlara münasibətdən danışdıq, buraya ətraf mühitə qayğı da əlavə olunur. Bu qayğı müxtəlif cür ola bilər. Məsələn, sən istehsal zamanı ortaya çıxan məhsulları yenidən emala göndərirsənsə, bu da sosial işdir. Əməkdaşların sosial təminatı, onların tibbi xidmətlərə çıxışını asanlaşdırırsansa, bu da həmçinin. Belə deyək, sosial yönümlü olmağın bir hüdudu yoxdur və istənilən şəxs yaradıcı yanaşmayla müəyyən sosial sahəyə, sosial istiqamətə öz təsirini göstərə bilər.
Bunun maraqlı formaları da var, məsələn, bir sıra şirkətlərdə baş icraçı direktor vəzifəsində çalışanların maaşlarına bir limit qoyulur. Yəni nəzərdə tutulur ki, şirkət rəhbərinin məvacibi aşağı səviyyədə işləyən əməkdaşın məvacibindən beş qatdan çox olmamalıdır. Yəni bax, belə bir məhdudiyyətlər və limitlər tətbiq edilir. İlk baxışdan qəribə görünə bilər, amma bu da sosial fəaliyyətdir.
Vacib şərt odur ki, sən gördüyün işlə bərabər, həmçinin ətraf mühiti və səninlə bərabər işləyən əməkdaşları da düşünəsən, yaşadığın icmanın vəziyyətini, yaşadığın icmanın daha əhatəli olmasını, inklüziv olmasını düşünəsən. Özü də təcrübə göstərir ki, sosial yönümlü olmaq, ətrafımızı nəzərə almaq, insanları nəzərə almaq nəticə etibarilə biznesin daha uğurlu olmasına, daha müvəffəqiyyətli olmasına xidmət edir.
- Müşahidələr göstərir ki, bu sahədə təbliğat və şirkətlərə tələblər də güclənir.
- Doğrudan da, əvvəllər – 10-20 il əvvəl təşkilat və şirkətlər üçün sosial yönümlülük və ya sosial məsuliyyət məcburi deyildi. Yəni olması məqbul hesab olunurdu, amma məcburi deyildi. İndi isə bildiyimiz kimi bu ciddi bir tələbdir. Hazırda ətraf mühitə atılan qazlarla bağlı qlobal səviyyədə qəbul olunan qanunlar və razılaşmalar var. Məşğulluq, əmək, ümumilikdə insan hüquqları ilə əlaqədar kifayət qədər dəqiq, sərt tələblər var ki, onlar bizneslərin daha da sağlam olmasına təkan verir və bu tələblər getdikcə artır.
Əlavə olaraq, mən bir daha inanıram ki, əgər sən cəmiyyətinin, icmanın, ətraf mühitin qayğısına qalırsansa, bu, səni daha uğurlu edir və insanlar, o cümlədən müştərilər sənə getdikcə daha sadiq olur və bu proses özü sənin ümumilikdə, daha uğurlu olmağına gətirib çıxarır.
- Bəs Azərbaycanın qanunvericiliyi sosial sahibkarlığa imkan yaradırmı, daha dəqiq desək, bu sahəni nə dərəcədə dəstəkləyir? Sosial sahibkarlığı inkişaf etdirmək üçün qanunvericilikdə nə dəyişməlidir?
- Azərbaycanda sosial müəssisələr və ya sosial sahibkarlıqla əlaqədar qanunvericilikdə müəyyən müddəalar var, lakin onlar əsasən, əlilliyi olan şəxsləri əhatə edir (yəni qanunvericilikdə əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə bağlı müddəalar var).
Yəni qanunvvericilikdə müəyyən müddəaların olması yaxşıdır, lakin onların tətbiqi və əhatə dairəsi kifayət qədər dardır və beləliklə, düşünürəm ki, biz müəyyən mənada bu ekosistemin münbit olması üçün müəyyən işlər görməliyik. Bu istiqamətdə beynəlxalq səviyyədə müxtəlif təcrübələr var. O təcrübənin tətbiqi üçün düzgün proses aparılmalıdır. Biz də hazırda o prosesi həyata keçiririk və düşünürük ki, sosial sahibkarlıq üçün daha münbit ekosistem yaradılacaq.
