Bu gün ölkənin aparıcı ictimai və biznez birliliklərindən olan Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) yaradılmasının 21 ili tamam olur. Bu münasibətlə ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov ATİB üzvlərinə, tərəfdaşlarına və əməkdaşlara təşəkkür məktubu ünvanlayıb.
Əziz ATİB üzvləri, hörmətli tərəfdaşlar!
Bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təsis olunmasından 21 il ötür.
ATİB nizamnaməsindən irəli gələn öhdəliklərin icrası zamanı hər zaman həm iki qardaş ölkə arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinə, həm də dövlətlərimiz və xalqlarımız üçün mühüm əhəmiyyət kəsb edən aktual məsələlərin həllinə töhfə verməyə səy göstərmişdir.
Ötən il ərzində sıralarımızı genişləndirmək və birliyimizi gücləndirməklə yanaşı dövlət və qeyri-hökumət sektorundan tərəfdaşlarımızla birgə üzvlərimizi ölkə qanunvericiliyində baş vermiş dəyişikliklərlə barədə məlumatlandırdıq. Bu zaman həm dövlət-özəl dialoquna vasitəçilik edərək dövlət qurumları ilə, həm də digər ictimai birliklərlə əməkdaşlığımızı inkişaf etdirdik.
ATİB-in nəzdində fəaliyyət göstərən İşgüzar Qadınlar Klubunun fəaliyyətinə dəstək verərək qadınlarımızın gücünə güc qatdıq.
Bütövlükdə cəmiyyəti narahat edən ictimai əhəmiyyətli problemlərin həlli, həssas qruplardan olan və təbii fəlakətlər nəticəsində zərər çəkmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası, ətraf mühit və ekosistemin tamlığının qorunması və s. sahələrdə sosial məsuliyyətimizdən yaranan öhdəlikləri icra etdik.
Qardaş Türkiyə Respublikasının ölkəmizdəki Səfirliyi, eləcə də Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəliyi ilə əməkdaşlığımızı davam etdirərək dövlətlərimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin inkişafına vəsilə olmağa çalışdıq.
Dəyərli həmkarlar!
Bu günədək həyata keçirdiyimiz tədbirlər ATİB ailəsi olaraq hədəflədiyimiz və iqtidarında olduğumuz fəaliyyətlərin az bir hissəsidir.
Ümid edirəm və inanıram ki, növbəti ildə ATİB üzvlərinin, əməkdaşlıq etdiyimiz dövlət qurumlarının və tərəfdaşlarımızın dəstək və iştirakı ilə daha səmərəli fəaliyyət göstərəcək, “Bir millət, İki dövlət”-in iş adamları birliyi olaraq ölkələrimizin və xalqlarımızın rifahı naminə daha çox işlər görəcək, böyük uğurlara imza atacağıq.
Hər birinizə Azərbaycan-Türkiyə İş Adamları Birliyinə qatdığınız dəyərə, verdiyiniz maddi və mənəvi dəstəyə görə təşəkkür edirəm!
Mürsəl Rüstəmov
İdarə Heyətinin sədri
FED.az redaksiyası olaraq, ATİB komandasının hər bir üzvünü təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.