Xaricdən bir mütəxəssis olaraq gəlib nəyi isə təlqin etmək asandır, lakin sən yerli mühiti bilmirsən və yaxud dövlət qurumunda çalışıb sosial sahibkarlıq haqqında “hər şeyi bilirəm” demək də kifayət qədər iddialıdır. Biz düşünürük ki, bu daha çox iştirakçısı olan əhatəli bir proses olmalıdır, sosial sahibkarların fikirləri, onların üzləşdiyi çətinliklər, ehtiyacları dəqiq öyrənilməlidir ki, nəticə etibarilə ortaya çıxan sənədlər, tövsiyələr daha dolğun və faydalı olsun. Digər tərəfdən, vacib şərtlərdən biri məlumatlılığın və bu sahədə biliklərin artırılmasıdır. Üçüncü vacib istiqamət isə sosial sahibklarlıq üçün maliyyə vəsaitlərinə çıxış imkanlarının daha çox olmasıdır. Burada həm maliyyə imkanlarını təmin etmək, eyni zamanda, müəyyən təlimlərin, təhsilin, eləcə də mentorluğun həyata keçirilməsi çox vacibdir. Daha dəqiq desək, biz hazırda layihə çərçivəsində bir sıra tədbirlər həyata keçiririk, yəni bir tərəfdən sorğu aparılıb, sosial sahibkarlıq haqqında mövcud vəziyyət öyrənilib, digər tərəfdən isə müəyyən seminarlar təşkil olunur. Düşünürəm ki, bu prosesin nəticəsində biz sosial sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq üçün daha konkret bir sıra tövsiyələrimizi təqdim edə biləcəyik.
- Dediniz ki, bizim qanunvericilikdə belə məsələlər əlilliyi olan şəxslərlə məhdudlaşır, sizcə bu başqa hansı qrupları da əhatə etməlidir?
- Beləliklə, birinci sualınıza cavab olaraq qeyd edim ki, hazırda Azərbaycanda qanunvericilik bəli, əlilliyi olan şəxsləri nəzərdə tutur, lakin sosial müəssisə, sosial sahibkarlıq deyəndə bu, ümumiyyətlə, sosial missiyası olan və yaxud da ətraf mühitin qorunması ilə əlaqədar missiyası olan istənilən kommersiya şirkətini əhatə etməlidir. Azərbaycan qanunvericiliyi isə sırf əlilliyi olan şəxslərin məşğulluğu ilə əlaqədar tələb qoymaqla yalnız əlilliyi olan şəxslərin məşğulluğuna dəstək olur. Burada sosial sahibkarlıq məfhumunu tam əhatə edən bir müddəa yoxdur. Odur ki, qanunvericiliyin bu baxımdan sosial sahibkarlıq yönümlü təkmilləşdirilməsini istəyərdim.
- Sizcə, sosial biznes vergidən azad olunmalıdırmı, ya hansısa vergi güzəşti olmalıdırmı?
- Sosial sahibkarlığı dəstəkləmək üçün müxtəlif alətlər ola bilər. Düşünürəm ki, layihə çərçivəsində biz vergi imtiyazlarının olmasını da tövsiyə edəcəyik. Bundan başqa, daha bir dəstək kimi dövlət satınalmalarında sırf sosial sahibkarlıqla məşğul olan şirkətlərin iştirak etməsi ola bilər. Bir daha qeyd edim ki, alətlər çeşidi kifayət qədər genişdir. Bu layihədə vacib şərt odur ki, biz yerli mühiti öyrənərək Azərbaycana uyğun sosial sahibkarlığın düzgün tərifini tapmalıyıq. Bunu etdikdən sonra buraya digər qrupları da əlavə etmək olar.
Lakin indidən çox önə qaçmayım, bizim əsas vəzifəmiz odur ki, bütün maraqlı tərəflərin iştirakı ilə sosial sahibkarlığın tərifini və ondan irəli gələn tövsiyələri müəyyən edək. Ola bilər ki, hökumət tərəfindən sosial sahibkarlıqla məşğul olanlara əlavə dəstək verilsin, məsələn belə şirkətlərə sertifikat verilsin və sair. Hazırda biz çalışırıq və prosesin sonunda müvafiq tövsiyələrimizi təqdim edəcəyik.
- Sosial sahibkarlıq bizim cəmiyyət üçün doğrudan da yeni mövzudur. Bəlkə də bəziləri hansısa formada bununla məşğuldur, amma onun sosial sahibkarlıq olduğundan xəbərsizdir. Təşəkkür eləyirik sizə, sıx qrafikinizdə müsahibəyə vaxt ayırdığınıza görə.